Safruh
Hər bir mübarizənin səbəbi olduğu kimi, məqsədi də olur: fərdinki – fərdi, ictimaininki – ictimai. Bunların da bir-birinə aidliyi və etkisi olur. Mübarizənin yaxşı-pisliyini onun hədəfi (məqsədi) müəyyən eləyir öz çıxarına görə. Və bir də İctimai Rəy – bizdə, Azərbaycanda mövcud olmayan.
Mübarizə – basqıdır. Əsl (obyektiv müsbət anlamdakı) mübarizə – basqıya qarşı basqıdır, basqını üzərindən atmaq çabasıdır. (Zəif halda bu – dirənişdir). Çağdaş anlamdakı mübarizənin hədəfi azadlıqdır. Dünya (bəşər) içində – xalq azadlığı, xalq içində – fərd azadlığı. (Fərdin öz içində isə ruhani-insani ləyaqət, ərdəmlik tələbi – o azadlığın – fərd azadlığının – şərti və hədəfidir).
Azadlğı aldatmaq olmaz! Aldadılmış azadlıq – öz yiyəsi üçün tələdir. Ceyhun Bayramlı adlı birisi “Babək və Hürrəmilik (Yalanlar və gerçəklər)” adlı kitabıyla Azərbaycan xalqını və türk irqinin ləyaqətini aldatmaq istəyir. Onun bu kitabındakı Babək əcayib bir “ideal” uğrunda vuruşur: İslamın – ərəbin bir bölüyünü onun əsas kütləsindən qorumaq uğrunda! Xalq içində söz var: “Əhmədə Əhməd düşüb, sənə nə zəhmət düşüb?!” İndi biz bu sözü öz qəhrəmanımızamı deyək?!
Biz indiyədək Babəki az bir qüvvə ilə, azman bir imperiyaya qarşı öz xalqının dünyəvi və dini azadlığı uğrunda carpışmış əlçatmaz bir qəhrəman kimi tanımış və sevmişik. Ceyhun müəllimsə indi durub deyir ki, Babək və xürrəmdinlər namaz qılırmışlar, Bəzzdə uşaqlara Quran oxudurmuşlar, Babəkçilər ərəb cəmiyyətinin və ərəb ideologiyasının sağlamlığı peşindəymişlər. Yəni Babək hərəkatı ərəbiçi, islamiçi bir olaymış. Belə hal üçün də xalqımızın içində belə deyimlər var: “Apar qaytar!”; “Əgər şair bundan ibarətdirsə...”
Bir gəzişmə (haşiyə). Bəzən Azərbaycan aydınlarının bir qrupu yığışıb deyir ki, Novruz bayramının adı nə vaxtsa “Ergenekon” olub, gəlin bu adı bərpa eləyək. İllər öncə belə toplantıların birində mən də olmuşam. Orada da demişəm, indi də deyirəm: Vallah, bu, Donkixotluqdur! Vaxt itirməkdir, çəki itirməkdir. Xalq yazda təbiətin o gözəl Oyanışını “Novruz bayramı” deyə özünün yalnız ağlına deyil, sümüyünə də yazıb. O yazıya daha pozu yoxdur! O “bərpa” baş tutsa belə, dadsız-duzsuzluqdan başqa heç nə verməz.
Bunun kimi də Babək məsələsi. Xalq onu özünün, ərəb-islam (eyni dərəcədə!) işğalına qarşı döyüşmüş və ağılasığmaz dərəcədə boyük uğurlar qazanmış qəhrəmanı kimi tanıyır və tanıyacaq. Bu yazıya da daha pozu yoxdur! Buna qarşı çıxmaq da Donkixotluqdur.
Deyək ki, Babəkin tarixi gerçəkliyi sənin təqdim elədiyin kimi olub. Hərçənd, kitabından görünür ki, sən minbir yozumun içindən burada səni təmin eləyəni seçmisən. Aşağıda göstərilən tövrlərin bunu sübut edir. “Mənim fikrimcə, - deyə yazırsan, – Babəkin başçılığı altında baş qaldırmış hürrəmilər hərəkatını sırf milli-azadlıq hərəkatı kimi də qələmə vermək doğru yanaşma deyil” (s.245). Bu – bir.
Milli kimlik məsələsində şəxs adının önəmini vurğulayaraq, “Babək” sözünün etimologiyasına baş vurursan, onun türkcə (“bay + bək” – bəylər bəyi”) və farsca (“Papakan” – “Papakın kicik oğlu”) variantlarını rədd edirsən, qalır ərəbcəsi: “Bab – qapı, ək – mənsubiyyət şəkilçisi”. Nə alınır: “İslam peyğəmbərinin “elm qapısı”nın qulu” (?!) (s.126). Hələ bu “elm qapısı” nəymiş?! Biz, Azərbaycan xalqı olaraq o qulama “Yerə-Göyə sığmayan qəhrəman” deyir, onumu öyürmüşük?! O qapının qulu minlərcə deyildimi?! Onların neçəsi Babək siqlətində olub? Bu – iki.
Ərəbin peyğəmbəri var – əlçatmaz, İmam Əlisi var – sənə görə əlçatmaz, Əlinin oğulları var – sənin təqdiminə görə, bizim üçün əlçatmaz. Bəs bu Babək kimin aşiqi – Məcnunuymuş? Sən demə, Kərbəla döyüşündə Hüseyinin tərəfinə keçmiş Hürr adında bir Yəzid oğlunun, əsgərin, sərkərdənin... Burada həmin bitale Hürr qoçaqlıq edərək, “onadək adam öldürdükdən sonra başından ağır zərbə alıb” ölübmüş (s. 431). Bu Yəzid də xəlifə idi, islam dininin başçısı və ərəb idi. Babək hərəkatı, sən demə, həmin Hürr adından götürübmüş öz adını: Hürr-əm-likmiş! Bu – üç.
“Hürrəmilik” sözü “özgürlük”, “azadlıq” sözüylə bağlı deyilmiş (s. 363). Çünki XXI yüzil bilgini C.Bayramlıya görə, o qulun (Babəkin) qulluğu, köləliyi ona azadlıqdan üstünmüş. Bizə görə isə Babək Azadlıqçı deyil, “əhli-Beyitçi” olsaydı, gərək onun o cür ağılalmaz, Allahgötürməz bir zülümlə oldürülməsinə qarşı o qoçaq və göyçək əhli-Beyitçilər də bir üsyan qaldıraydılar və onların Babək adlı ziyarətgahları da olmalıydı. Olubmu elə bir üsyan? Varmı elə bir ziyarətgah? Bu – dörd.
Habelə, Xürrəmdinlik yaşam sevgisi-sevinci ilə bağlı deyilmiş, o anlamı daşımırmış. İslamın “o dünyacılığına” qarşı qoyulan bu dünyaçı Fərəh dini sistemi deyilmiş. Bu yozumu rədd etmək üçün, rayter-müəllif belə bir mühakimə irəliyə sürür: “Əgər doğrudan da bu hərəkat məhz ərəblərin İslam adı altında Azərbaycanı işğal etməsi, bizləri guya qırıb çatması və soyqırımına məruz qoyması səbəbindən yaranıbsa, bu “qətliama”, “külli-qırğına” qarşı çıxanların özlərini şən, gülərüzlü insanlar kimi tanıtmalarına heç bir əsas yoxdur. Axı hansı məntiqlə qisas hissilə alışıb-yanan üsyançılar deyib-gülüb şənlənməli idilər?” (s. 359-360)
Bu sitatın məntiqinə görə, işğalcı ərəblər o zaman qırğın törətməyiblər. Halbuki Babək hərəkatı, onun gerisi, irəlisi işğala qarşı ən böyük üsyan idi, ən göyçək dinin gül-çiçəklə qarşılanması deyildi (sizin iddia etdiyiniz kimi). Bu dinin, üsyanları necə qarşılaması barədə kitabınızda tutarlı faktlar göstərilir: “Yəmən üsyanı – ilk Raşidi xəlifəsi Əbu Bəkr Siddiqin hakimiyyətinin ilk ilində baş verib... Xəlifə Əbu Bəkr sərkərdə Xalid ibn Vəlidə qoşun götürüb Yəmənə getməyi... əmr etmişdir. Xalid ibn Vəlid Yəmənə gəlib çatarkən üsyan başçıları onu qarşılamış, onu digər sərkərdələrlə birlikdə açılmış qardaşlıq süfrəsinə dəvət etmişlər. Yeməkdən sonra Xalid ibn Vəlidin əmri ilə üsyan başçılarının əl-qolları bağlanaraq çölə çıxarılmış, xalqın gözü qarşısında Xalid tərəfindən boyunları vurulmuşdur. Bundan sonra, mənbələrin qeyd etdiyinə görə, Xalid ibn Vəlid üsyan başçılarından birinin arvadını camaatın içində soyunduraraq ona təcavüz etmişdir” (s. 413-414).
Görün Yəmən necə müsəlmanlaşdırılıb! Hələ Yəmən – Xalidin, Vəlidin, Əbu Bəkrin Vətəni, yəmənlilərsə soydaşları idi... Babək üsyanının (əslində savaşının) inadı, uğuru bəlkə belə motivlərdən qaynaqlanır, qeyrətlənir? Nə bilək! (Gör başqalarının başına nələr gətirilib!). Bu – beş və altı.
Ceyhun bəyin buraya qədərki fikirlərinə yönəlik mənim bəzi mülahizələrim.
Babək mübarizəyə başlayana qədər müsəlman ola (sayıla), “Həsən” adı daşıya bilərdi. Uşaqlar nə dini, məzhəbi, nə də adı özləri götürürlər özlərinə. Şüurlu, iradi şəkildə işə, mübarizəyə başladıqdan sonra hər kəs özünə ad seçə, əqidə, məslək müəyyən edə bilər. Ata-babasının mənsub olduqları din, məzhəb, təriqət onun kimliyinin mütləq şərti deyil. İslamın yayıldığı hər bölgəmizdə olduğu kimi, Bəzzdə də (üsyana qədər) məscid ola, Quran oxudula bilərdi. (Bu kimi mətləblər bardədə QMİ sədri H.A.Paşazadənin “Qafqzda İslam” kitabında da yetərli bilgilər var). Və bu kontekstdə Babəkin müsəlman olub (“namaz qılıb”!), ərəblərə qarşı o miqyasda döyüşməsi XX yüzilin ilk onillərində azərbaycanlıların kommunist olub, hansısa antipartiya qrupuna və ya fraksiyaya heyranlıqlarına görə rusları qırması təki bir zad olardı! Bəs o vaxtkı Azərbaycan Sovet ədəbiyyatının sevib-əzizləyərək “Sergey Mironıç” adlandırdığı S.M.Kirov, xilaskar Qızıl Ordu buna necə baxardı?! Deməzdilərmi dünən bizi duz-çörəklə, gül-çiçəklə qarşılayan siz deyildinizmi?!
C.Bayramlının Babəki – əlində aftafa-lüləyin, çiynində dəsmal, beli bükük aşağıdan-yuxarı baxır Əhli-Beytin və ya da Beyt əhlinin üzünə. Belə “qəhrəman” – ordular basa bilməzdi. Bizim Babəkimiz basıb axı! Özünüz yazırsınız...
Rayter-yazar hərdən də əlimizə billə verir – Babəkə yönəlik “Həsən adlı qəhrəmanımız” deməklə (adını daşımaqla şərəfləndiyimiz bu Həsən də 100-dən artıq arvadı olan imammış) və burada “-mız” şəkilçisinə vurğu yapmaqla.
Bizə mız qoymayan kimsə, mız qoyulmamış yerimiz qalmayıb. O dərəcədə ki, elə mızdan ibarətik – türk xalqı olaraq, ən azı, Azərbaycan xalqı olaraq... Bilmirəm indi biz haradan almalıyıq, haradan axtarmalıyıq “Türk Xalqı” adlı, heç olmasa “Azərbaycan Xalqı” adlı Ruhani, yəni Milli İradəni?!
...Türk Ulusu dünyanın bütün bu bəzək-düzəyi üzərində qəhqəhə çəkib güləcək. O gülüşün ilk qəhqəhəsi Ata Yurdumuz Azərbaycanda yüksəlməkdədir artıq! “Yaşasın Xalq! Rədd olsun Xalqsız beynəlxalq!” – o Gülüşün dediyi budur.
Xalq uğrunda (Xalqlıq uğrunda) döyüşmək başqa şeydir, başqa xalqa qarşı döyüşmək başqa şey. Birincisi – xeyirdir, ikincisi – şər. Başqa xalqa qarşı döyüşən mahiyyətcə, Xalqlığa, Xalq anlamına qarşı döyüşmüş olur, dolayısı ilə öz Xalqına da zərər vermiş olur. Bunun şərti odur ki, Xalq – insanlıq hədəfidir. Xalq, hədəfliyini itirəndə insanın hədəfi – öz canı olur, yəni təbiət olur – can isə – heyvandır! İnsan – ruhdur, ruhanidir – xəlqidirsə, Xalqlıdırsa.
Mən türkü (eləcə də Azərbaycanı) iri-xırdalığından, yaxın-uzaqlığından asılı olmayaraq, heç vaxt heç bir Xalqa qarşı döyüşməyə, nifrətə, qisasa çağırmamışam.
C.Bayramlının təqdimində təkcə Babək yox, Azərbaycan xalqı da, hələ desən Türk dünyası da “əhli-Beyt” heyranıymış, öz iş-gücləri, yurd-yuvaları, dərd-acıları yoxmuş. Düşünməyə (daha doğrusu, qaşımağa) başları, sevməyə-sevilməyə ürəkləri, kimsələri yoxmuş, elə bircə əhli-Beyt, əhli-Beyt, əhli-Beyt varmış. Ta Çingiz Törəqul oğlunun Anabeyitinə qədər... Belə çıxır ki, Ceyhunun Babəki əməlli-başlı müsəlman da deyilmiş, yarım və ya hətta çərək (dörddəbir) müsəlmanmış.
Əhli-Beytin də Baş Siması Hz. Əlidir. Kitabda ona yönəlik çoxlu öygülər yağdırılır. Onlardan biri özəllikcə şaşırtıcıdır: Siffin döyüşündə, “Hər iki tərəfdən çoxlu sayda adamın qırıldığı bu savaşda Həzrət Əli bir çox şücaətlər göstərib, hətta Məsudinin (Müruc, IV, 376) qeyd etdiyinə görə, Həzrət Əli bu döyüşdə təkcə bir gündə öz əli ilə 523 adamı öldürmüşdür” (s. 415).
Bəs 26.II.1992 – ilsıralı Xocalı soyqırımında neçə adam öldürülmüşdü? 613 nəfər. Çoxlu da başqa, insanlığa üz qaralığı gətirən, bəşərin gələcəyinə inamları qıran vəhşilik edilmişdi. Siffin döyüşünün qanı-qadası da yalnız Hz.Əlinin əli ilə törədilənlər deyildi axı! Özü də Siffin savaşı soydaş və dindaşlar arasında gedirdisə, Xocalını qıranlar rus-erməni ordu birləşmələriydi, üstəlik 366-cı motoatıcı alay idi. Hz.Əli həmin gün daha 90 nəfər qırsaymış...
Türklər bütün qanacağı həmin o əhli-Beytin bir uşağından alıbmışlar: “Kərbəlada savaşın ən şiddətli məqamında yeddi türk döyüşçüsü gəlib Hz. Hüseyin əfəndimizə onu Azərbaycana aparmaq istədiklərini söylədilər. Hz. Hüseyin əfəndimiz: “Sərkərdənizə təşəkkür edirəm, amma köməyiniz mənə yox, xəstə oğlum Abidinə (Zeynəl Abidin) olacaq. Mən şəhid olduqdan sonra onu özünüzlə götürüb aparın” buyurdu. Məşum olay baş verdi və türklər Abidin Həzrətlərini özləri ilə götürüb apardılar. Hz.Abidin orada öz sağlığına qovuşdu, Zeynəl Abidin (İbadət edənlərin ziynəti) oldu; Mədinəyə geri qayıtdı və məna sirri ilk dəfə Türklərə beləcə Əhli-beytdən intiqal etdi” (s.102-103). Bunu da Türkiyəli araşdırıcı-bilginlər – rayterlər Zəkəriyya Kitapçı və Nihat Çetinkaya nağıllayırlar. Onda bizim qanacağımızın kəm-kəsiri də həmin Beyt əhlindən olmalıdır.
Deyərlər “bu, qaynaqların yazdığıdır”. Bəs sənin dediyin hanı, ey Göytürk mədəniyyətinin genosidini yaşamış soyun soydaşı, 1930-larda xalqının idrakı və qeyrəti axtalanmış, Xocalı soyqırımını yaşamış ölkənin yurddaşı, humanitar sahə bilgini, teoloq-din alimi?! Sən ona münasibətiniysə də bildirməliydin axı, bildirmirsənsə, qaynağın dediyinə qoşulursan, onu təsdiqləyirsən, təbliğləyirsən. Mən də, Türk xalqı, çağdaş türk oxucusu olaraq, sənə inanmıram, səni rədd eləyirəm.
İslamın, müsəlmanlığın xidmətindən, türk etnosunun mənsubları əmtəə kimi satılıb-alınır, vergi rüsumu səviyyəsinə salınır: “Türk yurdu Türküstan sanki Ərəblərin qul bazarı halını almışdı... Xorasan xəracının bir qismi Türk köləsi olaraq göndərilirdi. Məmun dövründə Abdullah b. Tahir, xərac olaraq 2000 Oğuz kölə göndərmişdir” (s.384-385). Babək savaşının 20 illik uğuru və inadı yəqin həm də bununla bağlıymış. Ceyhun bəy bu parçanı Haqqı Dursun Yıldız adlı bir Türkiyəli yazarın “İslamiyyət və Türklər” kitabından götürür.
Yenə də həmin dinin ucbatından Göytürk tarix və mədəniyyət genosidi yaşamış xalqın mənsubu və hətta “Oğuz” AQ eş başqanı olan C.Bayramlıdan isə bircə hiddət sözü də qopmur! Əksinə, burada o, dinin (əslində işğalçının) tərəfində durur, bu zülmə qarşı çıxanları “İlahi gerçəklərin təhrif edilməsində, gizlədilməsində” (s.385) dolayısıyla suçlayır! Daş tök, Allah, Göydən!
Sonra da yekə-yekə deyirik ki, türk kölə olmaz. “2000 Oğuz kölə göndərilmişdir”. Demək asandır! Onların cinsi nə olub, yaşı neçə olub, onları haradan, kimdən qoparıblar, necə qoparıblar, necə aparıblar? Axı onların əvəzinə mal-qara, toyuq-cücə, yun, gön də alına bilərdi. Deməli, baba-nənələrimizi mal-qara, toyuq-cücə, yun, gön yerinə qoyaraq aparıblar – xərac kimi. Qabaqca əllərində olan-qalanı, sonra özünü, quruca canını da! Bu günə qədər də özümlüyünü; hər cür qeyrətini, sifətini, ərdəmini!.. Xalqın diri leşi – cəmdəyi qalıb. Yəqin buna görə içimiz Ceyhunlarla doludur, sözçümüz onlardır.
Belə gerçəklik üzərində ruhani insan gələcəyi qurulmaz. Türkün (ilk) Ruhaniyyat Ocağı – İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı başına çarə qılmalıdır!..
...Sanki Dinlə bağlı olan bu kitabda – din adına heç nə yoxdur. Bac, xərac, zorlama, başkəsmə, qan, qada, kölə, kəniz və ... Din?! Bu necə ola bilər?! Axı Din “Din – Dünya” qarşılaşmasında, qarşıdurmasında bilinə bilər. Kitabda Din adına (əvəzinə) ara-sıra başpiyləmə var. “Dinçiyəm” deyən kimsə insanın taleyi, dərdi, acısı üzərində ağlamır, fəryad qoparmır, Allahı köməyə çağırmır – Dünyaçının mirzəsi, quyruqbulayanı, kəsdiyi başları sanayan, aldığı bacları hesablayan qeydiyyatçı rolunu oynayır. Burada Dinçi Həqiqətdən uzaqda, çox uzaqlarda, demək olar, ona əks qütbdə dayanır.
Üz qabığında Azərbaycan xalqının ən böyük milli qəhrəmanı, güvənc yeri saydığı Xürrəmdin Babəkin adı yazılmış bu kitabda Babək yoxdur – onun haqqında soyuq araşdırma, quraşdırma, yaxışdırma və ... başpiyləmə var. Müsəlmanlarla (onlara qarşımı, onlarla birlikdəmi?!) vuruşan, qırışan, işğalçıların dünyabaxışının heyranı, dəlisi, bu baxışı onların özlərindən qoruyan, “Həsən” və ya “Babək” adlı qəribə bir “müsəlman” var. İndi Ceyhunlar da o ideyanın heyranı, dəlisidirlər.
Kitabda Azərbaycan xalqı yoxdur, türk xalqı yoxdur. Kitabda bu xalqın heç bir yaradıcılığı yoxdur, heç bir yaradıcısı yoxdur, heç bir and yeri yoxdur, başbiləni yoxdur – yalnız ayaq biləni, ayağa düşəni, yadların qoçu və “övliyalarına” aftafa daşıyanı var. Və bu hal (halımız) C.Bayramlını gözəl təmin eləyir! (Bunun niyəsini isə anlaya bilmədim).
“Ortada çox maraqlı... bir fakt da var: Azərbaycanın müxtəlif yerlərində Həzrət Əli (ə)-la bağlı olduğu söylənilən pir və ziyarətgahlar (Buzovnada, Lənkəranda, Türkanda Əliayağı qədəmgahları, Gədəbəydə Haçaqaya, Şəmkirdə imam Əli atının izləri olan ziyarətgah və s. və i.a.) vardır. Bu müqəddəs ziyarətgahlarla bağlı aparılmış araşdırmalarda onların məhz Həzrət Əlinin hakimiyyəti dönəminə... aid olması qeyd olunub... Doğrudur, 656-661-ci illərdə hakimiyyətdə olmuş Əli ibn Əbu Talibin yetərincə qarmaqarışıq bir dönəmdə taxtda olması onun müharibə, qəzavat və çəkişmələrdən vaxt tapıb Azərbaycan ərazisinə gələ bilməsi ehtimalını azaldır, amma istənilən halda hər bir hökmdar (!) öz hökmünün qüvvədə olduğu torpaqlara təğyiri-libas (?) olaraq çıxıb gəzə bilər, tarixdə bu cür hallara misallar həddindən artıq çoxdur, ikincisi isə, heç bir ağlı-dərrakəsi olan mömin insan... təməli yalan üzərində qurulmuş bir ziyarətgahı müqqəddəs qəbul etməz” (s.97-98). (Bunlar hələ Ceyhun bəyin dində öz təriqətinə uyğun saydığı “müqəddəs yerlərdir”! O biriləri də var axı! Rus imperiyası da Azərbaycanın müxtəlif yerlərində rus-xristian icmalarını məskunlaşdırırdı).
Deyirlər, respublikamızda onlarca gənclər təşkilatları var. Bəs haraya, nəyə, necə baxırlar XXI yüzilin o təşkilatları, o gəncləri?!
Ceyhun müəllimin sevdiyi “dəmir məntiq” sözünü yəqin burada yada salmaq yerinə düşər. Hz.Əli Azərbaycana heç gəlmədiyi halda, onun adı ilə, hətta atının ayağı ilə (!) bağlı “müqəddəs yerlər”imiz əmələ gəlir, “ağıllı-dərrakəlilərimiz”də oraları müqəddəs qəbul edirlər... Bu hansı məntiqdir belə?! O “müqəddəs yerlərin” təməli bu şərtlə yalan deyil, doğru olardı ki, orada yatanlar (və ya oradan ötənlər) Xocalı aeroportunu dişinə qədər silahlı rus əsgərləri ilə kəllələşərək, gözünün ildırımıyla qorumuş Əlif Hacıyev kimi, silahını götürüb təkbaşına erməni qoşununun içinə getmiş Mübariz İbrahimov kimi, Azərbaycan Bayrağını alçaldan yağı zabitini baltalamış Ramil Səfərov kimi döyüşçülər, Azərbaycan elmini bayatı qədər, xalça sənəti qədər Azərbaycan xalqına doğmalaşdıran Xudu Məmmədov kimi bilginlər, Azərbaycanın Nəsimi, Almas Yıldırım kimi fədai sənətkarlar olsunlar.
...Özü də “dəmir məntiq”dən danışırsan. “Dəmir məntiq” isə məntiqin özünə yox, çox önəmli və çox dolaşıq işlərdə onun vasitəsilə Həqiqəti üzə çıxaran şəxsin, fərdin məntiqinə deyirlər.
Yoxsa ağac məntiq, qarğı məntiq, qamış məntiq, kalış məntiq, küləş məntiq, ta püfə məntiqlərə qədər gedib çıxarıq. Bir baxın: Dəmir məntiq və ağciyər qovuqcuğunda “şəhadət”, ürək damarında Allah kəlmeyi-aliyəsinin yazılması; balığın quyruğunda, buludlarda, arı pətəyində, alma meyvəsi üzərində yazı (yəqin ki, hamısı ərəb dilində və ərəb əlifbasıyla yazılmış, ancaq hansı xətlə: təliq, nəstəlik, nəsx? – göstərmək gərəkdi); dəmir məntiq və əlində mikrofon (?) ana bətnində dua edən körpə (yəqin o körpə də ərəbcə oxuyur duanı – özü hansı millətdən olur-olsun); dəmir məntiq və çöldə otlayan mal-qaranın, sınıb-əyilmiş bitili ağacın üzü Kəbəyə səcdə qılmağı və s. və i. a.
Nədən Yer, Göy, külli-kainat ərəb dilinə, ərəb dininə, ərəb yazısına, ərəb zülmünə bunca hayıl-mayıldır Bayramlı Ceyhun bəyin sunuşunda (təqdimatında)? Bəlkə o, ərəb kökənli Azərbaycanlıdır? Nə olar ki, bu, normal şeydir – nə yaxşıdır, nə pis. Bəs Azərbaycan icində, türk icində olub, “Oğuz” Birliyi Araşdırmaçılar Qrupunun həmbaşqanı, Azərbaycan Respublikasının başkəndində universitet müəllimi olub, ayrı bir millətə bunca bağlı olmaq, xidmət etmək sadaladığımız məntiqlərin hansı ilə çözülə, yozula bilər görəsən?
Bu boyda milləti, soyu, irqi nəyin bahasına olur-olsun islamın əhli-Beytinə yerləşdirmək istəyən C.Bayramlı bu gün Azərbaycan xalqının ağlında və qəlbində olan sevimli obraz və anlayışların, demək olar, hamısın qaralayıb gözdən salır: M.Ə.Rəsulzadə milli qəhrəman, öndər olmayıb, ADR-i Müsavat yox, “Difai” qurub, biz heç vaxt atəşpərəst, Zərdüştçü olmamışıq, Oğuzlar islamı bəh-bəhlə, cəh-cəhlə qəbul ediblər, Novruz bayramında tonqal üstən hoppanmaq bayrama ziddir, “Avesta” bizim deyil, onda ailəçi əxlaqsızlıq var, od – şeytandır, Babək mömin müsəlmanmış, türk – millət deyil, Ziya Göyalp türkü millət elan etməklə səhvə yol verib, türkçülük bizim azərbaycanlı kimi lokal kimliyimizə ziddir, xəzərlər talançıymışlar (ərəblər yox), Xətai də əhli-Beyitçiymiş, Osmanlı tarixçiləri Beytə girmək istəmədikləri üçün təhrifçiymişlər... Nə qalır? Əhli-Beyt, əhli-Beyt, əhli-Beyt və miladdan çox-çox o yanlarda dumanlara bürünmüş “qamlar”, “muğlar”, “mağlar” – bugünki azərbaycanlı qulağına, qəlbinə duyğusuna heç nə deməyən, onu çağırmayan, heç bir şərinə qarşı kökləməyən, adda-budda, sökük-çökük, ölü əfsanələr.
Və biz ucsuz-bucaqsız Türk irqi olaraq, oz adımızla bağlanan heç nə yaratmamışıq: nə din, nə tarix, nə təqvim, nə elm, nə fəlsəfə nə də heç olmasa əlifba – heç nə! Bilginimizsə bizi yaradıcılığa cağırmaq əvəzinə, özgələrin qoltuğuna kisləyir. Mən bu boyda kitabda damağıma dad verən, cinsimi mənə xatırladan bircə söz oxudum: “Tanrı sizə kitablar, bizə Qamlar verib. Biz onların söylədiklərini yaparız və rahat yaşarız. Mengü Xan” (s. 285).
Çağımızda ümumbəşər miqyasında insan pozulub gedir (deqradasiyaya, dekadansa uğrayır). Biz İnam Atanın Mütləqə İnam Ocağı olaraq, Xalqın varlığını qorumağı bu pozulmanı önləməyin bir vasitəsi sayırıq. Bizə görə, Xalq – fərdin hünər və sınaq meydanı, sevib-sevildiyi, sifətini qorumalı olduğu mühitdir. Batı kürəsəlçiliyi ilə Din kürəsəlçiliyi üz-üzədir; bir Zor – o biri Zora qarşıdır. Biz hər cür qlobalçılığa və Zora qarşıyıq. Çünki bunların ikisi də Xalqın varlığına qarşı olmaqla, insanı hədəfsiz eləyir.
Bu baxışa (Mütləqə İnama) xidməti biz ən uca hünər sayırıq. Bu baxımdan yanaşmaqla, öncə bu yazının adını “Hünərsizliyə çağrış” qoymuşdum. Sonra bunun yalnız yazarı qınamaq anlamı verəcəyini düşünüb adı dəyişdim. Qərara gəldim ki, Ceyhunlu, Safruhlu, Dinçili, İnamçılı, Oxuculu – ayrı-ayrılıqda, Yazıçılı və hamımız birlikdə düşünək: Bizə hansı gələcək gərək? Müstəqilmi xalq olmalıyıq, yarımmüstəqilmi, asılımı? Birdillimi xalq olmalıyıq, iki-üç dillimi, çoxdillimi, dilsizmi? (Burada Xalqla Mütəxəssisi qarışdırmamalı!) Mərkəzmi olmalıyıq, ucqarmı? Öyrətmən Xalqmı olmalıyıq, öyrənci Xalqmı?
Düşünürəm ki, Xalq duyğusu ilə yaşayan hər kəs (gümanıma görə, sayın C.Bayramlı da bu qəbildən olar) öz xalqı üçün bu sualların birinci tərkibini istər: Müstəqil, Birdilli (Özdilli), Mərkəz, Oyrətmən...
Bunun üçun bizə öz sivilizasiyamız – Mütləqə İnam gələcəyi gərəkdir: İnam Mütləqliyi (bu din deyil), insan kamilliyi, Vətən müstəqilliyi, Ruhani birlik (ağasız, nökərsiz, təbəqəsiz, özgəçiliksiz cəmiyyət), Doğunun özümlüyü (öz dəyərləri, öz psixologiyası ilə yaşaması) və bəşərin insan ləyaqətinə üz tutması, ona tapınması. Yəni özümüzdə və ilk növbədə öz türk irqimiz üçün ruhani-fəlsəfi-ideoloji cazibə mərkəzi yaranması gərək.
İnam gəlib – öz Yurduna, öz Ulusuna. Öz yurddaş və soydaşları ürək və ağıllarının qapısını Onun qarşısında geniş açsınlar. Bizə gərəkən budur!...
Çabalarımız istədiklərimizin yaranmasına xidmət etməlidir. Yoxsa o qədər zəhmət çəkəsən, qaynaqlara baş vurasan, rəylərlə döyüşəsən, təpkilər olacağını gözünün altına alasan, gümanlar, fərziyyələr qurasan, vaxt və vəsait, üz nuru, göz nuru xərcləyəsən, ancaq bunca möhtəşəm mövzuda Xalqına heç bir fərəhli, qürurverici, onu kişiləşdirici, xalqlaşdırıcı söz deməyəsən! Bu, dini imperiya – Xilafət ideologiyasıdır – Batının liberal-demokratiya adlı dünyəvi imperiyaçılıq ideologiyasının qarşılığı...
Məncə, bunlar nə Azərbaycana gərəkdir, nə Xalqa, nə də insana. Bunlar əski, əskimiş dünyanın iki ucsuz-bucaqsız tör-töküntülərdir – bəşər içindəki tükürpədən eybəcərlikləri, humanizmin çöküşünü bəsləyən, becərən bunlardır.
Həqiqət, Ləyaqət, Bəşərin taleyi, İnsanın Gözəlliyi, İnsan Qəlbinin harayı qalır bir qıraqda, Mənafelər, iştahalar öz köpək dişlərini işə salaraq, başımızın, sinəmizin üstündə çarpışırlar, qarpışırlar, didişirlər, hürüşürlər, tüpürüşürlər...
Məncə, bu əski dünyanın ölümqabağı iylənməsidir. Bəşərə, Dünyaya, Həyata Mütləqə İnam sivilizasiyası gərəkdir – havanı təmizləyən, qanları təzələyən, gözləri duruldan, dünyanı insana doğmalaşdıran, onun ağlından Başqasına nifrət ayıbını silən, canından ölüm xofunu çıxardan...