Modern.az

Deputatlar: “Dövlət qurumlarının işləyəni də var, yola verəni də”

Deputatlar: “Dövlət qurumlarının işləyəni də var, yola verəni də”

Parlament

28 Oktyabr 2021, 12:13

Milli Məclisin iclaslarında zaman-zaman dövlət qurumlarının parlamentarilərlə əməkdaşlıq etmədiyi barədə şikayətlər səsləndirilir. Deputatlar bəzi qurumların vətəndaşların şikayətlərinə laqeyd yanaşdığını, bu məsələdə vasitəçi olan Milli Məclis üzvlərini soyuq qarşıladığını bildirirlər.

 

Bu sahədə son vəziyyət hər kəsə maraqlıdır. Hansı dövlət qurumları deputatlarla əməkdaşlıq edə bilir, hansılar bu məsələdə səriştəsizdir?

 

Modern.az bu suallara cavab almaq üçün deputatlara müraciət edib.

 

“Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri məndən inciyib”

 

 

Parlamentdə dövlət qurumlarının fəaliyyətindən tez-tez narazılıq edən deputat Tahir Kərimli Modern.az-a iclaslarda bir neçə nazirliyin adını çəkdiyini xatırladıb. Deputat bildirib ki, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ondan inciyiblər:

 

“Bu qurumlardan vətəndaşların da şikayətləri çoxdur. Onlarla münasibətlər qurmaq çox çətindir. Məsələn, mən daxili işlər naziri Ramil Usubov olanda da cavab alırdım, indi Vilayət Eyvazovdan da şəxsən cavab ala bilirəm. Bəzi nazirliklər müavinlərinə, şöbə müdirlərinə işi tapşırır, amma verilən sorğuların 90-95 faizi təmin olunmur. Bu bizim vətəndaşlarla işimizi çətinləşdirir.

 

 

Prezident İlham Əliyev böyük kadr islahatları həyata keçirir, bunun səmərə verməsini gözləyirik.

Deputatı olduğum rayonların icra başçılarının fəaliyyətindən çox razıyam. Hər problemlə maraqlanırlar, diqqətə çatdırdığım məsələləri gündəmdə saxlayırlar. Amma başqa bir problem var. İcra başçılarının əlində elə böyük səlahiyyət qoymayıblar. Hər bir işçini yuxarıdan təyin edirlər. Regional idarələr yaranıb və s. Biz də icralara müraciət edəndə işimiz tamamlanmır və buna görə icra başçılarını qınaya bilmirik.

Hesab edirəm ki, böyük islahatlar həyata keçirilməlidir. İnzibati ərazi bölgüsü sistemini saxlayırıqsa, buna uyğun addımlar atmalıyıq. Məsələn, niyə rayonlarda tədarük kantorları olmasın? Yerli əhalinin məhsulunu ölkə bazarına çıxarmaq, xaricdən idxalı azaltmaq üçün belə addımlar atmaq olar. Geniş addımlara ehtiyac var, ayrı-ayrı nazirliklərin, strukturların tək-tək adını çəkməklə heç nəyə nail olmayacağıq”.

 

 

“Cavabların bəzisi seçiciləri qane etmir”

 

 

 

Deputat Kamran Bayramov isə dövlət qurumları ilə əməkdaşlıqdan razı qalan deputatlardandır. O, indiyə qədər heç bir nazirliklə, agentliklə problem yaşamadığını söyləyib:

 

“Vətəndaşların müraciətləri ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müxtəlif nazirliklərə, dövlət qurumlarına müraciət edirik. Qanunda nəzərdə tutulmuş müddət çərçivəsində cavablarımızı da alırıq. Bu sahədə heç bir problem yoxdur. Aldığımız cavabların seçiciləri qane edib-etmədiyi isə tamam fərqli məqamdır. Cavabların müəyyən bir hissəsi seçiciləri qane etmir və alternativ addımlara əl atırıq, digər qurumlarla da əlaqə saxlayırıq.

Problemlərin həlli istiqamətində də əlaqələrimiz yüksək səviyyədədir. Seçildiyim dairədə fəaliyyət göstərən yerli qurumlarla da lazımi şəkildə əlaqələr qurulub. Müraciət etdiyimiz bütün dövlət orqanları rahat və vaxtında məktublarımızı cavablandırırlar. Ciddi problem hələ ki, yaşamamışıq”.

 

 

İşləyəni də var, şablonla yola verəni də...

 

Vətəndaşların şikayətlərini parlament iclaslarında ən çox səsləndirən deputatlardan biri də Razi Nurullayevdir. Milli Məclisin üzvünün saytımıza açıqlamasında təriflədiyi və tənqid etdiyi qurumlar var:

 

 

 

“Bir sıra dövlət qurumları ilə faydalı iş əməkdaşlığımız yaranıb. Xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi qurumlarını qeyd etmək istəyirəm. Tibbi, Sosial, Ekspertiza Agentliyi, Sosial Təminat Agentliyi, Sosial Reabilitasiya Agentliyi və nazirliyin nəzdindəki digər qurumlarla çox yaxşı əlaqələrimiz, əməkdaşlığımız formalaşıb. Deputatı olduğum İmişli rayonunda vətəndaşların problemləri arasından bu qurumlara aid olanların 80-90 faizini həll etmişik. Nazir müavinləri ilə də əlaqələr, münasibətlər qurub, hətta razılaşmadığımız məqamları da nəzərlərinə çatdırırıq. İstənilən halda düşünürəm ki, əməkdaşlıq qurub, birgə çalışmaq daha yaxşıdır.

 

Müdafiə və Daxili İşlər Nazirlikləri ilə də yaxşı iş münasibətimiz yaranıb. Mən onların reaksiyasından da, bizimlə iş qurmağından da çox razıyam. Zaman-zaman da bunu dilimə gətirirəm. Çünki bunu haqq edirlər.

 

Yerdə qalan dövlət orqanları ilə də iş münasibətlərimiz var. Həm partiya sədri, həm də deputat olaraq qeyd edə bilərəm ki, bizə qarşı laqeydlik, hörmətsizlik edən dövlət qurumları yoxdur. Amma elə dövlət qurumları var ki, vətəndaşların problemlərini həll etmirlər, şablon cavablar göndərirlər. Bəzi problemlərin həlli qurumun səlahiyyətindədir, amma buna cəhd etmir. Hansısa şöbə müdirinin müavininin əmisi oğlunun dayısı nəvəsi tərəfindən şablon cavab məktubu yazılır ki, məsələ nəzarətimizdədir. Belə münasibəti hörmətsizlik kimi qəbul edirəm. Lakin bəzən də məktublara elə cavablar gəlir ki, məsələ həll edilməsə belə baxırsan, haqlıdır. Ümumilikdə, dövlət qurumları içərisində deputatlarla həm yaxşı işləyən, həm pis işləyən, həm də formal xoş münasibət göstərib, nəticə ortaya qoymayanlar var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır