Modern.az

Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR

Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR

Hadisə

28 Oktyabr 2021, 16:56

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür.


2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.


Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazinin bombardmanı nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Modern.az
saytının əməkdaşı 1 il öncə atılmış raket nəticəsində qurban verən bir neçə bərdəli ailə ilə əlaqə saxlayıb.

 

“Geridə qalan 1 il bizim üçün 10 ilə bərabər oldu...”

Mülki şəhid Məhərrəm Ənvər oğlu Mustafayevin qardaşı İlham Mustafayev ötən bir il ərzində yaşadıqları çətin günlərdən söz açıb:

 


“Ötən bir il bizim üçün çox çətin idi. Bərdədə İkinci Qarabağ savaşı zamanı mülki əhaliyə qanunsuz, qadağan olunmuş raketlər atıldı. Dinc əhaliyə qarşı terror aktı törədildi. Raket atılanda elə bir faicə yaşandı ki, həmin anlar Bərdə sakinlərinin yaddaşından heç vaxt silinməyəcək.


Bərdə bombardmanının qurbanlarından biri də mənim qardaşımdır. Qardaşım Qızıl Aypara Cəmiyyətinin könüllüsü idi. 192 dövlətin toxunulmaz qurumu olan Qızıl Aypara Cəmiyyətinin əməkdaşına toxunuldu və qardaşım şəhid oldu.


Qardaşım ailəlidi, bir oğlu, bir qızı yadigar qalıb. Ailəsi ikinci qrup əlildir. Övladları qardaşımın yoxluğunda mənəvi cəhətdən çox çətinliklərlə üzləşdilər.


Artıq bir il ötür, şükürlər olsun ki, müharibədə Qələbə qazandıq. Amma ağır faciə yaşayan bir ailə olaraq bu bir il bizim üçün 10 ilə bərabər oldu”.


“Sanki bizdən bir ömür getdi”


Bərdə faciəsində həm bacısını, həm də atasını itirmiş Ülviyyə Mirzaliyeva bildirib ki, həmin olaylar barədə danışmaq ona çox çətindir:



“Bir il öncə baş verən hadisələr bütün Bərdə sakinləri üçün çox çətin anlar yaşatdı. O gündən bir il ötməsinə baxmayaraq, sanki bizdən bir ömür getdi. Ən dəhşətlisi isə mənim atamla bacımı itirməyim idi. Hadisə baş verdiyi zaman biz evdə idik, atamla bacım isə şəhərdə. Xəbəri eşitdiyimiz zaman zəng etdik, amma şəbəkə  tutmadığından onlarla əlaqə qura bilmədik. Daha sonrasında isə hər şey bilindi...


Artıq bir il ötüb, amma yenə də bu barədə danışmaq mənim üçün çox çətindir. İki ən yaxınını itirmək dəhşətdir. Amma şükürlər olsun ki, faciə qurbanlarının qisası alındı, qanları yerdə qalmadı”.


Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabr 2020-də) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı