Modern.az

Ərdoğan azərbaycanlı deputatlarla görüşüb

Ərdoğan azərbaycanlı deputatlarla görüşüb

14 Oktyabr 2009, 18:18

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də bu ölkədə səfərdə olan Azərbaycan parlamentinin 11 nəfərdən ibarət nümayəndə heyətinin qəbul edib.
Görüşdən sonra Milli Məclisin üzvü Səməd Seyidov türkiyəli jurnalistlərə açıqlamasında deyib ki, azərbaycanlı deputatlar Rəcəb Tayyib Ərdoğanla söhbətdən məmnun qalıblar: “Hörmətli baş nazirlə görüşdən çox xoş hisslərlə çıxdıq. Bölgədə sülh, əməkdaşlıq və iqtisadi inkişafın təmin edilməsi mövzusunda çox dəyərli söhbət apardıq. Baş nazir Azərbaycan parlamentində dediyi sözləri bir daha təsdiqlədi. Türkiyə öz siyasətində Azərbaycanın maraqlarını hər zaman nəzərə alacaq, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə edəcək”.
S. Seyidov bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyənlər niyyətlərinə nail ola bilməyəcəklər: “Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipi ilə inkişaf edir və edəcək. Heç kimin problem yaratmağa gücü çatmaz. Bizim ürəyimizdə Türkiyə sevgisi var”.
S. Seyidov Türkiyə-Ermənistan yaxınlaşmasını nəzərdə tutaraq bölgədəki sülh proseslərində Azərbaycanın maraqlarının mütləq nəzərə alınacağını bir daha vurğulayıb: “Baş nazir Ərdoğanın sözləri Azərbaycanda çox yüksək qiymətləndiriləcək. Biz çox razı qaldıq. Türkiyədəki görüşlərimiz davam edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi