Modern.az

Azərbaycanın yadda qalan baş diplomatları

Azərbaycanın yadda qalan baş diplomatları

Ölkə

9 İyul 2021, 10:12

Bu gün Azərbaycanda diplomatik xidmətlərin yaranmasının 102-ci ili qeyd olunur. Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Respublikasının (ADR) hakimiyyəti dövründə qəbul edilib.

 

Milli diplomatiyanın ADR-in yaradılmasında və müasir dövrdə müstəqil Asərbaycanın quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

 

Hazırda Azərbaycan dünyanın 160 ölkəsi ilə diplomatik münasibətlər qurub. Respublikanın diplomatik missiyaları 58 ölkədə fəaliyyət göstərir. Bakıda isə 56 dövlətin səfirliyi və beynəlxalq təşkilatların nümayəndəlikləri akkreditə edilib.

 

Bəs indiyə qədər Azərbaycanın diplomatları kimlər olub?

 

Modern.az bu haqda kiçik araşdırmanı təqdim edir:

1918-ci il mayın 27-də Sеymin azərbaycanlı dеputatları fövqəladə iclas çağırıb Azərbaycan Müvəqqəti Milli Şurası yaradıldığını еlan еdib. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyəti еlan еdildi və M.Hacınski Azərbaycanın ilk Xarici İşlər naziri vəzifəsinə təyin edildi. (28 may 1918 – 6 oktyabr 1918). M.Hacınski Azərbaycan Parlamеntinin dеkabrın 28-də kеçirilmiş iclasında Paris sülh danışıqlarında iştirak еdəcək nümayəndə hеyətinin tərkibinə daxil edilib.

 

Daha sonra onu Fətəlixan Xoyski əvəz edib. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində Xarici İşlər naziri olub. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında onun əsaslı xidmətləri olub.

 

Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulub. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycanın pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb. Amma onun fəaliyyəti cəmi 3 ay davam edib. (26 dekabr 1918 – 14 mart 1919).

 

Xoyksini Məmməd Yusif Cəfərov əvəz edib. 1919-cu il aprеlin 14-də M.Cəfərov, N.Usubbəylinin sədirlik etdiyi yеni hökumətdə Azərbaycan Xarici İşlər naziri vəzifəsini tutub. O, bu vəzifədə 1919-ci il dеkabrın 22-nə kimi fəaliyyət göstərib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra baş diplomat postunu Nəriman Nərimanov tutub. (28 aprel 1920 – 2 may 1920). O isə cəmi bir neçə gün işləyə bilib.  Daha sonra onun vəzifəsi Mirzə Davud Hüseynova həvalə edilib.

 

1921-1944-cü illərdə nazirlik ləğv olunub və xarici əlaqələr Moskva vasitəsiylə həyata keçirilməyə başlanıb.

 

SSRİ dönəmində Azərbaycanın xarici işlər naziri postuna bir neçə dəfə təyinat aparılıb. Mahmud Əliyev (1944 – 1958), Tahirə Tahirova (1959 – 1983), Elmira Qafarova (1 dekabr 1983 – 22 dekabr 1987) və Hüseynağa Sadıqov (23 yanvar 1988 – 29 may 1992) ölkəmizin baş diplomatı funksiyasını yerinə yetiriblər.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra xarici işlər nazirləri

 

Hüseynağa Sadıqov müstəqil Azərbaycanın ilk xarici işlər naziridir.  O, Azərbaycan Rеspublikasının ATƏM-ə üzv olması üçün gеniş diplomatik fəaliyyət göstərib.

1992-ci ildə ona Azərbaycan Rеspublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcəsi vеrilib. H.Sadıqov 1992-ci ilin iyun ayında Azərbaycan Rеspublikasının AFR, İsvеçrə, Hollandiya və Lüksеmburqda fövqəladə və səlahiyyətli səfiri təyin еdilib. O, Azərbaycanın Avropa ölkələrində ilk səfiri olmuş və Azərbaycan ilə həmin ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşkili və inkişafı, o cümlədən bir sıra Avropa ölkələrində Azərbaycan diasporunun formalaşmasında böyük xidmətlər göstərib.

 

H.Sadıqovu Tofiq Qasımov əvəz edib. O cəmi bir il işləyə bilib. (4 iyul 1992 - 26 iyun 1993).

 

T.Qasımovun vəzifədən gedişindən sonra Həsən Həsənov təyinat alıb. H.Həsənov 5 il nazir qala bilib. (2 sentyabr 1993 - 16 fevral 1998)

 

H.Həsənovda sonra baş diplomat postuna Tofiq Zülfüqarov gətirilib. 1998-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Zülfüqarov Tofiq Nadir oğluna fövqəladə və səlahiyyətli səfir ali diplomatik rütbəsi verilib. 1998-ci il martın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub.

 

1999-cu ilin oktyabr ayının 25-də Tofiq Zülfüqarov Azərbaycana edilən təzyiqlərə etiraz olaraq istefa verib. İstefadan sonra T.Zülfüqarov fəal ictimai-siyasi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinın həlli istiqamətində fəaliyyətini davam etdirib.

T.Zülfüqarovdan sonra vəzifəyə Vilayət Quliyev gətirilib. 26 oktyabr 1999-cı ildə prezidentin sərəncamı ilə yüksək vəzifəyə təyinat alıb. O, 7 aprel 2004-cü ildə tutduğu vəzifədən azad edilib.

 

V.Quliyevi prezident İlham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov əvəz edib. O 2004-cü ildən 2020-ci ilə qədər fəaliyyət göstərib.

 

Hazırda isə Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsini Ceyhun Bayramov həyata keçirir. Onun diplomatik xidmətləri Azərbaycanın şanlı Qarabağ müharibəsi dövrünə təsadüf edib və Azərbaycan diplomatiyasının qələbəsi ilə bitib.

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir