Modern.az

“Gördün..? Elmira Qafarova kişi qızıdır”

“Gördün..? Elmira Qafarova kişi qızıdır”

Ədəbi̇yyat

20 Yanvar 2021, 10:13

Mahir Qabiloğlu


20 yanvar, qanlı yanvar. Çoxları bu günü qəhrəmanlıq salnaməmiz adlandırır... Mən həmin günlərə bir yazıçı övladı kimi nəzər salacağam. Şərhsiz-filansız. Sadəcə ”Deyilən söz yadigardır” prizmamdan. Çox çətin günlər idi. Təki olmayaydı.

 

QABİL MÜƏLLİM, OTUR MAŞINA
 

20 yanvarın səhəri. Televizor işləmir. AzTV-nin enerji bloku partladılıb. İnformasiya blokadasındayıq. Bircə Mirzə Xəzərin səsi gəlir. Çox qəribə idi. Sovet dövrü olmasına baxmayaraq xarici radio ilə telefon əlaqəsi saxlamaq mümkün idi. Atam səhər tezdən geyinib aşağı düşdü. Daxili İşlər Nazirliyinin qabağından keçəndə səliqəli geyinmiş, üzü qırxılmış bir polis generalı gülə-gülə:

- Salam, Qabil müəllim! Necəsən?

- Sən bizim Soltan Məmmədovun qardaşı olmasaydın, deyərdim sənə necəyəm! Nazir olmağına-zada baxmazdım,- deyib üzü akademiyaya tərəf addımlamağa başlayır.

Səmada isə vertolyotlar uçuşur. Və yerə vərəqələr atırlar. Xəbərdarlıq edirlər ki, bəs şəhərə ordu girib, komendant saatıdır. Guya ki, camaatın xəbəri yoxdur. Necə deyərlər, “toydan sonra nağara”

Bu an bir “Zaparojest” markalı maşın dayanır.

- Qabil müəllim, otur maşına.

- Sən kimsən, ay bala.

- Qabil müəllim, sizi tanıyanlardan biri. Gecə elə şeylər baş verib ki... Bunları mənim yox, sizin görməyiniz daha vacibdir. Danışan dilimizsiniz.

Atam maşına minir. Naməlum adam atamı 11-ci Qızıl Ordu heykəli və əks istiqamətdə baş verən faciənin qanlı izləriylə gəzdirir. Atam da gecə baş verənləri, həlak olan günahsız, əliyalın tankın qabağına çıxan insanların cəsədlərini öz gözləriylə görür. Beləcə həmin gün “Mərsiyə” dünyaya gəlir.
 

Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Tutulub vahimәdәn nitq bu gün, dil bu sәhәr,
Bәzәyib Abşeronu qanlı qәrәnfil bu sәhәr,
Bakı fәryad elәyir, gözdәn axır sel bu sәhәr.
Gәmilәr nalә çәkir, әrşә çıxır zil bu sәhәr,
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Öz Qızıl ordumuzun yurdumuza qәsdinә bax,
Üstümә tank yeridәn fitnәkarın şәstinә bax,
Gözü qanımla xumar düşmәnimin mәstinә bax,
Qara bayraqlarımın cәrgәsinә, dәstinә bax,
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Öldü gәnc, öldü uşaq, öldü gәlin-qızlarımız;
Ölmәdi! Şanlı şәhid oldu neçә yüzlәrimiz,
Bu saat Kәrbübәla düzlәridir düzlәrimiz;
Necә qan ağlamasın üzlәrimiz-gözlәrimiz?!
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimigüllәbaran eylәdilәr!

Kim görüb böylә mәrasim ola milyonlar ilә?
Bakı insan axınıyla dola milyonlar ilә,
Salına şanlı şәhidlәr yola milyonlar ilә,
Analarla bacılar saç yola milyonlar ilә,
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Qәbrin üstündә dә heç kukla olar çanta ilә,
Ağ gәlinlik fatası... qırmızı al lenta ilә,
Bәs Kremlin görәsәn fәrqi nәdir Xunta ilә?!
Açınız tarixi, hәm indi elә, onda elә...
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Düşdü dildәn-dilә bu qәtl, bu matәmgahımız,
Çatdı hәr ölkәyә bu şәrhi-bәyani ahımız,
Gördü alәm ki, aman... cәlladımızmış şahımız...
Yoxsa da bir kәsimiz, vardı fәqәt Allahımız,
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Hәr qızılgüllü mәzar – sinәmizin dağı, mәzar!
Әyilir üstünә göy qübbәsinin tağı, mәzar!
Hәr mәzar qanlı beşik – laylaları ağı, mәzar!
Dayanıb kam alacaq bizdәn hәlә yağı, mәzar!
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!

Ey Vәtәn oğlu, Vәtәn övladı, sil göz yaşını!
Qan haçan yerdә qalıb, tazәlә öz yaddaşını!
Çox görüb, Qabil, Azәrbaycanım işğal qoşunu,
Görmәyib ancaq hәlә böylә cinayәt işini...
Yazmışıq tәqvimә qan ilә bu yanvar qışını,
Gecәni atәş ilә qırmızı dan eylәdilәr,
Xalqımı-millәtimi güllәbaran eylәdilәr!
 

PARTİYA BİLETLƏRİNİ YANDIRMAQ MƏRASİMİ
 

Ertəsi gün ziyalılar Akademiyanın Rəyasət Heyətinə axışırlar. Etiraz əlaməti olaraq partıya biletlərini də yandırırlar. Bəxtiyar Vahabzadə, Qabil və digər vətənpərvərlər də bu aksiyanın önündə gedirlər. Sayını deyə bilmərəm. Amma Sovet Ordusunun hələ də şəhərdə olduğu, komendant saatının at oynatdığı, meydan suladığı bir dövrdə bu çox ciddi və siyasi addım idi.
 

HAŞİYƏ: Hüseyn Arifə də çatdırırlar ki, bəs ziyalılar etiraz əlaməti olaraq partiya bilətlərini yandırıblar. Bəxtiyar Vahabzadə də bu siyahıda birincidir. Hüseyn Arif də:

- Yalan deyir, evdə üç dənəsi də var.
 

“GÖRDÜN... ELMİRA QAFAROVA KİŞİ QIZIDIR”
 

Qonşumuz Bayram Bayramov hardansa 20 Yanvar gecəsi baş verənlərin videokassetini əldə etmişdi. Onlarda videomaqnitafon olduğundan atamı da çağırmışdı ki, gəl birgə tamaşa edək. Mənə isə icazə vermədilər.

 

Yanvarın 20-si Bayram əmi bizdəydi. Çox qəribə olsa da Azərbaycan Dövlət radiosu fəaliyyət göstərirdi. Əlbəttə ki, yalnız simfonik musiqi verirdilər. Amma ara-sıra komendantın elanları da eşidilirdi. Elə bu zaman Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarovanın səsi gəldi. Bəyanat verirdi. Bayram əmi yerindən durub servantın üstündəki radioqəbulediciyə yaxınlaşdı. Diqqətlə Elmira Qafarovanın bəyanatına qulaq asmağa başladı:

“Azərbaycan SSR-nin suverenliyinin kobud surətdə pozulması, SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən respublikanın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, Respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm.
Fövqəladə vəziyyət elan etmək üçün ağır döyüş texnikasından və avtomat silahlardan istifadə etməklə dinc əhaliyə qarşı amansız tədbirlər görülmüşdür. Bu isə çoxlu insan təlafatına gətirib çıxarmışdır. Həlak olanlar arasında gənclər, qadınlar, qocalar, uşaqlar da vardır...
...Azərbaycan xalqı özünün oğlan və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaqlar”.

Bəyanat başa çatdı. Bayram əmi üzünü atama tərəf döndərib:

- Qabil, gördün... Elmira Qafarova kişi qızıdır.


BƏXTİYAR, İSMAYIL, MƏN... ÜÇÜMÜZÜ DƏ QIRACAQDILAR
 

Radionun işlədiyini görən atam, Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı üz tuturlar telestudiyaya. Həyətə girəndə əli avtomatlı əsgərlər və bir general kəsir bunların qabağını. Zabitə izah edirlər ki, bəs biz filankəsik, deputatıq – xalqa müraciət etmək istəyirik. General da mədəni surətdə cavab verir ki, “nelzya”, yəni ki olmaz. Bu sözdən sonra üçü də geri dönüb qayıdırlar. Bir neçə addım gedəndən sonra Bəxtiyar Vahabzadə geri dönür. Yeyin addımlarla generala yaxınlaşaraq “Cəllad!” deyib üzünə tüpürür. Əsgərlər də bunu görüb avtomatların “zatvor”unu çəkirlər. Yəni ki, atəş açmaq hazırlığına gətirirlər. General isə əliylə işarə verir ki, silahları salın aşağı. Beş-on saniyə rus generalıyla göz-gözə qalan Bəxtiyar əmi atamgilin yanına qayıdır:

- Getdik!


HAŞİYƏ: Bu əhvalatı atam Bayram əmiyə də danışdı. Bayram əmi də.

- Bəxtiyarın da bu “pokazuxa”lığı olmaya da.
 

PARTİYA BİLETİNİ QAYTARDIM VƏ QAYTARDILAR
 

Şəhidlərin üçü günü Universitetin filologiya fakültəsinin 5-ci kursunda oxuyan altı nəfər partiyacı tələbə - mən və beş qız – Şəhidlər xiyabanını ziyarət etdik. Sonra universitetə gəlib partiyadan imtinayla əlaqədar ərizə yazdıq, partiya biletimizi təhvil verdik. Torpaq soyudar deyərlər. Şəhidlərin 40-ı çıxan günün səhəri dərsə gəldik. Gördük ki, partiya iclasıdır. Çox güclü arqumentlərin qarşısında partiya biletini geri qaytardılar. Sonradan eşitdim ki, o boyda fakültədən üç nəfər üzvlükdən imtina edib. Onlardan biri də professor Bəxtiyar Vahabzadə idi.
 

AzTV-də 20 YANVAR ŞOUSU
 

20 Yanvar hadisələri mənimçün bir də 90-cı illərin sonunda təkrar olundu. AzTV-də işləyirdim. Ümumi kollektivin adından prokurorluğa müraciət qəbul edildi ki, bəs Elşad Quliyev sədr olanda enerji blokunun partladılmasından əvvəlcədən xəbərdar imiş. Bəs bunu bilə-bilə heç kimə xəbər verməyib. Çox “gözəl” məntiq idi, Faciə törədənlər qalıb bir yanda, Elşad Quliyev yenidən qayıdıb gündəmə. Hətta 1990-cı ildə 10-15 yaşı olanlar, televiziyada işləməyənlər də bu müraciətə qol çəkmişdilər. AzTV-yə müstəntiq də gəlmişdi. Sonda məlum oldu ki, bu oyun sadəcə televiziya professionalı Elşad Quliyevin yenidən sədrliyə qayıtmasının qabağını almaq üçünmüş. Bilmirəm kimin ideyasıydı. Amma bəhrəsin vermişdi. 20 yanvar Elşad Quliyevin torbasını tikmişdi.


SON
 

20 Yanvarda və sonralar çox hadisələr olub. Bu haqda çox şeylər yazılıb. Bu da mənim yadımda qalanlardır. Sadəcə yazdım…

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna partizanları Rusiya ərazisində şiddətli döyüşə başladı