Modern.az

Avstrialı Professor ATU-da mühazirə oxuyub - FOTOLAR

Avstrialı Professor ATU-da mühazirə oxuyub - FOTOLAR

9 Aprel 2013, 11:42

Aprelin 8-də tanınmış alim, Avstrianın Linz şəhərində St.Vincent Hospitalında otorinolaringologiya şöbəsinin müdiri vəzifəsində çalışan professor Martin Burian  ATU-nun Tədris-Terapevtik Klinikasının qonağı olub. Modern.az-ın məlumatına görə, o, klinikanın böyük akt zalında “Qırtlaq xərçəngi” mövzusunda geniş mühazirə oxuyub.

Mühazirədən öncə universitetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov son dövrlərdə dünyanın aparıcı mütəxəssislərinin tez-tez ölkəmizə dəvət olunduğunu vurğulayaraq bildirib ki, bu sahədə xeyli işlər görülüb: “Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı proqram çərçivəsində kadr hazırlığı bir neçə istiqamətdə həyata keçirilir. Belə ki, tələbə və mütəxəssisləri qısa və uzunmüddətli təcrübə keçmək üçün dünyanın tanınmış klinikalarına göndərilirlər. Gənclərimiz tələbə kimi tibb fakültələrinə qəbul olunur, orada rezidenturanı da bitirib Azərbaycana qayıdır, fəaliyyət göstərirlər.

Kadr hazırlığının digər bir yolunu da tanınmış mütəxəssislərin ölkəmizə dəvət olunmasında görən rektor qeyd etdi ki, ölkə klinikalarında xəstələrin müayinə və müalicəsi, cərrahi əməliyyatların aparılması, rezidenturada təhsil alan mütəxəssislərlə məşğul olmaq, yuxarı kurs tələbələri ilə mühazirələrin təşkili baxımından xarici ölkələrdən gələn mütəxəssislərin bizə böyük faydası olacaqdır. Çünki sayca daha çox insanı xaricə göndərmək çətindir. Yol pulu, qalmaq, təhsil xərcləri aparıcı klinikalarda kifayət qədər bahadır, burada təkmilləşmə keçmək üçün böyük vəsaitlər tələb olunur. Belə mütəxəssisləri biz Azərbaycana gətirməklə həm çoxlu insanları bu prosesə cəlb edirik, həm də gələn mütəxəssislərin təcrübəsini onlarla bölüşürük.

Respublika Mill Onkoloji Elmi Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin rəhbərliyi ilə uğurla aparılan simpoziumların, xarici mütəxəssislərin iştirakı ilə həyata keçirilən cərrahiyyə əməliyyatlarının əhəmiyyətindən danışan akademik Ə.Əmiraslanov avstriyalı professoru Avropada və dünyada tanınmış mütəxəssis kimi dəyərləndib. O, tədbir iştirakçılarına professor  Martin Burianin fəaliyyətinin vacib məqamlarını çatdırıb: “M.Burian 1984-cü ildə Vyananın Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 1984-1987-ci illərdə anatomiya ixtisası üzrə rezidentura keçmiş, 1987-2011 ci illərdə universitet klinikasının otorinolarinqologiya kafedrasında rezident, sonra isə baş rezident olub.

1991-1992-ci illərdə universitet klinikasında neyrocərrahiyyə ixtisası üzrə ikinci təhsilini alır, Qulaq-Burun-Boğz və Baş-boyun cərrahiyyəsi kafedrasının daimi işçisi olur.

1992-1998-ci illərdə Travmatologiya, mikrodamar cərrahiyyəsi, Lazer cərrahiyyəsi, Baş və boyun şişlərinin cərrahiyyəsi endoskopik və tireoplastik cərrahiyyəsinə aid kurslardan keçərək dosentlik rütbəsi qazanır. 

1993-2002-ci illərdə Qulaq-Burun-Boğaz və Baş-boyun cərrahiyyəsi kafedrasının 30 çarpayılı stasionarına rəhbərlik edir. 

2001-2009-cu illərdə  Avstriyanın otorinolarinqologiya və baş-beyin cərrahiyyəsi cəmiyyətinin onkologiya bölməsinin sədr müavini işləyib, 2009-cu ildən bu günə qədər həmin bölmənin sədridir”. Ali qonağın milli və beynəlxalq cəmiyyətlərdə, eləcə də beynəlxalq elm jurnallarında fəaliyyətinə də toxunan rektor böyük mütəxəssisə “ATU-nun fəxri qonağı” diplomunu, İçərişəhərin mənzərəsi təsvir olunan tablonu təqdim etdi. Səmimi qəbula gərə universitet rəhbərliyinə, şəxsən rektora təşəkkürünü bildirən avstriyalı professor bildirdi ki, mən sizə tibbi bilgilər verməklə bərabər sizdən daha çox bilgi alacağam.

M.Burianın “Qırtlaq xərçəngi”nin müayinəsi, diaqnostikası, ən müasir üsullarla müalicəsi və cərrahiyyəsinə dair mühazirəsi mütəxəssislər tərəfindən böyük maraqla dinlənilib. Sonda o,dinləyicilərin sualları cavablandırıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir