Yaxud ictimai rəylə və feodal təfəkkürünün sərhədi
Yazını Molla Nəsrəddinin folklorumuzun ən etibarlı personajı olan uzunqulaqla bağlı məşhur lətifəsilə başlayacağam. Ola bilsin ki, diqqətli oxucu elə ilk cümlədən, xüsusilə də "molla" və "uzunqulaq" sözlərindən söhbətin hansı lətifədən getdiyini başa düşdü. Amma təkrarın biliklə yaxın qohumluğu, hətta genetik bağlılığı olduğunu nəzərə alıb sözügedən lətifəni bir daha xatırladıram:
Bir gün Molla Nəsrəddin oğlunu yanına salıb uzunqulaqla gedirmiş. Yoldan keçənlər deyirlər: "Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır".
Molla uzunqulaqdan düşüb uşağı mindirir. Yol kənarında oturanlar bunu görüb mollanı məsxərəyə qoyurlar: "Ağsaqqal kişiyə bax! Uşağı mindirib eşşəyə, özü piyada gedir".
Belə olanda molla eşşəyi minib uşağı tərkinə alır. Amma yenə də yoldan ötənlərin qınağına tuş gəlir: "Sən bir bunlara bax! İki yekə adam bir cansız eşşəyə minib".
Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür, piyada getməyə başlayırlar. Bunu görən yolçular gülüşürlər:
"Nə ağılsız adamlardır. Yanlarında eşşək ola-ola ikisi də piyada gedir".
Axırda mollanın əlacı kəsilir, uzunqulağı dalına almalı olur...
Bu lətifənin unikallığı onun əhatə etdiyi dövrdə - feodal Azərbaycanında mövcud olan ictimai rəylə bağlıdır. Əslində bu gün də bəzi siyasi dairələrdə və media qurumlarında ictimai rəy anlayışı feodal dövründə olduğu kimi qavranılır. Yəni, dedi-qodu səviyyəsində.
Bu baxımdan, bəzən özünü ultraradikal demokrat, yaxud azad söz carçısı kimi təqdim etməyə çalışan həmvətənlərimizin ölkədə, regionda və dünyada baş verən proseslərə yanaşması, feodal dövrünün məlum dedi-qodu daşıyıcılarını xatırladır. Belələri, bu və ya digər hadisənin ictimai-siyasi, iqtisadi və mədəni əhəmiyyətini, daşıdığı pozitiv yükü nəzərə almadan, qısqandığı, umsunduğu, yaxud "həzm edə" bilmədiyi düşərgənin mövcud reallıqlar çərçivəsində ən doğru sayıla biləcək addımlarına münasibətdə belə özlərini Molla Nəsrəddin üçün əlavə yükə çevrilən məşhur personajın yerinə qoyurlar. Beləliklə, özəl maraqların diqtə etdiyi dedi-qodular ictimai rəy kimi təqdim olunmağa başlayır və nəticədə ictimai rəy anlayışı tamamilə gözdən salınır, ucuzlaşdırılır, əhəmiyyətini, daşıdığı ilkin mənanı itirir.
Ola bilsin ki, mətləbə doğru bir qədər uzaqdan yol aldım. Təbii ki, bu da səbəbsiz deyil. Çünki Son günlər "Fatimeyi-Zəhra" məscidi ilə bağlı yaşanan olaylardan sonra xroniki narazılıq və dedi-qoduçuluq bəlasına mübdəla olmuş kəslərin davranışları, təəssüf ki, mənə başqa seçim imkanı tanımadı...
"Fatimeyi-Zəhra" məscidinin söküləcəyi ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrində yer aldıqdan sonra öz səhifələrini və kluarlarının qapılarını radikal bəyanatlara məmnuniyyətlə açan siyasi dairələr və onların nəzarətində olan media qurumları bu problem çözüldükdən sonra tamamilə əks mövqedən çıxış etməyə başladılar.
Maraqlıdır, bu adamlar nə istəyirlər? Onlara ölkədə mövcud olan problemlərin həlli lazımdır, yoxsa kimlərinsə ünvanına ittihamların səsləndirilməsi üçün heç bir əsası, söykəncəyi olmayan arqumentlər?
"Fatimeyi-Zəhra" məscidinin sökülməsilə bağlı problem gündəmə gəldikdən dərhal sonra, bəzi qəzetlərdə və internet portallarında yayımlanan yazıların, bəyanatların başlıqlarını xatırlayıram. Aləm bir-birinə qarışmışdı... Ömründə bircə dəfə ibadət etməyənlər, ultraateistlər, satanistlər, fəaliyyətlərini İslamı gözdən salmağa həsr edənlər, müsəlmanları bütün dünyada terrorçu kimi tanıtmağa çalışan xarici qüvvələrin əlaltıları və nüfuz müvəkkilləri birdən-birə çevrilib olmuşdular "İslam və əhli-beyt aşiqləri". "Bəs qoymayın, Azərbaycanda din əldən getdi". İranın hər gün bir səfeh bəyanat verən, müqəddəs Qurani-Kərimdən daha çox mənşəyi və məqsədi bəlli olmayan risalələrdə buyurulan hökmlərə xidmət edən mollaları yalan olmuşdu, bizim bəzi siyasətçilər və media təmsilçiləri isə doğru...
Şeyxülislam Hacı Allahşükür Paşazadənin, millət vəkillərinin, siyasi partiya liderlərinin müraciətlərindən sonra Azərbaycan prezidentinin göstərişi ilə məscid Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verildi və bəzi dairələrin ölkəmizə qarşı istifadə etmək istədiyi daha bir problem köklü şəkildə həll olundu.
Şübhəsiz ki, normal cəmiyyətlərdə bu və ya digər problemlərin həlli istiqamətində atılan addımlar təqdir olunur və Azərbaycanda da belə olmalıydı. Amma nə yazıq ki, bəziləri yenə də dedi-qoduçuluq təyinatlarından qopa bilmədilər. Şirazi soyadlı təxribatçı mollanın İrandan səsləndirdiyi təhdid xarakterli məqsədyönlü bəyanatını qabardaraq, Azərbaycan hökumətinin guya hansısa hədələr qarşısında geri çəkildiyini yazdılar. Bir neçə müddət öncə məscid ətrafında yaratdıqları ajiotaj isə tamamilə unuduldu.
"Fatimeyi-Zəhra" məscidilə bağlı baş verənlərə yanaşma inkarçı dairələrin fəaliyyətində yeganə fakt olsaydı, bəlkə də bu məsələnin üzərindən sükutla keçmək olardı. Amma nə yazıq ki, bu belə deyil və öz dedi-qoduçuluq fəaliyyətlərini ictimai rəy adı altında qələmə verməyə çalışan dairələr ölkədəki ictimai-siyasi münasibətlər sisteminə, vətəndaş cəmiyyəti quruculuğu prosesinə nə qədər ciddi ziyan vurduqlarını anlamaq istəmirlər.
Bu proses isə artıq uzun illərdir ki, davam edir. Və bı müddət ərzində Azərbaycanda sivil cəmiyyətlərin əsas atributlarından biri olan ictimai rəy amili feodal təfəkkürlü ayrı-ayrı qrupların "xidmətləri" sayəsində kifayət qədər gözdən salınıb.
Cəmiyyətdə baş verən ən pozitiv hadisələrə qarşı qarayaxma kampaniyalarının aparılması, bəzən bir çox önəmli məsələlərlə bağlı həqiqətən də ictimai mövqeyi əks etdirən mesajların qəbul edilməsinə ciddi problemlər yaradır. Gerçək ictimai rəylə dedi-qodu, qarayaxma kampaniyaları arasındakı məsafə itir, cəmiyyətin ayrı-ayrı sosial təbəqələri bir-birinin ən adi problemlərini başa düşməkdə çətinlik çəkirlər.
Bütün bunlardan sonra isə bəlli dairələr məzh özlərinin timsalında Azərbaycanda ictimai rəyin nəzərə alınmadığı barədə silsilə yazılarla, müsahibələrlə çıxış edir, saysız-hesabsız bəyanatlar verirlər. Yaranmış vəziyyətə fundamental yanaşma tərzi, yanlış streotiplərdən imtina cəhdi isə təəssüf ki, yoxdur.
Çünki ortalıqda feodal təfəkkürü var.
Belə təfəkkürlə isə ən yaxşı halda uzunqulaqdan necə istifadə etmək haqqında dedi-qodu xarakterli mülahizələrlə çıxış etmək olar.
Belə mülahizələr isə heç vaxt qəbul olunmayacaq.
Çünki ortalıqda həm də Molla Nəsrəddin təcrübəsi var...