Modern.az

Türkiyə ilə İran arasında GƏRGİNLİK: "Bu olmasa, Ərdoğan gündəliyə salınacaq"

Türkiyə ilə İran arasında GƏRGİNLİK: "Bu olmasa, Ərdoğan gündəliyə salınacaq"

Aktual

30 Mart 2015, 14:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın bölgədə hegemonluq iddiasında olmasını deməsinin ardından verilən bəyanatlar və atılan addımlar diqqət çəkir.

Modern.az İran KİV-ə istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm Türkiyənin Tehrandakı müvəqqəti işlər vəkilindən izahat istənildiyini bildirib.

Onun sözlərinə görə  İran XİN-ə çağırılan Barış Sayqından Türkiyə prezidentinin dediklərinə aydınlıq gətirilməsi tələb olunub.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın bəyanatının qaydalara zidd və uyğunsuz olduğu Türkiyə təmsilçisinin diqqətinə çatdırılıb.

Bu arada, İran İslam Şurası Məclisinin (parlament) Araşdırma komissiyasının sədri Məhəmməd Mehdi Zahidi Türkiyə prezidentinin aprel ayında Tehrana nəzərdə tutulan səfərinə qarşı çıxıb. O da, İran parlamentinin  deputatı Mənsur Həqiqətpur kimi Rəcəb Tayyib Ərdoğanın səfərinin təxirə salınması tələbini səsləndirib.

O qeyd edib ki, Türkiyə dövlət başçısının bəyanatı dostca deyil. “Ərdoğan öncə İranla bağlı mövqeyindən əl çəksin, sonra Tehrana gəlsin. Ərdoğanın dedikləri dostca deyil və bu bölgədəki gərginlyi bir az artıracaq”,-deyə o bildirib.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İsmayıl Kevsəri edərək Ərdoğanın səfərinin təxirə salınması tələbi ilə XİN-ə müraciət edib. O qeyd edib ki, İran XİN buna reaksiya verməsə, məsələ parlamentin gündəliyinə salınacaq və müzakirəyə çıxarılacaq.  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə jurnalistlərə açıqlamasında İrana nəzərdə tutulan səfərinin təxirə salınmayacağını söyləyib.  

Xatırladaq ki, İranın Yəməndəki şiə təriqətinin daşıyıcıları olan Husi üsyançılarını dəstəkləməsi Türkiyə rəhbərinin etirazına səbəb olmuşdu. O, İranın regionda hökmran olmaq istədiyini vurğulamışdı. Türkiyə prezidenti  İranın Suriya, İraq və Yəməndən öz qoşunlarını çıxarmalı olduğunu da bildirmişdi.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi