Üç il öncənin söhbətidir. Qafqaz İslam Ordusunun 1918-ci ilin sentyabrında Bakını işğaldan azad etməsinin səksən doqquzuncu ilinə həsr olunmuş tədbirdə bir deputat alovlu çıxışında "həşdad" sözündən gen-bol istifadə edirdi. Yəni, hər dəfə "səksən doqquz" demək əvəzinə, "həşdad doqquz" deyirdi. Tədbirdə iştirak edən türkiyəli qonaqlar bir-birlərinə, həm də bizə baxırdılar: "Əcəba, bu "həşdad" nə olan şeydir?". Yaxşı ki, rəqəmin ikinci hissəsi - "doqquz" söhbətin nədən getdiyini onlara anladırdı.
Bax, "həşdad" belə bəla olub, ilişib dilimizə. Deyənlər tapılar ki, dilimizdə nə çoxdur fars sözü. Bir "həşdad"ı tullamaqla anadangəlmə Türk dili yaradacağıq? Doğrudur, çağdaş dilimiz nəinki fars, ərəb, rus, Çin, Avropa və başqa sözlərlə də zəngindir, bu sözlər hazırkı ədəbi dilimizdə, yazımızda işlənir. Amma məsələ burasındadır ki, "həşdad" ədəbi dildə və yazıda işlənmir, yalnız məişət səviyyəsində "qorunub saxlanır". Və yuxarıda nəql etdiyim tədbirdəki kimi, bəzən rəsmi toplantılarda də ucadan səsləndirilir.
Bəlkə də, indiki problem zənginliyində bu "həşdad" məsələsi bayağı, yerinə düşməyən söhbət kimi görsənə bilər. Lakin, nəzərə almaq lazımdır ki, söhbət dəqiqliyi sevən rəqəmlər sistemindən gedir.
Məlum olduğu kimi bu gün çoxsaylı Türkcələri birləşdirən başlıca məqam məhz rəqəmlərin adlarının hamıda eyni olmasıdır. Avropadan ta Doğu Türküstanadək Türksoylu xalqlarının ləhcələrində ortaq olan anlayış cümlə quruluşundan sonra rəqəmlərdir. Vahid rəqəm adları ötən əsrin əvvəlindən ortaya qoyulmuş Ortaq Türk Dili ideyasının ilk həlqəsini təşkil edir. Bu baxımdan, Azərbaycan türkcəsindəki rəqəm adları içərisində "həşdad" bic element kimi yer almaqdadır.
Təəccüblüdür, yeddinin yetmişi, doqquzun doxsanı olduğu halda niyə səkkizin səksəninə "həşdad" deyirlər? Hansı mənəvi, ideoloji və bəlkə də, bioloji tələbatdır Azərbaycan insanını buna vadar edən?
Sələflərimizin uğursuz bir örnək olaraq bu günümüzə daşıdığı absurd "həşdad"dan qurtulmağın zamanıdır. Heç olmasa, yeni gələn nəsillərimizin dilini bu yad elementin təsirindən qoruyaq.