Modern.az

ANS prezidentinin ölən qardaşına bu gün yas mərasimi veriləcək

ANS prezidentinin ölən qardaşına bu gün yas mərasimi veriləcək

18 Noyabr 2010, 10:27

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşı, tanınmış jurnalist Rafael Mustafayevin yas mərasimi noyabrın 18-də saat 15.00-da Yasamal rayonu, Şərifzadə, 134 ünvanında (ATS-lə üzbəüz) keçiriləcək. Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalistlərindən olan Rəfael Fuad oğlu Mustafayev noyabrın 14-də Bakıda avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Mərhum noyabrın 16-də Yasamal qəbiristanlığında dəfn edilib.

Rafael Mustafayevin ölümü ilə nəticələnən yol qəzasını törətmiş şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən ANS-ə verilən məlumata görə, bu İsmayıl İsmayılovdur. İ.İsmayılov Yasamal RPİ 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, piyadalar Rəfael Mustafayev və Qasım Muradpuru idarə etdiyi “VAZ 2107” markalı maşınla noyabrın 14-də Şərifzadə küçəsi 165 ünvanında, saat 22.45 radələrində vurub. Əldə etdiyimiz məlumata görə, saxlanılan şəxs polisə verdiyi ifadəsində hadisə zamanı Rəfael Mustafayevin və digər piyadanın sağ olduğunu deyib. Onun sözlərinə görə, piyadalar ondan xəstəxanaya çatdırmalarını istəyib. Sürücü əvvəlcə onları maşına mindirsə də, sonradan yaralıları Z.Kərimov küçəsinə apararaq oraya atıb. Nəticədə R.Mustafayev ölüb, Q.Muradpur isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Onu da bildirək ki, noyabrın 19-da Rafael Mustafayevin ailə həyatı qurmasından 27 il keçir. İndi onun həyat yoldaşı bu günü necə keçirəcəyini bilmir. Viktoriya Mustafayeva ANS-ə açıqlamasında bunları deyib: “Yeni konfransa getmək planı var idi. Onun planları çox idi. İstəyirdi ki, imkanı çatdıqca, Azərbaycana xidmət etsin. Bu ölkəni bir jurnalist kimi dünyada tanıtmaq istiqamətində durmadan beyni, dəqiq düşüncəsi ilə işləyirdi. Mən istəyirəm ki, Rafaeli unutmasınlar. Onun ölüm xəbərinə hamı ağlayırdı. Qadınların ağlaması hardasa başa düşüləndir. Amma kişilərin ağlamağı dəhşət idi”.

Mərhumun oğlu Elnur isə deyib ki, atasının ölüm xəbərini alanda, kiminsə onlarla zarafat etdiyini düşünüblər. Amma Elnur morqda atasını tanıyandan sonra həqiqətən də onu itirdiklərinə inanıb: “Mənə Allaha sevgidən danışırdı. Vətəni necə sevmək lazım olduğunu deyirdi. O həmişə hansısa erməni politoloqu nəsə deyəndə, tez azərbaycanlı politoloqu tapırdı, ona cavab verirdi. O həmişə deyidi ki, mənim üçün birinci vətəndir. Bunu həmişə bilmək lazımdır”.

R.Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft Kimya Akademiyasının məzunu olub. O, bir sıra yerli informasiya agentlikləri ilə işləməklə yanaşı, Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən etibarən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər