Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 31-ci Bakı Enerji Forumunda regional enerji təhlükəsizliyi ilə bağlı mühüm mesajlar verib. Nazir bildirib ki, artıq Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə və Avropaya aparılmasının vaxtı çatıb.
"Bütün həmkarlarımız bu məsələ ilə çox yaxından maraqlanır. Elə bir vaxtdayıq ki, artıq hər kəs bu layihəyə "bəli" deyəcək", - deyə nazir əlavə edib.
Bəs Azərbaycanın bunun üçün kifayət qədər infrastrukturu varmı? Avropaya qaz ixrac edən ölkəmizə bu tranzit necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bildirib ki, Türkmənistan qazını idxal etmək və enerji mərkəzinə çevrilmək Türkiyənin 30 illik arzusudur və bu, çox böyük iqtisadi gəlir gətirə bilər:
"Azərbaycan tərəfi isə hər zaman bu layihəni dəstəklədiyini, lakin onun birbaşa iştirakçısı olmadığını bildirib. Bu layihənin gerçəkləşməsi üçün qazı satanla alan arasında kommersiya razılaşması olmalıdır. Hazırda nə Türkmənistan rəsmi olaraq "qazı qərb istiqamətinə çıxarmaq istəyirəm" deyir, nə də Avropada bu həcmdə qazı alacağını bəyan edən konkret bir şirkət var. İndiki bəyanatlar sadəcə siyasi xarakter daşıyır. Şirkətlər arasında rəsmi memorandum imzalanmadıqca infrastruktur məsələsini müzakirə etmək hələ tezdir".
Ekspert xatırladıb ki, ötən il "Türkmənqaz"ın İran üzərindən qaz tədarükü ilə bağlı verdiyi vədlər də regiondakı gərginliyə görə reallaşmayıb. Yəni arzu başqa, reallıq başqadır.
Digər tərəfdən, bu layihənin reallaşacağı təqdirdə Azərbaycanın qaz bazarındakı mövqeyinə təsiri də diqqət mərkəzindədir. Belə ki, rəsmi Bakı hazırda Avropa ölkələrinə qaz ixrac edir və bazarın əsas iştirakçılarındandır. Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya aparılması ilə ölkəmizin özünə rəqib yaradıb-yaratmayacağı sual doğurur.
Neft-qaz sahəsi üzrə ekspert bildirib ki, istər qaz satın, istər pomidor-kartof, marketinq qanunları eynidir. Əgər bir bazara eyni məhsuldan böyük həcmdə əlavə mal daxil olarsa, həmin bazarda qiymətlər mütləq aşağı düşür:
"Əgər Türkmənistan qazı böyük həcmdə bizim boru kəmərlərimizlə Avropaya çıxsa, qaz satdığımız bazarlarda qiymətlər 15-20% düşə bilər. Əlbəttə, hər şey həcmdən asılıdır. Əgər söhbət yataqlararası kiçik borularla gətiriləcək 2-3 milyard kubmetrlik qazdan gedirsə, bu, qiymətə təsir etməz.
Digər tərəfdən, Avropa alıcıları indiyə qədər Türkmənistan qazı faktorundan sadəcə digər ölkələrdən, məsələn, Rusiyadan aldıqları qazın qiymətini aşağı salmaq üçün bir marketinq gedişi, təzyiq aləti kimi istifadə ediblər. Azərbaycan isə son 19 ildə Avropa kimi nəhəng bir "meqa marketdə" özünü etibarlı, stabil və qazdan siyasi alət kimi istifadə etməyən dürüst tərəfdaş kimi sübut edib. Biz İran və ya Rusiya kimi bazardan kənarda qalmadıq, əksinə, ağıllı siyasətlə, bəzən lazım gələndə bazar qiymətindən aşağı satmaqla müştərilərimizlə uzunmüddətli əlaqələr qurduq".
İ.Şaban sonda qeyd edib ki, sadəcə tranzit ölkə olmaqla böyük pullar qazanmaq mümkün deyil:
"Dünyada istehsalla və ticarətlə məşğul olmayıb, sadəcə öz həyətindən nəyisə keçirməklə zəngin olan ikinci bir ölkə yoxdur. Qazın tranzitində maksimum qazanc dünya təcrübəsində ümumi həcmin təxminən 5%-i, maksimum isə 15%-ə qədər olur. Məsələn, biz öz qazımızın tranzitinə görə Gürcüstana natural şəkildə, Türkiyəyə isə pul şəklində təxminən 5% ödəyirik. Bəli, yükdaşıma həcmləri artıb, amma tranzit elə bir şeydir ki, əgər onun kranını açıb-bağlayan ölkələrə milyardlar qazandırsaydı, dünyada heç kim istehsalla məşğul olmazdı. Hamı elə Kürdəmirdəki yol kənarı restoranları kimi oturub avtobusların keçməsini gözləyərdi, pambıq əkməzdi, istehsal yaratmazdı. İllüziyalara qapılmaq lazım deyil".
Töhfə Səməd