Modern.az

Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə

Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə

Ölkə

18 İyul 2013, 11:04

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Çağdaş  Azərbaycan türk ədəbiyyatının tanınmış nümayəndələrindən Cəfər Cabbarlının yaradacılığında milli-mənəvi və dini dəyərlər bir tamlıq təşkil etmişdir. Milli istiqlala və türkçülüyə bağlı olan C.Cabbarlı Azərbaycan bayrağına həsr etdiyi «Sevdiyim» şeirində yazırdı:

Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.

Onun  1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunan «Azərbaycan bayrağına» şeiri ziyalının Cümhuriyyətə bağlılığının ən bariz nümunəsidir:                    

                                   Bu ay, yıldız, boyaların qurultayı nə demək?
                                               Bizcə böylə söyləmək!
                                   Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
                                               Bir türk oğlu olmalı! 
                                   Yaşıl boya islamlığın sarsılmyan imanı,
                                               Ürəklərə dolmalı!
                                   Şu al boya azadlığın, təcəddüdün fərmanı,
                                               Mədəniyyət bulmalı.
                                   Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!
                                   Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
                                               Səhərlərə uçmuşdur
                                   Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
                                               Yurdumuzu qucmuşdur!
                                   Allah, əməllərim edib şu bayrağı intiqal,
                                   Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
                                   Yürəyində bir dilək var, o da doğru kəsilsin,
                                   O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Cabbarlı ən məşhur pyeslərindən "Ədirnə fəthi"ni, "Trablis müharibəsi"ni də Cümhuriyyət dövründə yazmışdır.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra da Cabbarlı əsasən mədəniyyət və ədəbiyyatda millilik mövqeyindən çıxış etmişdir. Cabbarlıya görə, hər millətin özünəməxsus xüsusiyyəti vardır ki, bu xüsusiyyət hər bir vətəndaşın, xüsusilə mütəfəkkirlərin dünyagörüşündə öz əksini tapmalıdır. Onun fikrincə, Azərbaycan türk ədəbiyyatına indiyə qədər üç təsir: 1) İran-fars; 2) rus; 3) türk ədəbiyyatı olmuşdur. Bunlardan ən doğması türk ədəbiyyatıdır ki, Azərbaycan ədəbiyyatı da onun əsasında inkişaf etməlidir.

C.Cabbarlı onu yalnız formaca deyil, məzmunca da milli ədəbiyyat yaratmaqda ittiham edənlərə cavab olaraq yazırdı: «Klassik ədəbiyyatın nümunələrini tənqidi nöqteyi-nəzərlə isifadə edərək, ədəbi keçmişdən ən yaxşı və ən qiymətli cəhətləri götürərək, mən səy edəcəyəm ki, «formaca milli» əsər yaradım. Azərbaycan xalqının nəhəng mübarizəsinin qəhrəmanlığını əks etdirərək, mən geniş əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram». Ancaq bütün səylərinə baxmayaraq, onun SSRİ dövründə yazdığı bir çox əsərlərində, o cümlədən «Od gəlini»ndə milli istiqlal, milli mədəniyyət, milli tarix daha çox özünü büruzə vermişdi.

Bizə elə gəlir ki, o, «Od gəlini»ndə Ərəb Xilafətinə qarşı mübarizə aparan Elxanın timsalında Azərbaycan Cümhuriyyətinin istiqlalını və Sovet Rusiyasına qarşı dirənişini ifadə etmək istəmişdir. Çünki Elxanın yalnız bir istəyi var - milli azadlıq. O, bu əsərində ərəblərin adı ilə əslində rusların işğalçılıq siyasətini və onların milli mədəniyyəti hansı şəkildə məhv etmələrini göstərmişdir. Cabbarlı əsərin qəhrəmanı Elxanın dilindən deyir: «Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının (Stalinə pərəstiş - F.Ə.) məzarları üzərində tikmək istəyirəm, anlayırsanmı! Düşündüyüm vuruşda ilk düşmənim ərəb basqınçıları (rus işğalçıları - F.Ə.), ikinci düşmənim bəşəriyyəti salışdıran və gücsüzləri əzdirən dinlər, üçüncü düşmənim isə, köləlik törədən bütün indiki ictimai mühit və yaşayış quruluşudur ki (bolşevizm -F.Ə.), onun da başında sən və sənin kimi insan qəssabları (Kirov, Orconikidze, R.Axundov, Ə.Qarayev və b.) dururlar. Başqa yol (milli istiqlaldan kənar - F.Ə.) yoxdur. Mənim yolum sənə qarşıdır».

 C.Cabbarlı çox məntiqi olaraq burada, azadlıq (Elxan) və köləlilik (Aqşin) tərəfdarı olan iki qardaşı bir-birinə qarşı qoyur. Elxan milli istiqlalı hər şeydən üstün tutduğu halda, onun qardaşı Aqşin onunla eyni fikirdə deyil. Bu, Azərbaycan Cümhuriyyətinə münasibətdə milli istiqlalçıların (M.Ə.Rəsulzadə və b.) və milli bolşeviklərin (N.Nərimanov və b.) mövqeyini xatırladır. Cabbarlı Elxanın dilindən Aqşinə deyir: «Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə silahlı güclülər (bolşeviklər - F.Ə.), digər tərəfdə isə əliboş məzlumlar (istiqlalçılar - F.Ə.)». Elxan istiqlalı təbliğ etdiyi halda, Aqşin isə ona qarşı çıxır. Bununla da, Cabbarlı göstərmək istəyir ki, Azərbaycan Cümhuriyyətinin işğal olunmasında yad qüvvələrlə (rus, erməni və b.) yanaşı, bəzi qanı qanımızdan olan soydaşlarımız da iştirak etmişlər.

Bu mənada, bizə elə gəlir ki, Cabbarlının Elxan obrazı Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin prototipidir. Çünki Rəsulzadə Azərbaycanın azadlığını irəli sürdüyü kimi, Elxan da eyni düşüncə ilə çıxış edir. Ancaq Elxanın şardaşı Aqşin kimi Nəriman Nərimanov isə Azərbaycanın xilasını başqa yerdə, məsələn Rusiyada axtarır. Deməli, Rəsulzadə və Nərimanov eyni millətin övladı olmalarına baxmayaraq onun xilasını müxtəlif ür görürlər. Bunu nəticəsi olaraq Azərbaycan işğal altında şalır. Fikrimizcə, «Od gəlini» əsəri ilə Cabbarlı dövründə baş verən hadisələri çox obyektiv şəkildə təsvir etmişqdir.

Cabbarlı çox böyük ustalıqla vurğulayırdı ki, əgər bir millət zülmlə yaşamağa razıdırsa, üstəlik ona əcdadlarından qalmış milli və dini dəyərləri tərəqqi deyil, tənəzzül kimi başa düşürsə, həmin millətin gələcəyi ola bilməz. Bu mənada, türk-islam millətinin borcudur ki, milli və dini dəyərlərinə sahib çıxsın və onu gənclərə doğru aşılasın. Yalnız bu halda islam millətləri, o cümlədən türklər nicat yolu tapa bilərlər. Cabbarlı yazırdı ki, məhz Allahın müqəddəs kitabı Quran da zülmə qarşı olmuş, ədalətliliyi və bərabərliyi müdafiə etmişdir:

Bu zəlalət ərsəsində cismi-millət bisipər,
Tiqi-cəladdi-əcəl rədi-sima tək rəşədar.
Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz.
Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya?

Ümumiyyətlə, Azərbaycan türk aydınının fikrincə, millətin əsas problemi əhalinin əksəriyyətinin cahil və avam olmasıdırsa, onun «intelligent» adlanan qisminin isə nə millətinin adət-ənənlərindən, nə də şəriət qanunlarından doğru-dürüst xəbərlərinin olmamasıdır. Cabbarlıya görə, əgər xalqın avam və cahil hissəsini başa düşmək mümkündürsə, «intelligentlər»i anlamaq çətindir. Çünki müsəlmanların avam və cahil qismi elm və bilikdən uzaq olsalar da, heç olmazsa milli və dini dəyərlərə sadiqdirlər. Doğrudur, onların milli və dini dəyərlərə sadiqliyi kor-koranə xarkater daşıyır, ancaq yenə də onlar islam qayda-qanunlarına hörmətlə yanaşır, digər xoşagəlməz əməllərlə məşğul olmurlar. Lakin bunu, «intelligentlər» haqqında demək mümkün deyildir. Cabbarlı yazırdı:

Alim olubdu bəzisi, yasin oxur babasına,
Külçə görən kimi alıb, tez bürüyür əbasına,
Bir baxınız bu yazığın başda olan havasına,
Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir,
Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir.

Burada diqqəti çəkən məqam odur ki, müsəlmanın hər təhsil alanı sözün əsil mənasında, millətə və islama xidmət yolunu seçmir. Hətta, onlardan elələri tapılır ki, aldıqları biliyi və təhsili millətin, islamın tərəqqisinə deyil, şəxsi maraqları naminə xalqın zərərinə istifadə edirlər. Bunu dərindən anlayan Cabbarlı hesab edirdi ki, həmin «intelligentlər» müsəlmanları-türkləri qəflət yuxusundan oyandırmaq əvəzinə, harada bir aciz müsəlman görən kimi onu bizləməklə məşğul olurlar. Bu işdə isə onlara yalançı ruhanilər, din xadimləri yoldaşlıq edirlər. Çünki islamın adından çıxış edən din xadimləri xalqın oyanmamasında, cahil və avam qalmasında «intelligentlər»dən daha çox maraqlıdırlar:

Salma səs, xalqı oyatma, iş düşər çox əngələ,
Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ.
Layla çal qoy bir bir qədər yatsın, uşaqdır çün hələ,
Böylə dövran lap qiyamət qopsa da düşməz ələ.
Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Əslində Cabbarlının bir əsr öncə islam millətlərinin sosial-siyasi və mədəni vəziyyəti ilə bağlı dedikləri, bu gün də öz aktuallığını qoruyub saxlayır. Doğrudur, 20-ci əsrin əvvəllərində baş verənlərlə müqayisədə bu gün islam dünyasında müəyyən bir irəliləyiş vardır, ancaq bu yetərli səviyyədə deyildir. Belə ki, müasir dövrdə də bir çox yeniliklərin müəllifi islam dünyası deyil, daha çox Avropa və Uzaq Şərq ölkələridir. Üstəlik dünyada baş verən dəyişikliklərdən son xəbər tutan, yaxud da bu dəyişikliklərə axırıncı uyğunlaşmaq istəyən islam dünyasıdır. Çünki islam dünyası özü bir elm beşiyi olduğu halda, elmdən və təhsildən, hürriyyət və azadlıqlardan uzaq qalmışdır. Cabbarlının təbirincə desək, qeyri millətlər elmə könül verdikləri halda, müsəlmanlar hələ də «mürgüləyir»lər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı