Modern.az

Xəzər regionunda əlaqələr yeni MƏRHƏLƏDƏ

Xəzər regionunda əlaqələr yeni MƏRHƏLƏDƏ

İqtisadiyyat

29 Noyabr 2021, 12:30

Noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli müqavilə imzalanıb. Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra reallaşıb. Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Modern.az-a danışarkən bildirib ki, Azərbaycan, İran və Türkmənistan bölgədə enerji əməkdaşlığının çoxşaxəli yeni formatını yaradır.

 

“Ötən gün Türkmənistanda keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisi arasında yaxın dostluq mühiti şəraitində keçirilən görüşü siyasi-iqtisadi əlaqələrin dinamikliyinin artması və mehriban qonşuluğa uyğun olaraq bir sıra layihələrin inkişafının təmin ediləcəyinə güclü əsaslar yaradır. Həmin tədbirdə Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi isə ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət etməklə, Xəzər regionunda əlaqələrin yeni mərhələyə keçməsinə təkan verəcək”.  

 

Parlamentarinin sözlərinə görə, İran ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən sazişin imzalanması etibarlı qaz təminatı deməkdir:

 

“Sazişə əsasən, Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Sənədin şərtlərinə görə, 2021-ci il dekabrın 25-dən başlayaraq, Azərbaycan İran vasitəsilə Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz alacaq. Bu sövdələşmədən əldə ediləcək qazanc sayəsində İran öz qazını ölkənin beş bölgəsinə yönəldə biləcək.  Bununla da bölgədə enerji əməkdaşlığının çoxşaxəli yeni formatı yaranmış olacaq.

Bu sənəd iqtisadi və enerji təhlükəsizliyi baxımından 3 ölkənin maraqlarını tam ifadə edir. Bununla da Azərbaycan həm İranla, həm də Türkmənistanla indiyə qədər mövcud olan qaz sahəsində əməkdaşlığın yeni çərçivəsində gələcəkdə daha geniş enerji ixraclarının həyata keçirilməsinə zəmin yaratmış olurlar”.

 

Deputat qeyd edib ki, bu saziş həm də 3 ölkənin birgə Xəzərdə yeni layihələr üzrə faydalı ixrac planlarının da həyata keçirilməsinə imkanlar yaradır:

 

“Azərbaycan və İran bu sazişin tələblərinə uyğun addımlar atmaqla bərabər, yeni reallıqlar şəraitində çoxsaylı iqtisadi qərarların gerçəkləşməsi istiqamətində də səylərini artıracaq. Hər iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəldiləcək və inkişaf edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir