Azad edilmiş ərazilərdə 8 şəhərin baş planı təsdiqlənib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesi genişmiqyaslı şəhərsalma yanaşması əsasında aparılır.
Milli koordinatorun sözlərinə görə, azad edilmiş ərazilərdə 750-dən çox qeydiyyata alınmış tarix və mədəniyyət abidəsi yerləşir.
“Onların bir çoxu ötən onilliklər ərzində ciddi zərər görüb. Hazırda 21-dən çox abidə bərpa edilib, yeni memorial komplekslər, muzeylər və mədəniyyət müəssisələri layihələndirilir”.
A.Quliyev onu da əlavə edib ki, azad edilmiş ərazilərdə 8 şəhərin baş planı artıq təsdiqlənib, daha 4 şəhərin planları isə yekunlaşdırılır:
“Ümumi planlaşdırılan şəhər ərazisi 10 min hektardan çoxdur. 2040-cı ilədək bu ərazilərdə əhalinin sayının 354 mindən artıq olacağı proqnozlaşdırılır.
Ağdam azad edilmiş ərazilərin əsas iqtisadi və şəhər mərkəzlərindən biri kimi yenidən qurulur. Şəhər 100 min nəfərlik əhali üçün planlaşdırılıb və təxminən 2 min hektar ərazini əhatə edir. Baş plana əsasən, Ağdamda 3 milyon kvadratmetrdən çox yaşayış sahəsi, 200 hektarlıq sənaye parkı, yaşayış məhəllələri və nəqliyyat infrastrukturu nəzərdə tutulub”.
Komitə sədri vurğulayıb ki, Zəngilan isə “park şəhər” konsepsiyası əsasında inkişaf etdirilir:
“Şəhər 16 min nəfər üçün planlaşdırılıb və 330 hektardan çox ərazini əhatə edir. Bunun 70 hektardan artıq hissəsi ictimai parklar və yaşıllıq zonalarıdır.
Şuşa Azərbaycanın tarixi, mədəni və şəhərsalma irsində xüsusi yer tutur. Şəhər 25 min nəfərlik əhali üçün nəzərdə tutulub və təxminən 300 hektar ərazini əhatə edir. Burada tarixi mərkəzin bərpası, Zəfər Muzeyinin yaradılması, müasir yaşayış məhəllələrinin salınması və turizm infrastrukturunun inkişafı əsas istiqamətlər sırasındadır.
Kəlbəcər isə zəngin təbii ehtiyatları, dağ landşaftı və rekreasiya imkanları nəzərə alınmaqla sağlamlıq və ekoturizm məkanı kimi inkişaf etdirilir”, - deyə A.Quliyev qeyd edib.