M.F.Axundzadənin dünyagörüşündə türkçülük və «farsçılıq»
XIX əsrin I yarısında Azərbaycanda milli «Tarix» ilə milli özünüdərkin təməlini qoyan, onun milli mənşəyinin, dilinin, mədəniyyətinin, coğrafiyasının müəyyənləşməsində başlıca rol oynayan A.A.Bakıxanovdursa, XIX əsrin ikinci yarısında milli ideologiyanın əsas prinsiplərinə çevrilən ideyaları, sözün həqiqi mənasında millətin gündəliyinə gətirən M.F.Axundzadə, H.B.Zərdabi və Ş.C.Əfqanidir. Onların milli əməlləri sayəsində milli özünüdərk prosesi milli ideyaların yaranmasına səbəb oldu. Başqa sözlə, Qafqaz Azərbaycanında milli ideologiyanın təzahürlərinin meydana çıxmasında və Qərb mədəniyyətinin bu bölgədə yayılmasında onların böyük rolu oldu. Bu ziyalılar həm nəzəri ideyaları, həm də novatorluqları ilə milli ideologiyanın təşəkkülü prosesinə təkan vermiş və Qərb mədəniyyətinin müsbət cəhətlərini vaxtında görərək müsəlmanlar, o cümlədən Azərbaycan türkləri arasında yaymışlar. Son dövrlərdə aparılan elmi araşdırmalarda da A.A.Bakıxanov, Mirzə Kazım bəy, M.F.Axundzadə, H.Zərdabi və C.Əfqaninin adlarının milli ideologiyanın, milli azadlıq, milli oyanış hərəkatının təşəkkülünün nümayəndələri kimi çəkilməsi, bu fikrimizi bir daha təsdiq edir.
Fikrimizcə, son dövrlərdə bu ziyalıların, özəlliklə Mirzə Fətəli Axundzadənin yaradıcılığı təfsir edilərkən bəzi məqamlar, o cümlədən ideoloji məna daşıyan türkçülük və «farsçılıq» bir-birindən fərqləndirilməmiş və buna görə də onun islama radikal münasibətinin əsil mahiyyəti nəzərdən qaçırılmışdır. Belə ki, SSRİ dövründəki elmi tədqiqtaçılar tərəfindən M.F.Axundzadə birmənalı şəkildə materializmin, ateizmin, inqilabi-demokratiyanın Azərbaycanda banisi sayıldığı halda, indi də bəzi tədqiqatçılar onu yeri gəldi-gəlmədi milli ideoloqa çevirir, yaxud da möminləşdirməyə cəhd göstərirlər. Əlbəttə, M.F.Axundzadənin Azərbaycan türklərinin tarixində, milli mənəviyyatında oynadığı mühüm rolu inkar etmək mümkün deyildir. Lakin bu, heç də onun yaradıclığındakı məhdud cəhətləri, milli mənəviyyatımızla uzlaşmayan bəzi məqamları qeyd etməyimizə əngəl olmamalıdır.
M.F.Axundzadənin bütün əsərləri ilə tanışlıq bizə deməyə əsas verir ki, onun yaradıcılığında milli-mənəvi kimlik, fəlsəfi dünyagörüş baxımından iki əsas təsir duyulur: türkçülük və «farsçılıq». Fikrimizcə, Axundzadənin yaradıcılığının ilk dövrlərində türkçülük - türk mənşəyinə, türk dilinə, türk mədəniyyətinə bağlılıq daha üstün olmuşdur. Ən azı o, gənc vaxtlarında və sonralar, təxminən 1860-cı illərin ortalarına qədər türk ruhu ilə yazıb-yaratmış, məşhur komediyaları və başqa əsərlərində Azərbaycan türk millətinin inkişafı, oyanışı uğrunda mübarizə aparmışdır. Əlbəttə, Azərbaycanın cənubundan Şəkiyə gəlmiş bir türk ailəsində anadan olan, türk dilində dil açan, 1845-ci ildə milli mənşəyi türkmən kimi göstərilən və farscanı mədrəsədə öyrənən Axundzadənin belə bir yol tutması təbii idi. Belə ki, 1845-ci ilin oktyabrında, Tiflisdə şeyxülislam, Tiflis axundu Məhəmmədəli və başqa 23 nəfərin imzası ilə yazılmış Axundzadəyə aid «şəhadətnamə»də yazılır: «Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar». Deməli, Axundzadə fars, rus və b. millətçilərin təsiri altına düşməmişdən öncə, milli mənşəyini türkmən kimi göstərmiş və «türk» adına xidmət etmişdir. Bu baxımdan Axundzadənin 1845-ci ildə ona aid olan bir şəhadətnamədə milli mənşəyini türkmən kimi göstərməsi, ömrünün son çağlarında özünü «zahirən türk» adlandırıb, kökünün fars nəslinə bağlamasından daha gerçəkçidir.
Bir türk kimi də M.F.Axundzadənin yaradıcılığının ilk dövrlərində türkçülük ruhu hakim idi ki, türk ziyalıları A.A.Bakıxanovun, İ.Qutqaşınlının, Q.Zakirin və başqalarının ona təsiri daha çox duyulurdu. XIX əsrin 40-cı illərinin sonu, 50-ci illərindən başlayaraq M.F.Axundzadənin Azərbaycanda türk ədəbi dilinin inkişafında və bu dildə ədəbiyyatın yaranmasında göstərdiyi xidmətlər buna bariz nümunədir.
M.F.Axundzadənin milli, türkçülük əməllərindən biri komediyalarını doğma dilində yazması və bu dilin saflaşdırılmasındakı rolu olmuşdur. Bu isə o deməkdir ki, bu əməlləri ilə Axundzadə türk dilinə, türk ədəbiyyatına və türk xalqına xidmət etmişdir. Deməli, Axundzadə yaradıcılığının ilk dövrlərində türk kimi düşünmüş, bir türk olaraq türk dilində komediyalar yazmış və bu zaman yerli xalqın, yəni türklərin ləhcəsini və orfoqrafiyasını nəzərə almışdır. Bu komediyalar yeni açılan «rus-tatar» məktəbi adlanan məktəblərdə bir dərslik kimi istifadə olunmasa da, türk və müsəlman dünyasının ədəbiyyatına ciddi dəyişikiliyə səbəb olmuşdur. Bu dəyişiklik başlıca olaraq özünü qəzəl, mərsiyə, mədhiyyə və bu kimi sxolastik ədəbiyyatla yanaşı, yeni bir realist, tənqidi ədəbiyyatın yaranmasında da göstərdi. Beləliklə, M.F.Axundzadə komediyaları, povesti ilə türk və müsəlman dünyasında yeniliklər etmiş bir türk ziyalısıdır.
Türkcə yazdığı komediyalar və povestindən sonra Axundzadənin yeni əlifba layihəsini ortaya atması heç də təsadüfi deyildi, əksinə başladığı milli işlərinin davamı idi. Çünki Azərbaycan türklərinə məxsus türk dili formalaşmasında və ədəbiyyatın yaranmasında fəal iştirak edən Axundzadənin bundan sonra, ərəb əlifbasında dəyişiklik etmək fikrinə düşməsi, tamamilə məntiqə uyğundur. Fikrimizcə, əlifba layihəsini də Axundzadə öncə Qafqaz - Azərbaycan türklərinin əlifbası kimi işləyib hazırlamışdır.
Çox keçmir ki, Axundzadə Dağıstanda tətbiq olunan latın əlifbası ilə yaxından tanış olur. Bundan sonra Axundzadədə yeni fikir yaranır: ərəb əlibasından imtina edib latın əlifbasına keçmək. Onun bu ideyası türk və müsəlman dövlətləri arasında ilk dəfə Azərbaycanda 1922-ci ildən tətbiq edilməyə başlamışdı.
M.F.Axundzadənin Qərb mədəniyyətinin təsiri ilə irəli sürdüyü ideyalarından biri də «millət» anlayışını gündəmə gətirməsi və ona tərif verməsidir. O, Azərbaycan türk millətinin ziyalıları arasında ilk dəfə «millət» sözünü fəlsəfi-ideoloji mənada işlətmiş, milli kimliyi əks etdirən «millət»lə dini mənadakı «millət» anlayışlarını bir-birindən fərqləndirmişdir. Qərb mədəniyyətinin təsiri alıtnda, türk və müsəlman dünyasında ilk dəfə konstitusiyalı dövlət ideyasını da o, irəli sürmüşdür. M.F.Axundzadəyə görə, konstitusiyalı dövlət üçün zəruri olan məsələlərdən biri də dinin dövlətdən ayrı olmasıdır.
Axundzadə bu dövrdə islamla hakimiyyətdə əsas yer tutub xalqı çapıb-talayan ruhaniləri eyni səviyyədə tuturdu. Halbuki ruhanilərin əməlinə görə, nə islam, nə də onun peyğəmbəri günahkar ola bilməz. Fikrimizcə, bu məsələyə münasibətdə daha obyektiv mövqeni M.F.Axundzadə deyil, H.Zərdabi, Ş.C.Əfqani, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b. tutmuşdur.
Əlifba islahatı uğrunda mübarizə apardığı bir dövrdə - 1860-cı illərin ortalarından, Axundzadədə «farsçılıq» baş qaldırmış və ən maraqlısı odur ki, həmin dövrdən etibarən o, eyni zamanda islam dinini hədəf götürmüşdür. Dünyagörüşündə baş verən bu dəyişikliklə Axundzadə türk milləti, türküçülük uğrunda başladığı işi axıra qədər davam etdirə bilməmiş, daha doğrusu, buna, onda baş qaldıran «farsçılıq» əngəl olmuşdur. Buna ən bariz nümunə isə «Kəmalüddövlə məktubları» və həmin əsərindən sonra Mirzə Melkum xana, Manukci Sahibə, Cəlaləddin Mirzə və b. yazdığı məktublardır. Təsadüfi deyil ki, Axundzadənin 1866-67-ci illərdə qələmə aldığı «Kəmalüddövlə» əsərinin qəhrəmanı Kəmalüddövlə də İrana səyahət edərək, burada islami fanatizmi «ifşa edir». İndinin özündə də, əvvəllər də bir çox tədqiqatçılar Axundzadənin bu əsərdə islamı olduqca sərt şəkildə tənqid etməsini başqa yerə yozmuş, məsələnin əsil mahiyyətinə varmamış, yaxud da varmaq istəməmişlər. Burada məntiqi bir sual da yarana bilər ki, Axundzadənin islamı kəskin şəkildə tənqid etməsi Azərbaycan müsəlmanlarına, ümumiyyətlə islam aləminə lazım idimi və bu, hər hansı müsbət nəticələr verdimi? Fikrimizcə, Axundzadənin islama qarşı tutduğu radikal mövqenin, hazırda Azərbaycan xalqının milli ideologiyasının yaranmasında hansı rol oynaması məsələsi öz həllini tapmamış qalır. Eyni zamanda bu çox incə məsələdir və obyektiv izahına ehtiyac vardır. Bu baxımdan Axundzadənin islama qarşı yönəlmiş mövqeyinin və bundan irəli gələn mülahizələrinin milli ideologiyamıza mənfi, yoxsa müsbət təsirinin olduğu xüsusi tədqiqat tələb edir.
Fikrimizcə, Axundzadə də ömrünün son dövrlərində «farsçılığ»ın yaranması bir neçə amillə bağlı ola bilər. Birincisi, mümkündür ki, Qafqazın Rusiyanın tərkibində olduğu bir vaxtda, Axundzadə yalnız İran xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparmağı və hətta bunu, əsaslandırmaq üçün o, özünü farslarla da əlaqələndirməyi məqsədəuyğun hesab etmişdir. Bizə elə gəlir ki, bəlkə də, bununla Axundzadə İrana nə üçün can yandırdığını əsaslandırmağa çalışmışdır. İkincisi, ola bilər Axundzadə əlifba layihəsinin Qafqazda və Türkiyədə reallaşdıra bilmədiyinə görə, bunun İranda həyata keçirilməsi naminə özünü fars mənşəli kimi qələmə vermişdir. Üçüncüsü, mümkündür ki, Axundzadənin milli mənşə məsələsində belə bir qənaətə gəlməsində, ən yaxın dostu, «ruhül-qüds» saydığı erməni zadəganlarından Mirzə Melkum xanın, İranın Tiflisdəki baş konsulu fars Mirzə Hüseyn xanın, rus məmur və ziyalılarının (Nikolayi və b.) və masonların mühüm rolu olmuşdur. Onlar Axundzadənin diqqətini türk mənşəyindən, Azərbaycan türk millətinin azadlığı və bütövlüyü uğrunda mübarizədən yayındırmağa müəyyən dərəcədə nail olmuşlar. Əgər Axundzadə milli mənşə məsələsində türklüyünün üzərində sona qədər dayansaydı, onda onun mübarizəsinin hədəfində yalnız Azərbaycan türk millətinin azadılğı və xoşbəxtliyi duracaqdı. Bu isə, nə İran İmperiyasını qorumaq istəyən farslara, nə Türkiyənin Şərqində və Qafqazda dövlət yaratmaq istəyən ermənilərə, nə də onların havadarı olan və bu bölgədə əbədi nüfuz sahibi omaq istəyən ruslara və masonlara sərf edirdi. Bu mənada onların milli mənşə və başqa ideoloji məsələlərdə Axundzadəyə müəyyən təsiri qaçılmazdır. Əks təqdirdə türk məmləkətində - Azərbaycanda dünyaya gələn, türk dilində dil açan, əvvəlcə nəslini türkmən kimi göstərən, türkcə komediyalar və povest yazan, türk insanını maarifləndirməyə çalışan Axundzadənin milli kökünü sonralar türklüklə yanaşı, həm də farslarla bağlamasına başqa nə səbəb ola bilər?
Yuxarıdakı fikirlərimizi ümumiləşdirərək hesab edirik ki, Axundzadə erməni, fars və rus millətçilərinin təsiri altında ona süni şəkildə aşılanan farsçılığı önə çəkərək, onda gənc yaşlarında təbii şəkildə yaranan türkçülüyü, sonralar həmin səviyyədə davam etdirə bilməmişdir. Belə ki, hələ XIX əsrdən başlayaraq Azərbaycan türkünün şüuruna, qafasına zorla yeridilən «sən türk deyil, farssan», «sən türk deyil, iranlısan (persiyan)», «sən türk deyil, tatarsan» ideyaları Axundzadədən də yan keçməmişdir. Bunun da nəticəsində Axundzadə ömrünün son çağlarında türklərin tarixini, mədəniyyətini, dövlətçiliyini təbliğ etməkdənsə, müəyyən qədər farsların tarixini, mədəniyyətini, dövlətçiliyini tərənnüm etmiş, hətta farsların dini hesab etdiyi zərdüştlüyün əsaslarını və s. öyrənməyə başlamışdır. Ola bilsin ki, bu, Axundzadə tərəfindən bir ədəbi piryom idi. Lakin istənilən halda kənar təsirlər heç də Axundzadənin nə fars olması, nə də fars millətinin nümayəndəsi kimi farslara xidmət etməsi anlamını verə bilməz. Həmin dövrün şəraiti ilə bağlı Axundzadəyə müəyyən kənar təsirlər olsa da, ancaq bu təsirlər Axundzadəni nə fars, nə də iranlı edə bilməmişdir.
Çünki bütün hallarda Axundzadənin irsindən ən çox yararlanan Azərbaycan türk milləti olmuşdur. Axundzadə nə qədər ömrünün son çağlarında İran xalqının - farsların azadlığını, sivil millətə çevrilməsini qarşısına məqsəd qoymuş olan bir şəxs təsiri bağışlasa da, onun ideyaları İranda deyil, Azərbaycanda, xüsusilə, bu ölkənin quzeyində yaşayan Qafqaz türkləri arasında daha çox yayılmış və qəbul edilmişdir. Xüsusilə, onun türkcə yazdığı komediyaları və povesti, yeni əlifba layihəsi, eləcə də Qərb mədəniyyətinin təsiri altında irəli sürdüyü bir çox ideyaları - konstitusiyalı dövlət, dinin dövlətdən ayrı olması, azad və milli mətbuatın yaranması və s. məhz bu dövrdən etibarən Azərbaycanın şimalında yaranmağa başlayan milli ideologiyaya xidmət etmişdir.