Modern.az

Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR

Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR

17 İyun 2021, 18:47

Qusarda dünya şöhrətli cərrah-ortoped, akademik Qavriil Abramoviç İlizarovun 100 illik yubileyi qeyd edilib. Əslən Qusardan olan İlizarov dünya təbabətində ortopediya sahəsində  sözün əsl mənasında  inqilab edib. Yaratdığı tibbi avadanlıqla travmatologiya  sahəsində çalışan tibb işçilərinin çox böyük köməyinə çatıb. Əvvəlcə anım mərasimi haqda. Qusar şəhərinin Qavril İlizarov və Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin  adını daşıyan "Oki" klinikasının qarşısında Qavriil  İlizarovun  "İlizarov aparatı"nın simvolik abidəsinin açılışı baş tutub. Açılış mərasimində Qusar İH başçısı Şair Alxasov, İsrailin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Corc Dik, Milli Məclisin üzvü Anatoli Rafailov, yəhudi icmasının və rayon ictimaiyyətinin nümayəndələri və "Oki" klinikasının tibb heyəti, akademikin tələbələri iştirak edib. Çıxışlarda dünya şöhrətli akademikin tibb sahəsində öz ixtiraları ilə yenilik etməsindən ətraflı danışılıb, onunla bağlı xatirələr söylənilib.

 

Yəhidi millətindən olan Qavriil İlizarov 15 iyun 1921-ci ildə Qusar şəhərində doğulub. Orta məktəbi də Qusar şəhərində bitirib. Ortopediya sahəsində ilklərə imza atıb. Qusar şəhərindəki "Oki" klinikasının direktoru Malik Kərimov əvvəlcə "İlizarov aparatı"na Qusarda abidə qoyulmasına münasibət bildirib. Onun sözlərinə görə, klinika Qusar şəhərində Qavriil İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində yerləşir: "İyunun 15-də İlizarovun 100 yaşı tamam oldu. Biz həmkarları və Kurqanda ondan dərs almış tələbələri qərara aldıq ki, akademikin 100 illiyinə bir abidə ucaldaq. Hazırda Azərbaycanda Qavril İlizarovun 16 tələbəsi çalışır. Onlar Gəncədə, Şirvanda, Bakıda və Qusarda işləyirlər. Biz birgə fond yaratdıq və köməkləşib  bu abidənin hazırlanmasına start verdik."

 

Malik Kərimov məlumat verdi ki, dünya şöhrətli cərrah-ortoped İlizarov ümummilli lider Heydər Əliyevin sevdiyi və qiymətləndirdiyi şəxslərdən olub. 1985-ci ildə rəhmətlik Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləyərkən Kurqan vlayətində İlizarovun çalışdığı Elmi-Tədqiqat Ortopediya və Travmatolgiya Klinikasında da olub, onunla görüşüb, müalicə etdiyi xəstələrin vəziyyəti ilə maraqlanıb. Anım mərasimində İlizarovun 100 illik yubileyi qeyd edilməklə yanaşı, Azərbaycanın dahi  şəxsiyyəti Heydər Əliyevin nurlu xatirəsi də dərin hörmətlə yad edilib, onun tibb sahəsindəki yenilikləri qiymətləndirmək bacarığı xüsusi vurğulanıb.

 

Qavriil İlizarovun sonuncu dəfə Qusara 1987-ci ildə gəldiyini, Qusar rayon mərkəzi xəstəxanasında xəstələrlə görüşdüyünü deyən Malik Kərimov o vaxt özünün xəstəxanada cərrah işlədiyini bildirdi: "Məhz İlizarovdan öyrəndiklərim də mənim həyatda peşəkar cərrah   olmağıma  kömək etdi".

 

Qusardakı "Oki" klinikasının direktoru Malik Kərimov qusarlı  dünya şöhrətli  akademikin İlizarov aparatının travmatologiyada  xüsusi önəm daşıdığığını  dedi. Bildirdi ki, bu aparat ixtira olunandan sonra tibbdə gipsə son qoyulub.Bunu nəinki Azərbaycanda, Rusiyada, ümümumilikdə dünyada ortopedlər yaxşı bilir: "Məhz bu aparat vasitəsilə 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı həkimlərimiz yüzlərlə hərbçimizi həyata qaytarıb, bu aparat yataq rejimindən  xəstənin maksimum tez qalxmasına şərait yaradır. Biz bunu Vətən müharibəsində səhra hospitallarında işləyərkən bir daha gördük - deyə Malik Kərimov bildirib.

 

Tolerant Azərbaycanın şimalında - Qusarda doğulmuş 100 yaşlı  Qavriil İlizarov beləcə xatirələrdə yaşayır. Həm tələbələrinin, sağaltdığı xəstələrinin, həm dünya tibb ictimaiyyətinin xatirələrində yaşayan akademik Qavriil Abramoviç İlizarov kəşf etdiyi və özündən sonra qoyub getdiyi orijinal kompressiya-distraksiya aparatı ilə vətəni Azərbaycanda Qarabağ savaşı qazilərimizə şəfa tapmaqda da kömək etdi. Ruhu şad olsun!

 

Aytəkin ALXASLI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü