Modern.az

Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk

Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk

Diaspor

29 İyul 2021, 09:24

Bir neçə gün öncə Azərbaycanın diaspor nümayəndələri tarixi ana şahidlik etdilər. Onlar 28 ildən sonra işğaldan azad olunmuş tarixi yurd yerlərimizdə, Şuşada oldular. Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşdi.

 

Müxtəlif ölkələrdə yaşayan diaspor fəalları Azərbaycanın mədəniyyət paytaxtında “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı ziyarət etdilər. Daha sonra Şuşa Bəyannaməsinin imzalandığı məkana, Xurşidbanu Natəvanın evinə, “Xan qızı bulağı”na, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərinə baş çəkdilər.

 

Qarabağ torpağına ilk səfər zamanı diaspor təmsilçiləri ermənilərin ağlasığmaz vandalizm əməllərinə şahidlik etdilər. Soydaşlarımızın əldə etdikləri gerçək faktlar dünyada erməni barbarlığının işfa edilməsində çox böyük əhəmiyyətə malikdir və informasiya savaşında mövqelərimizin daha da möhkəmlənməsinə təkan verəcək. Bu baxımdan Şuşa səfərini Azərbaycanın diaspor tarixinə düşəcək böyük hadisə adlandırmaq olar.

 

 

Erməni vəhşiliyini öz gözümüzlə gördük...

 

Səfər təəssüratlarını Modern.az-la bölüşən Azərbaycanın Küveytdəki diaspor nümayəndəsi Könül Hacızadə Şuşada unudulmaz anlar yaşadığını bildirib. O, ermənilərin uzun illər işğal altında saxladığı Qarabağda törətdiyi vəhşiliyin izləri ilə tanış olduğunu deyərək, qarşılaşdığı mənzərədən dəhşətə gəldiyini söyləyib.

 

“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatlarının nümayəndələri Şuşada olduq. Mən Küveytdəki “Vətənsevər Cəmiyyəti” adından Şuşa səfərində iştirak etdim. Diaspor nümayəndələrinin Şuşaya səfərinin təşkil olunması təqdirəlayiq addımdır. Biz Şuşaya getməzdən əvvəl azad olunmuş Füzulidə olduq,erməni vandallarının dağıtdığı, viran qoyduğu şəhərə, qəsəbələrə, kəndlərə baxdıq. Ürəyimiz parça-parça oldu. Demək olar ki, işğaldan azad edilmiş torpaqlarımızın hər qarışında erməni vəşhiliyi boylanır. Amma buna baxmayaraq, həm də çox sevindim.

 

28 il sonra öz mədəniyyət mərkəzi Şuşaya daxil olduq. Bu çox qürurverici hadisədir. Bunun üçün Ali Baş Komandana, Azərbaycan əsgərinə duaçıyıq. Şuşaya daxil olanda sanki şəhidlərimiz bir-bir gözümüzün önündən keçirdi. Şuşada ayaq basanda hamımız həm sevindik, həm də kədərləndik. Orada vətənimizi qoruyan əsgərlərimizi qucaqlayıb, bağrımıza basdıq. Hazırda Şuşada çox böyük işlər gedir. Düşünürəm ki, növbəti dəfə Şuşaya səfər edəndə artıq hər şey qaydasında olacaq. Arzu edirəm ki, gələn il bu sevincli günləri Zəngəzurda, Xankəndində yaşayaq. Buna çox inanıram. Azərbaycanı çox gözəl gələcək gözləyir”, - deyən diaspor fəalı səfər zamanı şahidi olduğu vandalizm faktları barədə beynəlxalq ictimaiyyəti məlumatlandıracağını, erməni terrorunun dünyada ifşa olunması üçün bundan sonra da var gücü ilə çalışacağını vurğulayıb.

 

 

Diaspor nümayəndələrimiz aktiv işləyirlər...

 

Uzun illərdir Şimali Kıprıs Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də Şuşanı ziyarət edənlər arasındadır. 34 il sonra reallaşan Şuşa səfəri barədə Modern.az-a danışan bəstəkar diaspor nümayəndələrinin fəaliyyətindən razılığını ifadə edib.

 

“Ermənilərin Qarabağda törətdikləri vəhşilikləri bütün Kıprıs yaxşı bilir. Bu hadisələrlə bağlı mətbuat orqanlarında mütəmadi olaraq məlumatlar dərc olunur. Avropa ölkələrindən gələn soydaşlarımız artıq bu istiqamətdə aktiv işlərə başlayıblar. Bizimlə birgə səfərdə iştirak edən soydaşlarımızdan biri Fransadan gəlmişdi. O, fransız deputatlara şahidi olduğu erməni vəhşilikləri barədə danışacağını dedi. Bildirdi ki, həmin deputatlar Azərbaycana dəstək verərək, Qarabağla bağlı həqiqətləri parlamentdə səsləndirə bilərlər. Bu, onu göstərir ki, xarici ölkədə yaşayan diaspor nümayəndələrimiz öz işlərində fəaldırlar”.

 

 

Bu səfər diaspor fəaliyyətinin aktivləşməsinə təkan verəcək...

 

Milli Məclisin deputatı Fazil Mustafa isə diaspor təmsilçilərimizin səfərinə dəstəyini ifadə edib. O, bildirib ki, Şuşaya ziyarət diaspor fəaliyyətinin aktivləşməsində müstəsna rol oynayacaq:

 

“Diaspor nümayəndələrinin Şuşaya səfərinin təşkil olunması, onların gözləri ilə gördüyü həqiqətlərin yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırılması baxımından çox faydalıdır. Düşünürəm ki, belə mühüm layihənin gerçəkləşməsi diaspor fəaliyyətinin aktivləşməsinə təkan verəcək. Bu istiqamətdə erməni təbliğatının qarşısına çıxmaq üçün addımlar atılacaq. Həm də burada koordinasiyalı şəkildə fəaliyyət önəmlidir. Burada tək Azərbaycan yox, eyni zamanda Türkiyə diasporundan söhbət gedir. Şuşa səfərindən sonra müəyyən qədər canlanma olacaq. Bu prosesdə hamının aktiv iştirak etməsini arzulayıram”.

 

Fidan İlqar

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər