Modern.az

“Sülh müqaviləsi imzalansaydı, əsl düşmənlərimizi görərdik” - Zahid Oruc

“Sülh müqaviləsi imzalansaydı, əsl düşmənlərimizi görərdik” - Zahid Oruc

Parlament

23 Noyabr 2021, 11:59

"Dünən Fransa səfiri Zakari Qross azad Ağdama səfər edib. Bu, gözlənilməz olsa da, ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır”.

 

Modern.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib. Parlamentari bildirib ki, biz Qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq:

 

“Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da, hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Makron Ermənistanla vahid səngərdə oldu. Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdi, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdı, lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar. Ona görə də çoxunu bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir? Məgər dünyada statussuz erməni yaşamır? Sualların cavabı hamıya aydındır. Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsl düşmənlərimizi görərdik!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir