Modern.az

Azərbaycan COP29 və WUF13 missiyasını davam etdirir

Azərbaycan COP29 və WUF13 missiyasını davam etdirir

Aktual

Bu gün, 13:40

İqlim dayanıqlılığı artıq seçim deyil, zərurətdir və bu məsələ şəhər dayanıqlılığı ilə birbaşa bağlıdır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin aparıcı qüvvəsi kimi” adlı panel sessiyada Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

O qeyd edib ki, şəhərlər iqtisadi inkişafın, innovasiyanın və mədəniyyətin mərkəzi olsa da, eyni zamanda iqlim dəyişikliyi, ekoloji problemlər, təbii fəlakətlər, mənzil təzyiqi və sosial bərabərsizliklərlə üz-üzədir.

Onun sözlərinə görə, media cəmiyyətin məlumatlandırılması ilə yanaşı, ictimai rəyin formalaşdırılması, davranışların dəyişdirilməsi və hesabatlılığın gücləndirilməsində mühüm rol oynayır:

“Media şəhərləri bir-birinə bağlayır, insanlar arasında sürətli informasiya mübadiləsi yaradır. Keçmişin çap qəzetləri və bugünkü sosial media platformaları əslində şəhərin ruhunu formalaşdıran vasitələrdir”.

Deputat vurğulayıb ki, şəhər dayanıqlılığı yalnız texnologiya və infrastrukturla təmin olunmur:

“Dayanıqlılıq məlumatlı cəmiyyətlərə və ictimai etimada əsaslanır. İnsanların məlumatlandırılması və proseslərə cəlb edilməsi olmadan ən yaxşı şəhər siyasəti belə uğurlu ola bilməz”.

N.Arpadarai bildirib ki, media ilk növbədə şəhər və iqlim problemləri barədə ictimai məlumatlılığı artırır:

“İstər istilik dalğaları, daşqınlar, hava çirkliliyi, su qıtlığı, istərsə də tullantıların idarə olunması ilə bağlı problemlər olsun, insanlar dəqiq və operativ məlumat əldə etməlidir. Media vətəndaşlara təkcə riskləri deyil, həll yollarını da anlamağa kömək edir”.

O əlavə edib ki, araşdırma jurnalistikası urbanizasiya, ətraf mühitin qorunması və dövlət xərcləri sahəsində şəffaflığın artırılmasına xidmət edir.

Deputat çıxışı zamanı dezinformasiyanın yaratdığı risklərə də diqqət çəkib:

“Yanlış məlumatlar ictimai etimadı zəiflədir və vacib qərarların gecikməsinə səbəb olur. Xüsusilə urban mühitdə faktlara əsaslanan jurnalistikanın əhəmiyyəti daha da artır”.

Deputat qeyd edib ki, insanlar statistik rəqəmlərlə deyil, hekayələrlə daha güclü bağ qurur:

“İnsanlar ailələrin, gənclərin, qadınların və həssas qrupların hekayələri ilə əlaqə yaradır. COP29 çərçivəsində həyata keçirdiyimiz “Fact-Readers” kampaniyasında da məhz cəmiyyətə təsir göstərən real insanları ön plana çıxarmağa çalışmışıq”.

O bildirib ki, Azərbaycan COP29 və WUF13 kimi beynəlxalq platformalara ev sahibliyi etməklə dayanıqlı şəhər inkişafı, yaşıl keçid və iqlim dayanıqlılığı ilə bağlı qlobal müzakirələrə töhfə verir.

“Şəhər dayanıqlılığı yalnız siyasət və texnologiya ilə deyil, məlumatlılıq, əməkdaşlıq və qarşılıqlı etimadla qurulur.

Əgər daha dayanıqlı şəhərlər istəyiriksə, bizə təkcə ağıllı infrastruktur deyil, həm də güclü kommunikasiya lazımdır”, - deyə N.Arpadarai fikrini tamamlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı