Modern.az

Əlvida Vəfa müəllim!

Əlvida Vəfa müəllim!

5 May 2015, 20:54

Onun haqqında 70 illik yubleyi vaxtı yazmışdım. Yubleyi pis vaxta düşmüşdü. Cavan oğlu vaxtsız vəfat etmişdi və bir ata kimi onun qəlbi bu itkidən sızlayırdı. Belə bir vaxtda yubley yazısı yazmaq nə qədər ağır olsa da, özümdə cəsarət tapıb yazmışdım. Oxumuşdu həmin yazını. Zəng etmişdi . “Çoxları üçün adi gələ bilər bu məqaləniz, ьənə çox şey dedi”-söyləmişdi və bir anlıq kövrəlmiş, səsi qırılmışdı. Etiraf edim ki, ondan sonra Vəfa müəllimə hər dəfə zəng edəndə nədənsə mənim boğazım elə bil düyünlənirdi. Onun içində yaşadığı faciənin, kədəri görürdüm bəlkə də...

Onu uzun illərdən bəri tanıyırdım.

Hələ məktəbdə oxuyarkən.

Vəfa müəllimin adını ilk dəfə böyüklərdən eşitmişdim. Onda Vəfa müəllim keşmiş SSRİ-də tanınmış, nüfuzlu azərbaycanlı diplomat idi. Sonradan Vəfa müəllimin anasının Qazaxda məşhur Dilbazilərdən - Yaqut xanım olduğunu anam söyləmişdi. Bilmirəm, bəlkə böyüklərin təqdimatı çox təsir etmişdi, yoxsa özümün canlı diplomat tanımaq marağım üstün gəlmişdi. Mən bu insanı həyatda görmək, tanımaq istəyirdim.

Həyat elə gətirdi ki, Azərbaycanın müstəqillik illərinin əvvəllərində biz onu televiziyada tez-tez görürdük. Hər dəfə Qarabağ münaqişəsi ilə bağlı odlu-alovlu çıxışlarından sonra insanlar onun söylədiklərini müzakirə edir, Azərbaycanın belə diplomatının olması ilə qürur duyurdular.

Vəfa müəllim zamanında dövlətdə önəmli şəxslərdən biri olsa da, öz cəsarətli bəyanatları, insanların ürəyinə su kimi səpilən sərt bəyanatları ilə hər zaman xalqının yanında olduğunu açıq şəkildə göstərirdi.

Vəfa müəllimlə ilk tanışlığımız indiki Prezident Adminstrasiyasında olmuşdu. Onda Qarabağ münaqişəsi ilə bağlı danışıqlar olduqca gərgin keçirdi. Və biz jurnalistlər hər addımda dövlət rəsmilərindən, xüsusən də bütün danışıqlarda ulu öndər Heydər Əliyevin yanında olan xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadədən nələrisə öyrənməyə çalışırdıq.

Az sonra Vəfa müəllim istefaya getdi. Ancaq bu sadəcə vəzifədən gediş idi. Vəfa müəllim cəmiyyətə Qarabağ münaqişəsinin aşkar olan tərəflərini də, qaranlıq alan məqamlarını da gözəl bilirdi.

Ona görə də ömrünün son günlərinə qədər Qarabağ mövzusunda ictimai aktivlik nümayiş etdirdi. Bu münaqişənin yaradıcıları və həllinə imkan verməyən böyük dövlətləri Azərbaycan insanına yaxşı tanıtdı. Vəfa Quluzadənin hər açıqlaması, hər bəyanatı rezonans doğururdu və bu olduqca təbii idi. Çünki o, özü də heç sıradan bir şəxs deyildi. Gökəmli dövlət xadimi, görkəmli ziyalı və peşəkar diplomat idi. Və nəhayət mənim uzun illər boyu çox dəyərli müsahibim və həmsöhbətim idi.


Vəfa müəllim cəmiyyət üçün pozitiv bir insan idi. Lakin oğlunun xəstəliyi və vaxtsız vəfatı onu daxilən əymişdi. O, çox vüqarlı insan idi. Ona görə də ötən beş il ərzində bunu çoxlar hiss etmədi. Vəfa müəllim hər zamankı kimi politoloq kimi çıxışlarını da etdi, jurnalistlərə müsahibələrini də verdi, bəlkə ağıllı məsləhətlərini də əsirgəmədi. Bu beş ildə onun içində nələr yaşadığını isə yəqin ki çox az insan bildi. Doğmaları, yaxın dostları...

Bir neçə gündür ki, Vəfa müəllim aramızda yoxdur. Bu yazını yazmaqla Vəfa müəllimin ruhu qarşısında son vəfa borcumu vermək istədim. Bir vaxtlar özü söyləmişdi, bəlkə bir gün məndən mən olmadan yazarsınız. Onda bunu zarafat saymışdıq. Amma həyat bəzən zarafatları belə, acı gerçəyə çevirir.

Əlvida, Vəfa müəllim!

Əlvida! Görüşəcəyik!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir