Modern.az

Yaz sessiyası deputatların yadında nələrlə qaldı...

Yaz sessiyası deputatların yadında nələrlə qaldı...

7 İyun 2021, 16:24

Ötən həftə Milli Məclisin yaz sessiyası yekunlaşdı. Artıq sabahdan etibarən parlament qalan məsələlərin müzakirəsi üçün növbədənkənar sessiyaya toplaşacaq.

Bəs yaz sessiyası deputatlaerın yadında hansı məqamlarla qaldı?


Modern.az b
u sualla deputatlara müraciət edib:


Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev:


“2021-ci ilin yaz sessiyasında Konstitusiyaya uyğun olaraq iş planında nəzərdə tutulmuş qanun yaradıcılığı müvəffəqiyyətlə həyata keçirilib. Sessiyada 14 iclas keçirilib, iclaslarda 88 qanun və bir konstitusiya aktı qəbul olunub. Müəyyən qanunlara əlavə və dəyişikliklərin edilməsi, bir qanunun digərinə uyğunlaşmasına, qanunların təkminləşməsinə onların hüquqi bazasının möhkəmlənməsinə hesablanıb.


Yaz sessiyasında Nazirlər Kabinetinin 2021-ci ilə aid hesabatı, Hesablanma Palatasının hesabatı, İnsan hüquqları üzrə müvəkkilin – Ombudusmanın məruzələri dinlənilib. Əlaqələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanının birlik məruzəsi dinlənilib və qəbul olunub. Milli Məclisin deputatları yeni abzaslarda ictimaiyyəti maraqlandıran, insanları narahat edən problemləri gündəmə gətiriblər. Həmin məsələlərin icrası ilə əlaqədar və müvafiq orqanlar qarşısında müəyyən məsələlər qaldırıblar. Pandemiyanın hökm sürdüyü bir vaxtda deputatlar öz fəaliyyətlərini Milli Məclisin iş planına uyğun olaraq həyata keçiriblər. Qanunların müzakirəsi zamanı fəallıq göstəriblər. İş planında nəzərdə tutulan qanun layihələri müzakirəyə çıxarılıb, təsdiq olunub.


Müəyyən qanunlar var ki, onların hazırlanması, gələcəkdə müzakirə olunması gündəmdədir. Bu qanunlar müvafiq orqanlar tərəfindən ekspertizaya verilib, təhlillər aparılır. Yaz sessiyası müddətində parlamentin sədri Sahibə xanım Qafarova başda olmaqla deputatlar bir çox xarici ölkələrə səfər ediblər. Həmin səfərlərdə Azərbaycanın milli mənafeyinin qorunması ilə bağlı səmərəli fəaliyyət göstəriblər. Bu haqda da Milli Məclisin komitə iclaslarında, plenar iclaslarında ictimaiyyətə geniş məlumatlar verilmişdi. Parlament üzvləri ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətlərini bildirmək, dövlətin milli maraqlarını qorumaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından səmərəli fəaliyyət göstəriblər. Həm yerli mətbuat orqanlarında, həm də xarici informasiya şəbəkələrində daimi olaraq müəyyən məsələlərlə əlaqədar öz fikirlərini, təkliflərini bildiriblər.


Milli Məclisin yaz sessiyasının uğurla keçməsi prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi baxımından əhəmiyyət daşıdı”.


Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov:

“Parlamentin hər bir sessiyası özünəməxsus əhəmiyyətə malikdir. Bizim budəfəki sessiyamız xüsusiilə  əlamətdar idi. Çünki biz artıq ərazi bütövlüyünü bərpa etmiş dövlətin parlamenti olaraq, qanunlar qəbul etdik, qərarlara dəstək verdik. Üç oxunuşda Şuşanın qoruq kimi Azərbaycanın dəyərli tarixi şəhəri olaraq qorunmasını haqqında qanunu da sessiyada qəbul etdik. Bir il bundan öncə azərbaycanlı olaraq, bu haqda yalnız təsəvvür edə bilərdik. Qələbəyə görə Azərbaycan xalqı, Azərbaycan ordusu və onun Ali Baş Komandanına minnətdarıq. Bu qanunu o imzalayacaq. Yaz sessiyasının ən əlamətdar hadisəsi Şuşa haqqında qanunun qəbulu idi.


Bu sessiyada beynəlxalq təşkilatlarla, xarici ölkələrlə yüksək səviyyədə əlaqələr quraraq, münasibətlərimizi konkret ortaya qoyduq. Dostla dost, düşmənlə düşmən kimi fəaliyyətimizi davam etdirdik. Parlamentin sədri bir neçə vacib səfər etdi. Beynəlxalq səviyyədə, Avropa Şurası, Avropa parlamenti simasında fikirlərimizi dedik, haqqımızı müdafiə etdik. Bizə qarşı da ittiham səsləndirənlər, qələbəmizə kölgə salmağa çalışanlar oldu. Amma artıq qarşılarında başqa, daha güclü bir Azərbaycan var. 

Ümid edirəm ki, üzümüzə gələn sessiyada da daha vacib, əhəmiyyətli sənədlər qəbul ediləcək”.


Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov:

“Milli Məclisin yaz sessiyasındakı fəaliyyətini çox müsbət dəyərləndirirəm. Çünki Milli Məclis ölkədə baş verən proseslərin nəinki yanında, hətta önündə gedir. Parlament bu sessiya vaxtı da cənab prezidentin apardığı siyasəti tam dəstəklədi. Yəqin ki, gələcək dövr ərzində də bu davamlı olacaq. Çünki prezidentimiz ölkəmizi inkişafa aparan yolu tutub. Milli Məclis də bu yola uyğun fəaliyyətini həyata keçirir.


Yaz sessiyasında bir sıra vacib qanunlar, o cümlədən Qarabağda həyata keçiriləcək alternativ enerji layihələri ilə bağlı qanun müzakirə və qəbul edildi. Bu, xüsusi əhəmiyyət daşıyan məqam idi.


Eyni zamanda, Milli məclisin deputatlarının  ayrıca fəaliyyətini də qeyd etmək lazımdır. Onlar həm müharibə, həm də sonrakı dövrdə Azərbaycan ictimaiyyətinin müxtəlif sahələr üzrə məlumatlandırılmasında mühüm rol oynadılar. Milli Məclis üzvləri pandemiya şərtləri daxilində onlayn tədbirlər, konfranslar, iclaslar və təkbətək görüşlər fonunda öz funksiyalarını yerinə yetirdilər. Bütün bunları nəzərə alaraq, parlamentin hərtərəfli  fəaliyyətinə yüksək dəyər vermək olar”.


İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı:

“Milli Məclisin yaz sessiyası qarşıya qoyduğu məqsədləri uğurla yerinə yetirdi. Çoxsaylı qanunları qəbul etdi. Qanunlar içərisində əsasən iqtisadi, sosial xarakter daşıyan düzəliş və dəyişikliklər önəmli idi. Bu da təsadüfi deyil. Çünki ölkənin iqtisadiyyatını daha da gücləndirmək, əhalinin sosial durumunu daim inkişafı etdirmək vacibdir. Xüsusilə nəzərə almalıyıq ki, pandemiya dövründə bütün dünyada olduğu kimi Azərbaycanın özündə də sosial-iqtisadi problemlər yaşandı. Zamanın və reallığın diktə etdiyi şərtlərə görə, Azərbaycan dövlətinin həyata keçirmiş olduğu qabaqlayıcı tədbirlərə və itkilərə yol verməmək üçün atdığı addımlara qanunvericilik dəstəyi olmalı idi. Ona görə, Milli Məclisin bu sahədə fəaliyyəti də aktiv və səmərəli oldu.


Bir sıra qanunların müzakirəsi ilə bərabər təsadüfi deyil ki, bəziləri yarımçıq qaldığına görə növbədənkənar sessiyanın fəaliyyətə başlaması üçün təşəbbüslə çıxış etdik. Növbədənkənar sessiyada Milli Məclis nəzərdə tutulan qanunların qəbulunda kifayət qədər məsuliyyətli davranacaq və məhsuldar işləyəcək. Parlament ölkəmizin, dövlətimizin qanunvericilik bazasının möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.


Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa:

“Milli Məclisin pandemiya dövründə sessiyalarının intensiv keçirməsi və ölkə əhəmiyyətli bütün məsələlərin tez-tez müzakirə olunması çox vacibdir. Hesab edirəm ki, bu kimi məsələlərdə parlamentin qəbul etdiyi qanunlar, xüsusilə Şuşa ilə bağlı qanun tarixi əhəmiyyət daşıyan hadisədir. Eyni zamanda, büdcəyə yenidən baxılması, dürüstləşməsi haqqında müzakirələrin aparılması və gündəmə aid olan məsələlərin aktiv müzakirəsi Milli Məclisin əslində fəaliyyətinin nə qədər canlı olduğunu göstərir. Ümid edək ki, bu kimi məsələlərdə daha geniş imkanlar olacaq.


Pandemiya ilə bağlı daha rahat fəaliyyət göstərməyə imkan yaranacağına ümid edirəm. Milli Məclis potensialının müəyyən hissəsini istifadə edə bilmir. Çünki deputatlar öz yerlərində otura bilmirlər, məsafə saxlamalı olurlar. Davamlı dezinfeksiya tədbiri aparılır. Bəzi hallarda onlayn müzakirə aparılmasına ehtiyac yaranır. Hətta şərtlərdə belə Milli Məclisin belə fəaliyyəti təqdirəlayiqdir.


Xarici əlaqələrdə də Milli Məclis aktiv rol alır. Spikerin Rusiya, İtaliya, Pakistan səfərləri, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, TÜRKPA-nın  tədbirlərində aktiv iştirakı göstərir ki, Milli Məclisin keyfiyyətli fəaliyyətində xeyli müsbət dəyişikliklər var. Sadəcə şərtlər elədir ki, bunun geniş işıqlandırılması və cəmiyyətin bu prosesdə aktiv iştirakını təmin etmək olmur. Ümid edək ki, pandemiya dövründə bu fəaliyyət daha qabarıq özünü göstərə biləcək”.


Deputat Sabir Rüstəmxanlı:

“Yola saldığımız sessiya Milli Məclisin çox məhsuldar sessiyalarından biri oldu. Bir çox qanunlar qəbul olundu, dəyişiklik edildi. Mən bu sessiyadan çox razı qaldım. Növbədənkənar sessiyada əlavə olunmuş vaxtda da başqa qanunlar qəbul ediləcəyi gözləniləndir. Ölkənin iqtisadi-siyasi həyatı, vətəndaşların vəziyyəti, sağlamlığı və pandemiya şəraitinin diktə etdiyi tələblərlə bağlı ciddi qanunlar qəbul olundu, əlavələr edildi, beynəlxalq konvensiyalar təsdiqləndi. Azərbaycana qarşı olan hücumlara cavab verdik. Hər bir halda Milli Məclis qanunvericilik funksiyasını bu sessiyada da yerinə yetirdi”.


Deputat Razi Nurullayev:

“Parlamentin yaz sessiyası başa çatdı və xeyli qanun layihələri qəbul edildi. Onlarla qanun layihələrinə dəyişiklik edildi. Ciddi müzakirələr keçirildi, önəmli məsələlər deputatlar tərəfindən qaldırıldı. Sessiyanı tam olaraq qənaətbəxş və uğurlu hesab edirəm. Çünki deputatların xeyli hissəsi fəallıq göstərib, hökumət qarşısında məsələləri qaldırıblar, müzakirələrdə fəal iştirak ediblər. Yaz sessiyasını başa vursaq da, işimiz bitməyib. Növbədənkənar sessiyasının keçirilməsi üçün imzatoplama kampaniyası yerinə yetirilib və sabah parlamentin iclası gözlənilir. Çünki yarımçıq qalan bir çox qanun layihələri var və dövlət büdcəsinin icrasıyla bağlı sənəd ikinci oxunuşdan keçib, üçüncü oxunuş olacaq.


Əhalinin parlamentdən gözləntisi böyükdür, insanlarımızın fikri ilə götürsək, onlar parlamentin fəaliyyətini qənaətbəxş hesab etmir. İnsanlar hesab edir ki, parlament uşaqpulu ilə bağlı qanun layihəsini, pensiya yaşının azaldılması, pensiyanın artırılması, əlilliyin təyin edilməsi və s. Kimi sənədlər qəbul etməlidir. Düşünürəm ki, bəzən seçicilərimiz parlamentin fəaliyyətini düzgün qiymətləndirmirlər. Elə bilirlər ki, parlament bütün problemləri həll edə bilər, amma həll etmək istəmir, belə bir baxış var.
Sosial, siyasi, iqtisadi sahələrdə qanun layihələrinin qəbul edilməsi ilə bağlı çağırışları, gözləntiləri qəbul edirəm, qüsurumuz varsa, onu da qəbul edirəm. Ümumilikdə Azərbaycan əhalisinin kütləvi olaraq hamısı parlamentə türk səsi kimi baxırlar.


İnsanlar düşünür ki, parlamentin üzvü onun yaxşı yaşaması üçün köməklik edə, işlə təmin edə, bütün problemlərinin həll olunması üçün çağırış edə bilər və s. Milli Məclisin deputatının səlahiyyəti kifayət qədərdir. Sual verilir ki, nəyə görə nazirlərin qəbuluna siz gedirsiniz? Onlar sizin qəbulunuza gəlməlidir. Bu düzgün fikirdir. Çünki deputat səlahiyyətlərinə görə nazirdən də üstündür. Deputatın büdcəsi, zavodu, fabriki yoxdur. Deputatın verdiyi sorğu yerinə yetirilə də bilər, yetirilməyə də. Biz rica olaraq nazirlərə, dövlət qurumlarına göndəririk. Deputat nazirdən bütün kateqoriyalara görə asılı vəziyyətdədir. Deputat gedib nazirdən xahiş edə bilməz ki, kimisə işə götür, zavodun açılmasına kömək et. Bütün resurslar həm maddi cəhətdən, həm də material baxımından nazirlərin əlindədir. Deputat isə işinin keçməsi ,seçicisinin yanında başı uca olması üçün xoşu gəlməyən bir nazirə belə gedib, tərif yağdırmalı, xahiş etməlidir. Bu Azərbaycanın siyasi reallığının doğurduğu acı nəticədir. Deputatlar daha hörmətli şəkildə cəmiyyətə təqdim olunmalıdır. Ona xahiş et, bunun qabağında əyil, birinin qarşısında ikiqat ol ki, bir seçicinin problemi həll olunacaq. Bu hallar deputatların statusunda onları hörmətdən salan və ictimaiyyətdə deputatları hədəfə çevirən məsələlərdən biridir”.


Deputat Fatma Yıldırım:

“Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar və səmərəli oldu. Millət vəkilləri bu dövrdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub.


Parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil edib. Sahibə xanım Qafarovanın uğurlu rəhbərliyi ilə  parlament başa vurduğumuz yaz sessiyasında  öz vəzifələrinin öhdəsindən layiqincə gəlib. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul olunub. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər edilib. Milli Məclisin yaz sessiyası çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması, bir sıra xarici səfərlərin reallaşması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqləyir.


Bu dövrdə təmsil olunduğum Elm və təhsil komitəsi Bəxtiyar müəllimin başçılığı ilə çox səmərəli fəaliyyət göstərib, vacib qanun layihələri müzakirə edərək parlamentin plenar iclasına tövsiyə edib. Eləcə də bəzi qanunlarla bağlı ictimai müzakirələr təşkil olunub. Komitəmiz çox mühüm sahələrlə əlaqədar qanunvericilik aktlarının hazırlanması və müzakirəsi ilə məşğul olur. Məlumdur ki,  elm və təhsil hər bir dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz İlham Əliyev ölkəmizdə elm və təhsilin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə təhsilimizin maddi-texniki bazasının gücləndirilməsi, dünya təhsilinə inteqrasiyası istiqamətində sistemli addımlar atılır. Gənc nəslin yüksək biliklərə sahib olması, vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və s. addımlar bu qəbildəndir. Əlbəttə ki, bu prosesdə Milli  Məclis və onun Elm və təhsil komitəsi də özünün  töhfələrini verib. Qeyd etmək istəyirəm ki, biz yaz sessiyası ərzində bir neçə dəfə “Ali təhsil haqqında” qanun layihəsini müzakirə etmişik. Belə bir qanun sosial sifarişdir və cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bütövlükdə isə, yas sessiyası ərzində komitəmiz tərəfindən çoxlu sayda qanun layihələri geniş müzakirə edilib. Bütün bunlar yaz sessiyası ərzində komitəmizin uğurlu fəaliyyətini təsdiqləyən məqamlardır.


Yaz sessiyasında önəmli olan məqamlardan biri Nazirlər Kabinetinin, Ombudsmanın, Hesablama Palatasının, Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın hesabatlarının, əvvəlki ilin dövlət büdcəsi müzakirəsi oldu. Biz  qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçicilərimizlə sıx təmasda olduq, onlarla davamlı görüşlər keçirdik, vətəndaşları narahat edən məsələlər plenar iclaslarda qaldırıldı, aidiyyəti orqanların diqqətinə çatdırıldı. Biz bundan sonra da qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağıq”.


Aysel Aslan
Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi