Modern.az

İstirahətə getmək istəyənlər - bölgələrdə qiymətlər bahalaşıb

İstirahətə getmək istəyənlər - bölgələrdə qiymətlər bahalaşıb

Mədəni̇yyət

12 İyun 2021, 10:45

Bir ildən çoxdur ki, dünyanı cənginə olan koronavirus pandemiyası həyatımızın bütün sahələrinə mənfi təsir göstərib. Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizmdir.

 

Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, ötən ilin mart ayından başlayaraq bu sahə ciddi tənəzzülə uğrayıb.

 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə pandemiya dövründə Azərbaycanın turizm sahəsinin son durumundan Modern.az-a danışıb. 

 

O, qiymətlərin aşağı enməsi üçün yeni otellərin tikilməli olduğunu qeyd edib:

 

“Ölkə üzrə turizm qiymətləri ötən illərlə müqayisədə stabildir. Düzdü, müəyyən fərqlənmə var. Qeyd edə bilərəm ki, müəyyən turizm regionlarında bahalaşma, bəzilərində isə ucuzlaşma müşahidə olunur. 

 

Yəni elə regionlar var ki, 2019-cu ilə nisbətdə qiymətlər artıb, digər regionlarda isə azalıb. Bakıdakı otellərdə qiymətlər 2019-cu ilə nisbətdə aşağı enib. Bunun səbəbi isə Bakı otellərinin gəlmə turizmdən asılı olmasıdır.

 

Sözsüz ki, yeni otellər açıldığı zaman rəqabət artır və nəticədə qiymətlər aşağı enir. Azərbaycanda həm bahalı, həm də orta və azbüdcəli otellərin tikilməsinə ehtiyac var”. 

 

K.Quluzadə bildirib ki, pandemiyanın turizm sahəsinə vurduğu ziyan dünya üzrə 2023-cü ildən aradan qalxmağa başlayacaq:

 

“Qiymətlər region və xidmətlər üzrə fərqlənir. Turizm sahəsində tariflə qoyulan hansısa qiymət yoxdur. Qiymətlər bazar iqtisadiyyatı qanunu ilə tənzimlənir.

 

Turizmin pandemiyandan sonra özünü doğrultması dünya üzrə 2023-dən başlıyacaq. 2025-ci ildə isə normal vəziyyətə dönəcəyi gözlənilir. 

 

Qeyd edim ki, Dövlət Turizm Agentliyi tərəfindən insanların səfər edəcəkləri turizm bölgələrinin qiymətləri ilə öncədən tanış olmaları üçün bir platforma yaradılıb”.

 

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir