AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
XIX yüzildə İslama, Türklüyə daha çox bağlı olan, ancaq bununla yanaşı, Qərb mədəniyyətinə özünəməxsus münasibət bəsləyən mütəfəkkirlərimizdən biri də Seyid Əzim Şirvani olmuşdur. O, Qərb mədəniyyətinin bəzi cəhətlərini təqdir etməklə yanaşı, ümumilikdə nicat yolunu İslamda görmüş, bu mənada «ümmətçiliyə», müsəlmançılığa çox, türklüyə isə müəyyən qədər meyil göstərmişdir.
Fikrimizcə, Seyid Əzimin yaradıcılığında İslam, Türklük və Qərb mədəniyyəti ilə bağlı diqqət yetirilməli olan vacib məsələlər aşağıdakılardır:
1) Şiə təəsübkeşliyi və bunun formallığı;
2) Dini ayin və mərasimlər zamanı yol verilən kənara çıxmaların tənqidi;
3) İslam aləminin «naxoş»lamasına səbəbkar olan riyakar din xadimlərinin və ruhanilərin tənqidi;
4) Qərb mədəniyyətinin müsbət cəhətlərinin Quranla əsaslandırılması və Qafqaz müsəlmanlarında türklük ruhunun oyadılması.
Seyid Əzim öncə şiə təəssübkeşi kimi çıxış etmişdir. Buna misal olaraq şairin tez-tez Həzrət Əliyə (ə) və Əhli-beytə üz tutmasını göstərə bilərik. Seyid Əzim şiəlik tərəfdarı olmasına baxmayaraq sünnilərə qarşı heç bir düşmənçilik münasibəti bəsləməmişdir. Sadəcə, o inanırdı ki, sünnilərin ilk rəhbərlərinin hər hansı günahları olubsa Allaha qarşısında cəzalarını alacaqlar
Mən özüm şiyəyəm, budur sifətim,
Leyk əshabə yox müxalifətim.
Gər Əbubəkrlə Ömər, Osman
Zülm ediblərsə, həqq edər divan.
Beləliklə, şiə təəsübkeşi olmasına baxmayaraq, Seyid Əzim ümumilikdə, sünni-şiə ayrılığına qarşı çıxmışdır.
Şiəmiz sünniyə edər töhmət,
Sünnimiz şiədən edər qeybət.
Bizi puç etdi şiə, sünni sözü,
Əhli-islamın oldu kor gözü.
Bizə sairlər eyləyir töhmət,
Çün tərəqqi edibdir hər millət.
Deməli, hələ 19-cu əsrdə xalqımız dini məzhəbə görə fərqləndirilib sünni-şiə adı ilə bir-birinə qarşı qoyulmuşdur. Əhəmiyyətli cəhət odur ki, şair sünni-şiə məsələsinə son qoyulmasının vacibliyini vurğulamış, başqa xalqlar kimi vahid millət halında tərəqqi etməyin zamanının gəldiyini yazmışdır.
Şairin tənqid hədəflərindən biri də dini ayin və mərasimlərdəki əlavələrlə bağlı olmuşdur. Bu mənada, onun İslamın böyük cəfakeşlərindən hesab olunan İmam Hüseynin (ə) qətli məsələsi ilə bağlı məhərrəmlikdə həyat keçirilən təzyiədarlığa, xüsusilə Aşura gününə münasibəti bir çox müasirləri ilə müqayisədə fərqli olmuşdur. Seyid Əzim ilk növbədə, İmam Hüseynin (ə) qətlinin müəyyən bir çərçivədə məhdudlaşdırılıb fanatikcəsinə qeyd edilməsinin əleyhinə çıxmışdır. S.Ə.Şirvaniyə görə, İslamda belə bir hökm yoxdur ki, baş çapmaq, qan tökmək lazımdır. Onun fikrincə, əgər məhərrəmlikdə müsəlmanların özlərinin qanlarını tökməsi ilə bağlı müddəa olsaydı, ilk növbədə buna tanınmış din alimləri əməl edərdilər:
Heç eşitdinmi çapıb başını imami-Cəfər?
Ya ki Museyyi Riza, Əskəriyyi-xəstəcigər,
Bizdən onlar məgər öz cəddini az istərlər?
Niyə bəs vermədilər bu işə fərman əxəvi!
Bununla da Seyid Əzim hesab edirdi ki, özlərini şiə hesab edən müsəlmanların məhərrəmlikdə baş yarıb, zəncir vurub qan tökmələri İmam Hüseynə (ə) olan sevgilərindən daha çox buna artıq adət etmələridir. Yəni onlar artıq məhərrəmliyi bu formada qeyd etməyi bir adət halına salıblar. Ona görə də, öz cahilliklərindən və avamlıqlarından ibrət dərsi ala bilmirlər. Seyid Əzim yazırdı:
Doğrudur, baş çapırıq biz dəxi cəmiyyət ilə,
Bunu lazımdır həlal eyləməyə hüccət ilə,
Nə olur bir göz açıb baxmaq işə ibrət ilə,
Bəlkə yoldan çıxarıbdır bizi şeytan, əxəvi!
Ümumiyyətlə, S.Ə.Şirvani o fikrin tərəfdarı idi ki, İmam Hüseynin (ə) Kərbəlada şəhid olmasının mənəvi mahiyyətini dərk etmək və ondan şüurlu şəkildə nəticə çıxartmaq lazımdır. Bu şüurlu nəticə isə ondan ibarətdir ki, müsəlmanlar İmam Hüseyn (ə) kimi xoşniyyət, himmətli və ümmətsevər olmalıdır. Başqa sözlə, İmam Hüseyn (ə) yolunda qan töküb divanəlik etməkdənsə onun şəhadət yolunu davam etdirmək və o ucalığa qovuşmaq uğrunda mübarizə aparmaq lazımdır.
Seyid Əzimin İslam dininə daha geniş mənada yanaşmasına ən başlıca amillərdən biri kimi, onun sünni-şiə olmasından asılı olmayaraq bütün riyakar ruhanilərə qarşı açıq şəkildə mübarizə aparmasını göstərə bilərik. Çünki şair müsəlmanların günü-gündən «naxoş»lamasının başlıca səbəbkarı kimi hər hansı məzhəbə qulluq etməsinə baxmayaraq, İslam dininin adından çıxış edən bütün riyakar ruhaniləri göstərmişdir. S.Əzimin fikrincə, onların riykarlığı nəticəsində mömin müsəlmanlar məscidlərdən üz çevrir, onların övladaları tərəqqidən geri qalır, dini ayin və mərasimlərin mahiyyəti dəyişdirilir, məzhəblərarası təfriqələr daha da vüsət alır və nəticədə «İslam milləti» naxoşlayır:
İndi naxoşdu-milləti-islam,
Ona lazımdır eyləmək əncam.
Dərdimizdir bu dərdi-nadanlıq-
Ki, tutubdur bizi pərişanlıq
Bizə elə gəlir ki, Seyid Əzim məhz bütün bunlara son qoymaq, yəni naxoş «islam milləti»ni sağaltmaq üçün ilk növbədə, şeirlərində riyakar zahidlərin iç üzlərini ifşa etməyə çalışmışdır. Deyə bilərik ki, Seyid Əzim riyakar ruhanilərin iç üzünün açılmasında radikal mövqe tutmuşdur:
Zahida, dinivü sən verdin əbəs şeytanə,
Şeyx Sənan verib öz dilbəri-tərsası üçün.
Və yaxud da:
Zahid işi zahirdə əbadır və duadır,
Məlun kişidir, hiyləvü təzvir nihadı.
Şair Qafqaz müsəlmanlarının ağır günə düşmələrinin səbəbini M.F.Axundzadə, H.Zərdabi və başqa mütəfəkirlərimiz kimi doğru başa düşürdü. O, Zərdabinin tərəfini saxlayaraq dünyəvi məktəbin və qəzetin zəmanənin tələbi olduğunu müsəlmanlara anlatmağa çalışır və qeyd edirdi ki, burada şəriətə zidd heç nə yoxdur. H.Zərdabini «millətin xeyirxahı» adlandıran S.Ə.Şirvanidə millət təəssübkeşliyinin yaranmasında onun böyük rolu olmuşdur. Zərdabinin Qafqazda ilk dəfə türkcə qəzet çıxarmasını böyük bir yenilik hesab edən S.Ə.Şirvani «Əkinçi»nin yaranmasını mühüm hadisə kimi dəyərləndirirdi.
Yeni tipli məktəb və qəzetlərlə yanaşı, Qərbdə tədris edilən dünyəvi elmlərin Qafqazda yayılmasını da təbliğ edən S.Əzim qeyd edirdi ki, artıq bütün dünya oyanıb, işlər sahmana düşüb. Ancaq «islam milləti»nə gəlincə, vəziyyətin tamamilə əksinə olduğuun etiraf edən ziyalının fikrincə, biz babalarımızda nə görmüşüksə ona əməl edirik. Artıq avropalılar Ay, Günəşin nədən tutulmasının, zəlzələnin nədən baş verməsinin səbəblərini bildiyi halda, müsəlmanlar hələ də xurafat içindədirlər və elmə inananları kafir adlandırırlar. Şirvani dindaşlarını inandırmağa çalışırdı ki, burada heç bir küfr yoxdur.
Onun fikrincə, Avropanın kəşf etdiyi bir çox ixtiralar Quranda da öz əksini tapmışdır. Sadəcə, indiyədək din başçıları Quranı xalqa olduğu kimi çatdırmayıblar. S.Ə.Şirvani həmin ruhaniləri nəzərdə tutaraq yazırdı:
Hanı İslam üçün sərəncamın?
Yerə girsin o müctəhid namın!...
Əhli-islam oldu xarü zəlil,
Baisi sənsən, ey imami cəlil!
Sən bizi nəfə etmədin vasil,
Barı qoy özgə elm edək hasil.
Bizi bəsdir bu qədər aldatdın,
Dini dinarə hər zaman satdın.
O güman edirdi ki, əgər müsəlmanlar dünyəvi elmləri öyrənsələr, Quranın müqəddəs və mütərəqqi din olduğunu daha yaxından anlayacaqlar. Bu baxımdan Seyid Əzim müsəlmanları dini elmlərlə yanaşı dünyəvi elmləri də öyrənməyə dəvət edirdi. O, ümidini üzmür və islam millətlərinin də bir gün oyanacağına inanırdı. Onun fikrinə görə, bunun üçün köhnə dünya ilə vidalaşmaq və yeni dünyaya daxil olmaq lazımdır: «Gətirmək tazə üsluba gərəkdir köhnə dünyanı».
S.Ə.Şirvaninin fikrincə, müsəlmanlar indiyədək riyakar ruhanilərin, mollaların əməlləri üzündən Quranı, şəriəti və dini elmləri olduğu kimi öyrənə bilməmiş, başqa xalqların yanında xar olmuşlar. O, din başçılarına üz tutaraq deyirdi ki, əgər Quranın həqiqi mahiyyətini müsəlmanlara vaxtında öyrətməyiblərsə, heç olmazsa indi onlara dünyəvi elmləri öyrənməyə əngəl olmasınlar; müsəlmanlar da dünyəvi elmlər öyrənmək, yeni məktəblərdə təhsil almaq, qəzetlər oxumaq və s. yolla inkişaf edib başqa millətlərin səviyyəsinə çatsınlar.
Qərb mədəniyyətinin əldə etdiyi nailiyyətlərin Quranda olmasını nümunələrlə sübuta yetirmiş və ən əsası Qafqaz müsəlmanlarında milli ruhu oyatmağa çalışmışdır. S.Ə.Şirvani H.Zərdabiyə yazdığı məktublarının birində məktəblərdə türk dilində dərsliklərin olmadığını və bu dildə bir kitab yazdığını bildirmişdir: «Bizim məktəblərdə oxumağa türki dilində uşaqlar üçün şəriət kitabları yoxdur. Mən bir müxtəsər türki dilində «Zakon-bojiy» kitabı yazmışam».
Başqa bir məktubunda isə o, Zərdabiyə yazırdı ki, «…öz türki lisanımızda çox asan ibarələrlə bir türki kitab nəzm etmişəm». Eyni zamanda türk dilinin qədimliyi ilə öyünən S.Ə.Şirvani, «Əkinçi»nin nəşri ilə əlaqədar onu belə tərif etmişdir:
Neçə müddətdi ki, Həsənbəyi-zar,
Hüsnü-tədbir ilə o fəxri-kibar,
Öz qədimi lisanımızda haman,
Qəzetə çapını edib ünvan».
Türklüyə bağlılğın nəticəsi olaraq o, yazırdı ki, Allah sonuncu peyğəmbəri Məhəmmədi (s) gərək türklərdən seçərdi və Quran türk dilində olardı:
Türkdən göndərəydi gər anı (onu),
Türki dildə olurdu Quranı.
Gördüyümüz kimi, Seyid Əzim 19-cu əsrdə İslam qədər, Türklüyü də çox yaxşı anlamış və hər ikisini vəhdətdə götürmüşdür. Bu mənada, Seyid Əzimin həmin dövrdə İslam-Türk məfkurəsinin davamçılarından biri olması, bununla yanaşı müasirliyə meyil göstərməsi açıq şəkildə öz əksini tapır.