Media mənzil və urbanizasiya ilə bağlı ictimai diskursun formalaşdırılmasında əsas rol oynayır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin aparıcı qüvvəsi kimi” adlı panel sessiyada Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
O qeyd edib ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və növbəti 25 il ərzində bu göstəricinin 70 faizə yaxınlaşacağı proqnozlaşdırılır.
“Eyni zamanda dünyada 300 milyondan çox insan evsizlik problemi ilə üzləşir və 2030-cu ilə qədər qlobal tələbatı qarşılamaq üçün hər gün təxminən 100 min yeni əlçatan mənzilə ehtiyac yaranacaq.
Mənzil məsələsinin həllinə gəlincə, bu yalnız beton və poladla deyil, informasiya, kommunikasiya və tərəfdaşlıqlarla da bağlıdır”.
Parlamentari Azərbaycan mediasına verdiyi son müsahibələrə və Qlobal Media Forumunda səsləndirilən fikirlərə istinad edərək bildirib ki, media artıq yalnız informasiya mənbəyi deyil, həm də cəmiyyətin dayanıqlığını, beynəlxalq kommunikasiyanı və milli maraqları qoruyan strateji alətə çevrilib.
Medianın urbanizasiya və mənzil məsələlərində rolu dörd əsas istiqamətdə özünü göstərir. Birincisi, media cəmiyyəti məlumatlandırır. İnsanlar dəqiq, vaxtında və anlaşılan informasiyaya çıxış olmadan şəhər idarəçiliyində səmərəli iştirak edə bilməzlər. İkincisi, media müxtəlif tərəflər arasında dialoq üçün platforma yaradır. Şəhər problemləri hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, urbanistlər, investorlar və yerli icmalar arasında əməkdaşlıq tələb edir”.
O çıxışında medianın həm də hesabatlılığın artırılmasına xidmət etdiyini də diqqətə çatdırıb:
“Araşdırma jurnalistikası dünyanın müxtəlif yerlərində təhlükəli tikinti təcrübələrini və mənzilə çıxışdakı bərabərsizlikləri üzə çıxararaq idarəetmədə şəffaflığın güclənməsinə töhfə verir”.
R.Nəbiyev həmçinin vurğulayıb ki, media innovasiya və həmrəyliyin təşviqində də mühüm rol oynayır:
“Fərqli şəhərlərin uğurlu təcrübələrinin paylaşılması dayanıqlı mənzil, yaşıl infrastruktur, fəlakət riskinin azaldılması və ağıllı şəhər planlaşdırılması sahəsində yaxşı nümunələrin yayılmasına imkan yaradır”.
Deputat qeyd edib ki, hazırda dünyada 5 milyarddan çox insan sosial media və rəqəmsal kommunikasiya platformalarından istifadə edir və əvvəllər yalnız lokal səviyyədə müzakirə olunan urbanizasiya problemləri artıq qısa müddətdə qlobal diqqət mərkəzinə çıxa bilir:
“İcma əsaslı jurnalistika, vətəndaş reportyorluğu və yerli rəqəmsal platformalar əvvəllər urbanizasiya siyasətindən kənarda qalan insanların səsini gücləndirə bilər.
Texnologiya təkbaşına kifayət deyil və şəhərsalma ilə bağlı müzakirələr inklüziv olmalı, qadınların, gənclərin, məcburi köçkünlərin və digər həssas qrupların fikirləri şəhərlərin gələcəyinin formalaşdırılmasında nəzərə alınmalıdır”, - deyə R.Nəbiyev əlavə edib.