Modern.az

Qabil Hüseynli: “Türkiyə parlamentinin fəaliyyəti iflic ola bilər” – MÜSAHİBƏ

Qabil Hüseynli: “Türkiyə parlamentinin fəaliyyəti iflic ola bilər” – MÜSAHİBƏ

13 Aprel 2015, 11:37

 

İyun ayının 7-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilər diqqət mərkəzində olan məsələlərdən biridir.   Türkiyədə parlament seçkiləri ərəfəsində baş verən siyasi proseslər və perspektivləri barədə politoloq Qabil Hüseynli Modern.az saytına müsahibə verib.  

- Parlament seçkiləri ərəfəsində gərgin siyasi mübarizə gedir. Bu, Türkiyə siyasi sistemi üçün hansı yeniliklərə gətirib çıxara bilər?  

- İndiki rəy sorğuları onu göstərir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təkbaşına iqtidar olmaq imkanları xeyli məhduddur. AKP daxilində bir-birinin ardınca baş verən müxtəlif proseslər bu partiyanın parlamentdə əvvəlki üstünlüyü qazanmaq şanslarını xeyli aşağı salır. Amma Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) əhali arasında xeyli fəaldırlar.  

Güman edirəm ki, AKP təkbaşına hökumət qura bilməyəcək və Türkiyə yenidən koalision hökumət yaratmaq məcburiyyəti qarşısında qalacaq. Koalision hökumətə möhtac olunduğu təqdirdə, gözlənilməyən bir situasiya da yarana bilər. Yəni AKP-nin iştirakı olmadan da hökumət yarana bilər. Amma bu, az ehtimal olunan versiyadır.  

- Fərz edək ki, AKP seçkilərdə məğlub oldu. Belə olacağı təqdirdə, prezident Rəcəb Tayyib Ərdoğanın prezidentlik sistemini bərqərar etmək planları necə olacaq?  

- Ərdoğan onsuz da faktiki olaraq AKP-nin rəhbəri kimi fəaliyyət göstərir. Amma bilirsiniz ki,  prezident üsul-idarəsinə keçmək üçün referendum olmalıdır.

Bununla yanaşı, parlamentdə səslərin 3-də 2-dən çoxunu qazanmaq lazımdır. AKP parlament seçkisində məğlub olacaqsa, bu, lazım olan səslərin 3-də 2-ni toplaya bilməyəcək. Beləliklə, prezidentlik sisteminə keçid üçün referendum məsələsi gündəmə gəlməyəcək.  

- AKP-nin zəifliyindən söz açırsınız. Seçki ərəfəsində Türkiyə iqtidarı daxilində də gərgin siyasi mübarizə müşahidə edilir və baş nazirin müavini Bülənt Arınçla Ankara bələdiyyəsinin sədri Melih Gökçek arasında baş verən qalmaqalda bunun ilkin təzahürləri müşahidə edildi. Ancaq aparıcı müxalifət partiyaları MHP və CHP-nin də elə yüksək reytinqi yoxdur. Bunu necə izah edərdiniz?

- Reytinqdən asılı olmayaraq, CHP parlamentdə öz sayını artıracaq. MHP də deputat sıralarını genişləndirə bilər. Ən gözlənilməz və Türkiyə üçün xeyir gətirməyəcək bir şey PKK-ya yaxın olan HDP-nin daha çox səs qazanmasıdır. HDP qələbə qazanarsa, parlamentdə qüvvələr nisbəti dəyişə bilər, ümumiyyətlə, parlamentin fəaliyyəti iflic ola bilər.  Yəqin ki, Türkiyə siyasi dairələri bunu nəzərə alıb, HDP-ni koalisiyaya buraxmayacaq.

- Parlament seçkilərinin nəticələrinin Azərbaycana hansısa təsiri olacaqmı?  

- Seçkinin nəticələrindən asılı olmayaraq Azərbaycana münasibətlər yenə də yaxşı səviyyədə olacaq. Hətta ola bilsin ki, indikindən də daha yaxşı olsun.  

Aqşin Kərimov        

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı