2026-cı ilin birinci rübü üzrə Azərbaycanda fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdikləri gəlirlərin rayonlar və şəhərlər üzrə bölgüsü məlum olub.
Modern.az xəbər verir ki, təqdim olunan statistikaya əsasən birinci rübdə ölkə üzrə mehmanxana sektorunun ümumi gəliri 128 milyon 717 min manat təşkil edib.
Ümumi gəlirlərin formalaşmasında mütləq əsas pay ənənəvi olaraq paytaxt Bakı şəhərinin üzərinə düşür. Belə ki, yalnız Bakıda yerləşən hotellər birinci rüb ərzində 65 milyon 881 min manat qazanc əldə ediblər.
Paytaxtdan sonra siyahıda ən yüksək gəlirə malik bölgə 25 milyon 705,9 min manatlıq göstərici ilə Qusar rayonudur.
Ölkə üzrə gəlirli bölgələrin ilk üçlüyünü 7 milyon 991,1 min manatlıq nəticə ilə Qəbələ rayonu tamamlayır.
Sıralamanın davamına nəzər saldıqda, dördüncü pillədə 6 milyon 440,2 min manatla Naftalan rayonu, beşinci pillədə isə 5 milyon 550,8 min manatla Quba şəhəri qərarlaşıb.
Regionlar üzrə gəlir ardıcıllığına əsasən, siyahıda növbəti yerləri tutan Lənkəran rayonundakı hotellər 2 milyon 928,4 min manat, Şamaxı rayonundakı obyektlər 1 milyon 789,3 min manat, Şuşa rayonundakı hotellər isə 1 milyon 722,2 min manat gəlir əldə edib.
Ən çox qazanc əldə edən bölgələrin ilk onluğunu isə müvafiq olaraq doqquzuncu yerdə 1 milyon 508,1 min manatlıq nəticə ilə Şabran rayonu və onuncu yerdə 1 milyon 396,7 min manatlıq göstərici ilə Gəncə şəhəri yekunlaşdırır. (FED.az)