Modern.az

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

18 İyun 2021, 09:03

Müstəqilliyin ilk illərində dövlət  idarəçiliyində səriştəsiz insanların olması , xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir liderin yoxluğu,  Azərbaycan ərazilərinin təcavüzkar Ermənistan tərəfdən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial-iqtisadi durumu ölkəni bu bəlalardan xilas edə biləcək  rəhbərin hakimiyyətə gəlişini  zəruri edirdi. Tarixi bir missiyanı yerinə yetirən Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında xalqın təkidi ilə  15 iyun tarixində Ali Sovetin sədri seçilməklə  dövlətçiliyin strategiyasını, ideologiyasını yaratdı, onu praktik dövlətçilik müstəvisində həll etdi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis iyunun 23-də Prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi. Prezident Heydər Əliyev torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu.

 

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

 

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

 

Anar Sadıqov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi