Nə sirdisə, İran ətrafında vəziyyət qəlizləşəndən sonra mətbuatda sosial şəbəkələrdə dindarlarla dünyəvi düşüncədə olanlar arasında “arvad papağı” mövzusunda başlayan müzakirələr bitmək bilmir. Maraqlıdır ki, forumlarda qadınlar qalıb bir tərəfdə, kişilər bir-birini “qırır”- qadınlar necə geyinməlidir?
Çadra (hicab) tərəfdarları bu geyimin Quranda əmr edildiyini iddia edirlər. Amma digərləri deyirlər ki, dinlərdə əmr yox, məsləhətlər, tövsiyyələr ola bilər. İkinci bir tərəfdən, islamın müqəddəs kitabı olan Quranda qadınların mütləq çadra geyinməyə məcbur edilməsi haqda ayə yoxdur. Orada qadınlara məsləhət görülür ki, geyinin, ayıb yerlərinizi örtün.
Mən də bir “prostoy” vətəndaş olaraq, “qonşudan dala qalmayıb” öz mövqeyimi burada izhar eləmək fikrindəyəm. Nöşün ki, bu məsələdə zidiyyətli məqamlar çoxdur.
İlk baxışda normal cəmiyyətə “geyinin” deyə ayə göndərmək məntiqli görünmür. Lakin, bu ayələrin təhlili göstərir ki, bu məsləhət konkret tarixi şərait, çoğrafi mühit, ictimai əxlaq və mənəviyyat kontekstində konkret cəmiyyət üçün tövsiyyə olunub.
Ərəbistanda islamdan öncə qadınların açıq-saçıq geyindiyi, hətta belllərinədək açıq geyindiyi məlumdur. Bundan başqa, Ərəbistan səhralarında qumdan və günəşin yandırıcı şüalarından qorunmaq üçün örtülü paltar geyinməyin də zərurət olduğu aydındır.
Düzdür, burada əxlaqi prinsiplər də nəzərə alınıb. Qadınların həddən artıq açıq-saçıq geyinməsi, çox şəhvətli olan ərəb kişiləri üçün dözülməz və təcavüzə meyilli bir situasiya yarada bilirdi.
Lakin, məlum olduğu kimi, indi VII əsr deyil. XXI əsrdə heç də bütün xalqlar vəşhi səhra ərəbləri kimi deyil, heç də bütün toplumlarda kişilər qadın əllərini ya da saçlarını gördükdə onun üzərinə hücuma keçən seksual manyak deyillər. Xüsusilə də, qadının əşya alınıb-satılmadığı Azərbaycan kimi ölkələrdə.
Digər tərəfdən, çadra, yəni, hicab sırf ərəb geyimidir. Bunun başqa xalqlara nə dəxli var? Hər xalqın öz kültürü, ənənəsi, yaşam tərzi, geyim forması var. Dünya belə gözəldir- rəngarəng, fərqli, təkrarolunmaz. İstər heyvanlar aləmində, istər bitkilərdə bu, belədir.
Bizim redaksiyanın hər otağında xanımlarla kişilər birlikdə çalışır. Aramızda bir ailə kimi səmimi və mehriban münasibətlər var. İndi bu xanımlardan biri çadraya bürünüb otaqda oturarsa, bu hərəkət kişi iş yodaşlarına qarşı təhqir sayıla bilər. Belə çıxar ki, biz onun haqqında pis fikrə düşmüşük, ya da ona qarşı qeyri-əxlaqi hissimiz var imiş. Sanki biz seksual manyakıq, o da bizdən qorunur.
Kişilər bir yana, belə geyim ətrafdakı qadınlara qarşı da psixoloji təsir yaradır. Belə çıxır ki, bu çadra geyən namuslu, tərbiyəli, “Allah adımı”dır, amma digərləri belə deyil. Ona görə də, digərlərində qıcıq yaranır.
Digər tərəfdən, həmin çadralının özündə də qeyri-iradi psixoloji sindrom yaranır- “mən bu kafirlərdən seçilirəm”, “onlar cəhənnəmə, mən cənnətə düşəcəm” kimi düşüncələr formalaşır.
Bütün xalqlarda olduğu kimi, bizdə də qadınların ta qədimdən baş örtüyü olub- onun adı yaylıqdır və çadradan, hicabdan kəskin fərqlənir. Yaylıq, nə dini atribut statusu daşımır, nə də başqalarında qıcıq yaratmır.
Bundan başqa, indi baş geyimləri xeyli çeşiddə istehsal olunur. Bunların hər hansı birini geyinmək olar, niyə məhz çadra, burası aydın deyil. Qadının bir-iki teli görünsə nə olacaqmış, adam cəhənnəməmi düşəcək? Buna görə insanı cəzalandıracaq Tanrıya heç kim inanmaz.
Hər bir halda geyim azadlığı deyilən bir şey var- kim necə istəyir elə də geyinməlidir. Lakin, qadınlar, xüsusilə də uşaqlar bunu könüllü şəkildə seçsələr yaxşıdır, ərləri və ya ataları tərəfindən məcbur edilmələri düzgün deyil.
Məntiqə görə, problem başın çölü ilə yox, içi ilə bağlı olmalıdır. Tarixdə dünyaya, cəmiyyətə xeyir verən bütün böyük qadınlar çadrasız olublar. Dinin mahiyyəti də, əslində zahiri görkəmlə yox, daxili aləmlə bağlıdır. Belə çıxır ki, bəzi dindarları məzmun yox, forma maraqlandırır. Bu isə, nə dinə, nə elmə, nə də məntiqə uyğun deyil.