Modern.az

Anar Quliyev azad edilmiş ərazilərdə görülən işlərdən danışdı

Anar Quliyev azad edilmiş ərazilərdə görülən işlərdən danışdı

Aktual

Bu gün, 13:48

Azərbaycan artıq beş ildən çoxdur region tarixinin ən genişmiqyaslı və kompleks bərpa-quruculuq proqramlarından birini həyata keçirir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O qeyd edib ki, bu proses vaxtilə dağıntılara məruz qalmış ərazilərin dayanıqlı, inklüziv və gələcəyə yönəlmiş şəhər və kənd icmalarına çevrilməsini hədəfləyir.

“Təxminən 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizə yaxını işğal altında qalıb. Bu dövrdə yüzlərlə şəhər, qəsəbə və kənd dağıdılıb, mühüm infrastruktur sıradan çıxarılıb, mədəni irs obyektlərinə ciddi ziyan dəyib, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb”.

A.Quliyev xatırladıb ki, 2020-ci ildə ərazilərin azad edilməsindən sonra Azərbaycan bərpa, reinteqrasiya və dayanıqlı regional inkişaf mərhələsinə qədəm qoyub:

“Azad edilmiş ərazilərdə dağıntıların miqyası misilsiz idi. 900-dən çox yaşayış məntəqəsi zərər görmüş, bütöv şəhər sistemi fəaliyyətini dayandırmışdı. Ağdam şəhəri bu dağıntıların ən görünən nümunələrindən biridir”.

O həmçinin vurğulayıb ki, bu cür genişmiqyaslı bərpa prosesi güclü institusional koordinasiya və strateji idarəetmə tələb etdiyindən, Prezident Administrasiyasının rəhbərinin başçılığı ilə Əlaqələndirmə Qərargahı yaradılıb:

“Bu mexanizm bütün aidiyyəti dövlət qurumlarını bir araya gətirərək layihələrin əlaqələndirilmiş şəkildə icrasını, monitorinqini və sahədə operativ əməkdaşlığı təmin edir”.

Milli koordinator eyni zamanda azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsinin ən təxirəsalınmaz prioritet olduğunu da qeyd edib:

“Bu ərazilər dünyanın mina və partlamamış sursatlarla ən çox çirklənmiş bölgələri sırasındadır. 900 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlarla çirklənib, təxminən 1,5 milyon minanın basdırıldığı ehtimal olunur”.

Komitə sədri əlavə edib ki, bərpa işləri ilə paralel olaraq, azad edilmiş ərazilərdə yeni idarəetmə modeli tətbiq edilib:

“Prezidentin xüsusi nümayəndələrinin təyin olunması yerli koordinasiyanın gücləndirilməsinə və strateji prioritetlərin yerlərdə daha operativ icrasına imkan yaradıb.

Bundan əlavə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” azad edilmiş ərazilərdə yenidənqurma və məskunlaşma prosesinin əsas strateji çərçivəsini təşkil edir. 2022-ci ildə təsdiqlənən proqram şəhər və kəndlərin yenidən qurulmasını, infrastrukturun bərpasını, məşğulluq imkanlarının yaradılmasını və geri qayıdan icmalar üçün dayanıqlı yaşayış şəraitinin formalaşdırılmasını nəzərdə tutur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı