Modern.az

Heykəldən uca Babək

Heykəldən uca Babək

Ölkə

9 Sentyabr 2011, 17:42

Bakıda Babəkə heykəl qoyulacağı xəbəri gecikmiş olsa belə, yenə də ciddi, son dərəcə gərəkli bir məsələdir. Çağdaş dünyanın halında, gündən-günə daha da gərginləşən ictimai-siyasi gedişlərdə çox zaman bilərəkdən milli hisslər itirilir. Dünyada qlobalçılıq dalğası gündən-günə artır. Balaca dövlətləri millətçilikdə suçlayan iri ölkələr əslində özləri millətçilik edir, onların millilik üzərində yüksəlişinə hər yolla əngəl törədirlər.

İnam Ata 25 il qabaq deyirdi: «Azərbaycana zahiri gözlə baxanda o, kiməsə balaca görünə bilər. Ancaq mənanı xarici gözlə görmək olmaz. Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar. Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində».  

Babək Xürrəmdin mövzusu türk milləti olaraq yaralı  yerimizdir. Çünki bu böyük qəhrəmanımız haqqında uydurulan bütün yalanlara dözmüşük, indi də dözürük. Niyə? Çünki özümüz ola bilməmişik, ola bilmirik. Onilləri, yüzilləri ötürə-ötürə, ulusallığımızı itirə-itirə bu günlərə gəlib çıxdıq. Ancaq artıq bundan o yana bir xalq kimi tərəddüdlü, ikiliklərlə yaşaya bilməyəcəyik. Dövlətçilik belə tələb edir. Ya gərək özünü təsdiq edəsən, ya da yadlıqlara, özgəliklərə boyun əyəsən. Babəkliyimiz – birsifətliyimizin təsdiqidir.

Folklor-xalqın ruhundan yetkin soraqlardır, xalqın canlı yaşamının hər anlamda varlığının təsdiqidir. Faciədir ki, bir neçə əfsanəni çıxmaq şərtilə Babək Xürrəmdin haqqında folklor örnəklərimiz belə yoxdur. Babək haqqında ən azı «Kitabi-Dədə Qorqud» səviyyəsində dastanımız yarana bilərdi, olmalıydı. Hələ üstəlik, tarixi islamdan çox qabaqlara gedib çıxan bu möhtəşəm dastanımızın da dinə qatılmasını sakitcə qarşılayırıq. Çünki özgələşdik, özgəninki olduq, özgəlikləri təsdiq etdik.

Bakıda Babəkin heykəli niyə qoyulmalıdır? Ona görə ki, Babək yenilməzlik ünvanıdır. Bununla biz tarixdən təsəlli tapmırıq. Təsəlli – Ocaq Fəlsəfəmizdə yalançı ümiddir. Asif Atanın “Mütləqə İnam” adlı möhtəşəm Dünyabaxışı yaranıb. Xalqımızı bu dünyabaxış əsasında var olmağa çağırıram. Babəkin Bakıdakı heykəli möhtəşəm olmalıdır. Heykəlin möhtəşəmliyi deyəndə onun iriliyini yox, ifadəsini nəzərdə tuturam. Doğrudur, Babək kimi qəhrəmanın heykəlinin biçimcə böyüklüyü də gərəkdir. İndi elə bir dahi heykəltəraşımız olmalıdır ki, o heykəli sözün gerçək mənasında xalq ruhunun ifadəsi kimi yarada bilsin.  

Bilmək gərəkdir ki, Babək hər şeydən öncə Ruhaniyyat hadisəsidir, xalqın öz dünyabaxışının ifadəsidir. Babəkin öz inamı olmasaydı, o, 23 il ərəb kimi azman imperiyaçıya qarşı dura bilməzdi.

Babək yalnız ruhaniyyat hadisəsi olduğuna görə özündən fiziki baxımdan qat-qat güclü yağıya qarşı öz inamıyla döyüşürdü. Bu səbəbdən onun inamı ərəbin dinindən qat-qat güclü idi. Əgər belə olmasaydı, xəlifə Mötəsim ən yaxın ətrafını belə Babəklə döyüşməyə göndərməzdi.

Babəki xəyanət yıxdı. Yaratdığımız möhtəşəmliyi qoruya bilmədik.    Nəzərə alaq ki, Babəkin ölümündən sonra Xürrəmilər 70 il ərəblərə qarşı mübarizəni davam etdirdilər.

Azərbaycan aydını, Babəkə münasibətini bildirməyinin zamanıdır. Bununla dövləti və xalqı qorumuş olacaqsan. Ümumiyyətlə, soydaşlarımızda dövlətçiliyə ciddi, ardıcıl, eşqli, təəssübkeş münasibət yaranmalıdır.  

Babək Xürrəmdinə sadəcə, heykəl qoymaqla iş bitmir. «Cansız heykəl – quru təbliğat»la iş aşmır. Burada başlıca məsələ heykəlin iş görməsidir. Heykəli canlı etmək üçün soydaşlarımız çox çalışmalıdırlar. Azərbaycanın dəyərlərinə yiyəlik duyğusu yaranmalı, hər cür özgəliklərdən imtina olunmalıdır.

İnsanlarımız yadlıqlara dirəniş məqamına yüksəlməlidirlər. Bu isə bütöv şəkildə yalnız Asif Atanın Mütləqə İnam Dünyabaxışı ilə baş tuta bilər. Çünki Ocaq hər sayaq özgəliklə döyüşündə ardıcıldır.

Babəkin heykəli azadlığın rəmziliyi  səviyyəsində qəbul edilməlidir. Heykəl onunla bağlı günlərdə ardıcıl olaraq yad edilməli, soydaşlarımızın qudsal ziyarət ünvanlarından birinə çevrilməlidir. Əgər öz içimizdən yaranmasaq, yadlıqlara ciddi, ardıcıl dirəniş göstərməsək, onda  sabahımız daha da təhlükəli olacaq.

Türk milləti, Azərbaycan dövləti olaraq itirdiyimiz şanslı məqamları geri qaytarmalıyıq. Bilməliyik ki, gerçək imkandan artıq imkanımız içimizdə həmişə var. Sadəcə onu üzə çıxarmalıyıq. «Ən böyük imkan – imkansızlıqdadır» (İnam Ata).

Babək haqqında daha ciddi, ruhlu sənət əsərləri yaranmalıdır. İncəsənətin bütün sahələrində Babək mövzusuna yenidən müraciət olunmalıdır. Yaradıcı insanlarımız bundan ötrü rəsmi göstəriş gözləməməlidirlər.

Biz nəinki Babəkdən əl çəkməliyik, ona bütün varlığımızla yiyə durmalıyıq. Bizi Babəkdən iyrəndirənlərdən iyrənməli, üz çevirməliyik.

Babək özü türk ruhlu bənzərsiz bir inamın yiyəsi idi. Əqidəsi yolunda sonacan döyüşən, qolları, başı kəsilən, bədəni, sonradan xatirəsi də şaqqalanan Babəkin xalqı olmağa layiqliyimizi göstərməliyik! Ancaq özündən, mahiyyətindən ayrılmış xalqımız elə bilir ki, Babək bizə layiq deyil, çünki o, ərəbə, islama qarşı döyüşüb. Tarixə, keşmişə güllə atmaq budur!

Babək əslində Ruhaniyyat heykəlidir – türk ruhunun yenilməzlik ifadəsi olduğuna görə. O, Türkün yetirdiyi ən uca şəxsiyyətlərdəndir. Asif Ata Babəki bu səbəbdən də Azadlıq Peyğəmbəri sayırdı.

Onun Azadlıq Fəlsəfəsininin mahiyyətini Ata belə açır: «İnsan dünyaya fərəh üçün gəlib. Ən böyük Fərəh isə Azadlıqdır. Azadlıq insanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır».

Heykəl Babəkə çox yaraşır – xalqı onu gözləyən hər cür təhlükələrdən qorumaq, hər sayaq yadlıqlara qarşı dirəniş göstərmək üçün! Xalq olaraq Babəkiliyin mahiyyətinə yetəriksə, onda  Babəkin heykəli quruca heykəllikdən çıxar, bizi sabahlara aparan, yadlıqla döyüşə səsləyən canlı Babək Xürrəmdin olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?