Mən Şamil Seyidli barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi işlədiyi vaxtlarda eşitmişdim. İctimai Təhlükəsizlik İdarəsinin rəisi kimi jurnalistlərlə kütləvi aksiyalarda tez-tez rastlaşan Şamil Seyidli birincilər tərəfindən böyük hörmətə malik idi. Çünki Şamil müəllimin olduğu tədbirlərdə jurnalistlərlə bağlı hər hansı problemin yaşandığını kimsə iddia edə bilməzdi...
Sonra Şamil müəllimi Yardımlı rayonuna polis rəisi göndərdilər. Onun İctimai Təhlükəsizlik İdarəsinin rəisliyindən rayon şöbəsinə rəis təyinatı birmənalı qarşılanmadı. Bədxahları Şamil müəllimin Yardımlı kimi ucqar bir rayona rəis göndərilməsini “ponijenie” hesab edirdilər. Ancaq kimlərin necə qiymətləndirməsindən asılı olmayaraq, Şamil müəllim polis zabiti kimi bu ucqar rayonda həm zabit şərəfini, həm də öz adını çox-çox ucalara qaldırdı. Yardımlı sakinləri nəhayət, onun şəxsində arzuladıqları ədalətli polis rəisinə rast gəldiklərinə görə indinin özündə də məmnunluq hissləri keçirirlər. Çünki, Şamil müəllim Yardımlıda olduğu qısa vaxtda mədəni davranışı, ədalətli qərarlarıyla yerli əhalinin rəğbət və hörmətini qazanmağı, onların sevimlisinə çevrilmiyi ləyaqətlə bacara bildi. Bütün bu uğurların qazanılmasında başlıca göstərici əlbəttə ki, Şamil müəllimin həddən artıq ədalətli olması, hər şeyə qanunun aliliyi prizmasından baxması olub. İbn Sina da vaxtilə məhz belə demişdi: “Ədalət hər bir davranışın yaraşığıdır”.
Üç-dörd ay olardı ki, Şamil müəllim Yardımlıda polis rəisi işləyirdi. Bir gün Naxçıvanın Şərur rayonundan olan, tez-tez görüşdüyüm dostum Mamed söhbət əsnasında “rayonda rəisinizi təzələyiblər, necə adamdır”-deyə məndən soruşdu. Əlüstü qayıdıb dedim ki, haqqında pis danışmırlar, hamı tərifləyir. Mamed razılıqla gülümsünərək, “başqa cür ola bilməz, mən də elə eşitmişəm” dedi. Doğrusu, mən o zaman Şamil müəllimin Şərurdan olduğunu bilmirdim...
Şamil müəllimlə şəxsi tanışlığımıza gəlincə, bu, üç-dörd il əvvəl Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun kabinetində baş tutmuşdu. Etiraf edim ki, təzə rəisi görəndə çox təəccüblənmişdim, boyunun “potoloka” çatdığını, üz-gözündən zərimar töküldüyünü təsəvvür etdiyim ənənəvi rəis əvəzinə, qarşımda əynində səliqəli polis mundiri olan yaraşıqlı polkovnik-leytenant dayanmışdı...
Adətən, uşaqlar xatirələrində daha çox qəhrəmanlara - yaddaşlarında dərin iz buraxmış cəsarətli insanlara oxşamağa çalışırlar. Bəlkə də bu səbəbdəndir ki, uşaqlıq illərini yada salanda, ilk növbədə, gözləri önündə özünün qaynar təbiəti, cəsarətli darvanışları canlanır, Şamil müəllimin. Bir də böyüyəndə qəhrəman olmaq kimi uşaqlıq arzuları. Çünki mən Şamil müəllimlə sonrakı təmaslarımdan biləcəkdim ki, onun uşaqlıq arzularından biri məhz polis rəisi olmaqmış. Halbuki uşaqlıqda əlçatmaz hesab elədiyi bu arzusuna çatanda inanmağı gəlməyib, təəccüblənib: “Mən bu vəzifənin öhdəsindən gələ bilərəmmi?” .
Şamil müəllim bəlkə də, belə deməklə, bir qədər təvözökarlıq edib, vəzifənin məsuliyyətini dərk edib, amma əslində, Yardımlıda işlədiyi ötən illər ərzində sübut edib ki, hətta nümunəvi rəis olmağı bacarıb.
Bu yerdə yazıçı Anardan iqtibas gətirmək istəyirəm: “Üç obrazı əsas götürmüşdülər – pəncərə, qapı, güzgü...bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də ki, qapının dalındakı həyat. Ancaq güzgü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən həyatı seyr edirlər, seyrçidirlər... Və nəhayət, üçüncü qisim adamlar, onlar qapını açıb həyata, insanların yanına çıxanlardır”.
Bu mənada Şamil müəllim də polis rəisi kimi üçüncülərdən oldu, yəni, həyata, insanların yanına çıxanlardan. Ona görə də, öz xarakteri, fərdi keyfiyyətləri və həyat tərzi ilə nümunə göstəriləcək şəxsiyyətlərdən biridir. Mənim nəzərimdə Şamil müəllimi xarakterizə edən ən ümdə meyar cəsurluğu, cəsarəti, igidliyi, necə deyərlər, hünəri və qeyrətidir. Onun bu keyfiyyətləri bütün fəaliyyətində, xüsusilə də Yardımlıda polis rəisi işlədiyi dövrlərdə daha qabarıq nəzərə çarpmaqdadır.
Şamil müəllim nümunəvi polis rəisi kimi cinayətkarlığa, narkomaniyaya qarşı daim amansız döyüşdədir: bu döyüşdə silahdan başqa hətta o, sərt sözlərini, ifadələrini də zəhərli gülləyə çevirərək cəmiyyətə zidd əməllərə qarşı “vuruşur”. Peşəsinin tələblərinə uyğun olaraq, rəhbərlik etdiyi şöbənin işini canlandırmaqla ictimai-asayişin pozulmasında maraqlı olanların yuxusuna əməlli-başlı haram qatır. Əldə olunan bu nailiyyətlərin hansı əzab-əziyyətin bahasına başa gəldiyini DİN rəhbərliyi də yaxşı başa düşür və qiymətləndirir. Məhz həmin qiymətin nəticəsidir ki, kollegiya iclaslarında Yardımlının adı nazir Ramil Usubov tərəfindən nümunəvi rayonlar sırasında dəfələrlə çəkilib. Əlbəttə ki, Şamil müəllimi belə alnıaçıq və basılmaz edən bir tərəfdən cəsarəti, hünəridirsə, o biri tərəfdən də tamahsızlığı, ləyaqətidir. Onda ləyaqət hissi o dərəcədə güclüdür ki, nə tamahkarlıq edər, nə də kimdənsə nəsə umar. Fikrimcə, insanın böyüklüyü, azadlığı da öz hissləri, tələbatları ilə mübarizədə üzə çıxır.
Bəli, Şamil müəllim məhz belə - öz hissləri üzərində ağalıq edən azad, sözün əsl mənasında, böyük bir insandır! Onda xoşladığım və özümə də təlqin etməyə çalışdığım daha bir xüsusiyyəti mübarizliyi, doğru bildiyi üzərində inadkarlığı, axıradək getmək bacarığı və haqsızlığa qarşı dözümsüzlüyüdür. Deyə bilmərəm, bəlkə də, ötən illər ərzində bu keyfiyyətləri ona müəyyən problemlər yaşadıb, amma həqiqət budur ki, mübarizliyindən dönməyib, sanki, özünün daxili rahatlığını bunda tapıb. Şamil müəllim nadir şəxsiyyətlərdəndir ki, haqqa, ədalətə söykənməyi, dostluğa sədaqəti, xəyanətə nifrəti öz şəxsiyyətində və fəaliyyətində həmişə nümayiş etdirir.
Bir dəfə Sumqayıtda məclislərin birində görüşdük Şamil müəllimlə. Onunla birlikdə olan tələbə yoldaşı təsadüfən mənimlə yanaşı əyləşmişdi. Yardımlıdan olduğumu bilib Şamil müəllimdən söz saldı, xeyirxahlığından, dostluğundan, özünü ağayana aparmasından, sədaqətli olmasından danışdı: “İnanın ki, Şamil tələbə vaxtı da beləydi. Qrupumuzun yaşca ən kiçiyi olsa da, həmişə ağıllı təklifləri ilə hamımızdan fərqlənərdi. Bu, üstün keyfiyyətlərinə görə, Şamili qrupumuzun ağsaqqalı seçmişdik”.
Şamil müəllimi təkcə mənə yox, bütövlükdə Yardımlı camaatına sevdirən daha bir xüsusiyyəti isə onun el təəssübü çəkən, Yardımlının dərdini doğma el-obasının və özünün dərdi, sevincini öz sevinci bilən qeyrətli bir insan olmasıdır. Bəlkə də, doğma el-obasına sevgisindəndir ki, Yardımlıya da sıx tellərlə bağlana bilib, özünü doğma Şərurdakı kimi hiss edir. Yardımlıların xeyir-şərində yaxından iştirak edir. Bir də görürsən, günün birində Şamil müəllim yolunu sərhəd yaxınlığında qərar tutmuş Kürəkçi kəndindən salar, kəndin ağsaqqallarını bir yerə toplayıb onların maraqlı söhbətlərini saatlarla dinləməkdən doymaq bilməz. Bu mənada, Şamil müəllim, təkcə öz nəslinə və el-obasına deyil, azad və ləyaqətlə yaşamağı qarşısına məqsəd qoymuş hər kəsə nümunə olacaq bütöv və kamil bir şəxsiyyətdir
Şamil müəllimi tanıyanlar yaxşı bilirlər ki, onun polis sisteminə gəlişi ciddi sınaqlardan, çətinliklərdən keçib, bəzən təsadüflər bu yolda taleyinə silinməz çalarlar əlavə edib. Ancaq yoruldum deməyib, bütün çətinliklərə sinə gərərək addım-addım irəliləyib. Hər dəfə qanunu pozanlara qarşı keçirilən əməliyyatlar zamanı əldə olunan kiçik qələbələrin nəticəsi olaraq nümunəvi polis zabiti adını şərəflə daşımaqdadır. Onun leksikonunda həm də, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, “belə asaram”, “belə kəsərəm” demək yoxdur, hətta qarşısındakı qatı cinayətkar olsa da. “Heç kəs anadan cinayətkar doğulmur” prinsipinə söykənərək qanun pozucularını tərbiyələndirmək, bu yoldan çəkindirmək naminə gərəkən nə varsa, onu etməkdən çəkinmir.
Çexovun sözüdür: “İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də”. Yüksək daxili mədəniyyətə malik, mülayim təbiətli və təvazökar, aydın fikirli, işgüzar və məsuliyyətli, eyni zamanda, məqamında qaya kimi sərt bir insan kimi tanınan Şamil müəllimə Allah hər şeyi öz yerində, öz vədəsində verib. Şamil müəllim özünün nümunəvi əxlaqı, ədalətli davranışı ilə Yardımlının “fəxri vətəndaşı” titulunu bu rayona gəldiyi ilk günlərdə qazanıb, yardımlılar da böyük fəxrlə onu özlərinə doğma övlad biliblər. Və mənə elə gəlir ki, bu şərurlu balası bütün zamanlarda sadə yardımlıların yaddaşında elə “Yardımlının Şamili” olaraq qalacaq...