Hindistan şəhərlərdə bərpa olunan enerji, tullantıların idarə olunması və yaşıl nəqliyyat həllərini birləşdirən layihələr vasitəsilə emissiyaların azaldılması istiqamətində mühüm nəticələr əldə edib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Şəhər-Sənaye-İqlim əlaqəsi kontekstində mənzil və binaların karbonsuzlaşdırılması” adlı panel sessiyada BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş texniki müşaviri Nand Pal Sinqh (Nand Pal Singh) bildirib.
O qeyd edib ki, 1,4 milyard əhalisi olan Hindistanda hazırda 160 giqavat həcmində günəş enerjisi sistemi qurulub:
“Günəş panelləri yaşayış binalarından kənd təsərrüfatı sahələrinə, metro və hava limanlarına qədər müxtəlif obyektlərdə tətbiq edilir”.
Nümayəndə bildirib ki, UN-Habitat və Almaniyanın inkişaf bankı tərəfindən dəstəklənən layihə çərçivəsində Bhopal, Guntur, Caypur, Vijayavada və Maysur şəhərlərində dayanıqlı şəhər inkişafı çərçivəsi hazırlanıb.
Onun sözlərinə görə, layihələrdə istixana qazlarının azaldılması, təmiz enerji mənbələrinin istifadəsinin genişləndirilməsi, tullantıların dövri iqtisadiyyat prinsipləri əsasında idarə olunması əsas istiqamətlərdən biri olub:
“Bəzi şəhərlərdə əvvəllər çay və göllərə axıdılan tullantı suları artıq emal edilir və sənayedə təkrar istifadə olunur.
Hindistanda artıq bütün sənaye müəssisələri və kanalizasiya təmizləyici qurğular tullantı sularını emal etməyə məcburdur”.
O biotullantılardan əldə olunan bioyanacağın əvvəllər dizellə çalışan bələdiyyə tullantı toplama maşınlarında istifadə edildiyini də diqqətə çatdırıb.
Nümayəndə xüsusilə Guntur şəhərində həyata keçirilən layihəni nümunə göstərib:
“Dar küçələrdə tullantıların toplanması üçün əvvəllər əl arabalarından istifadə olunsa da, layihə çərçivəsində 220 elektriklə işləyən üçtəkərli nəqliyyat vasitəsi istifadəyə verilib.
O əlavə edib ki, həmin nəqliyyat vasitələrinin sürücülərinin hamısı əvvəllər sanitariya işçisi kimi çalışan qadınlardır:
“Bu layihə qadınların iqtisadi imkanlarının genişlənməsinə və əməyin nüfuzunun artmasına töhfə verib.
Guntur şəhəri bu təşəbbüsə görə 2020-ci ildə “yaşıl gender inklüziv mobillik” mükafatına layiq görülüb”.