Son dörd ildə qəbul edilən qərarların mərkəzində vətəndaş amili dayanıb.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
O qeyd edib ki, artıq qərarvermə prosesində “1 dollar” anlayışı insanların şəxsi həyatından itirilən dəqiqələrlə ölçülür.
“Bir nöqtədən digərinə çatmaq üçün əvvəlcə harada dayandığını bilməlisən. Hər hansı şəhərə getmək istəyəndə GPS-ə ünvan daxil edirsiniz, amma əvvəlcə mövcud yerinizi müəyyənləşdirməlisiniz. Eyni yanaşmanı şəhər idarəçiliyinə tətbiq etdik”.
Nazir vurğulayıb ki, həyata keçirilən layihələr çərçivəsində mobil operatorlardan, kommunal xidmətlərdən, tullantı idarəetməsindən, müşahidə sistemlərindən və bələdiyyə şirkətlərindən toplanan məlumatlar əsasında 10 milyard unikal məlumat bazası yaradılıb.
“Vətəndaşların hərəkət marşrutları və nəqliyyat seçimləri ilə bağlı çoxsaylı sorğular da aparılıb. Nəticədə şəhərdə yeni infrastrukturun harada qurulmasının daha effektiv olacağını proqnozlaşdırmağa imkan verən xüsusi rəqəmsal platforma formalaşdırılıb.
Bu sistem bizə hansı ərazidə velosiped zolaqları, əlavə xidmətlər və ya yeni obyektlərə ehtiyac olduğunu müəyyən etməyə imkan verir. Həmçinin hər bir qərarın digər icmalara təsiri də əvvəlcədən hesablanır”.
Nazirin sözlərinə görə, layihəyə başlanılan dövrdə şəhərdə avtomobil və taksilərin ümumi səfərlərdə payı təxminən 50 faiz təşkil edirdi:
“Hazırda bu göstərici 40 faizə yaxınlaşıb və məqsəd 2030-cu ilin sonuna qədər onu 30 faizə endirməkdir.
Əlavə olaraq, yol-nəqliyyat hadisələri nəticəsində ölüm göstəricilərində də azalma müşahidə edilir. Belə ki, 2016-cı ildə hər 100 min nəfərə düşən ölüm sayı 9 idisə, hazırda bu rəqəm 7-yə qədər azalıb. Hədəf isə 2030-cu ilədək bu göstəricini 4-ə endirməkdir”.
R.Nəbiyev şəhər daxilində əsas məqsədin insanların istənilən nöqtəyə 20 dəqiqə ərzində çata bilməsini təmin etmək olduğunu da diqqətə çatdırıb:
“Biz bu ideyaya inanırıq və bu istiqamətdə hərəkət edirik. Plan çərçivəsində əlavə 10 metro stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda şəhərdə 26 metro stansiyası fəaliyyət göstərir və yeni layihələr bu sayın təxminən 50 faiz artırılmasını nəzərdə tutur”.
Nazir eyni zamanda avtobus parkı ilə bağlı da statistik məlumatı da diqqətə çatdırıb:
“Layihəyə başlananda şəhərdə 1700 avtobus fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 2400-ə çatıb. Məqsəd isə 2030-cu ilədək avtobus sayını 3000-ə yüksəltməkdir.
Bu inkişaf yalnız dövlət investisiyası hesabına həyata keçirilmir və özəl sektorun iştirakı da mühüm rol oynayır”.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin sözlərinə görə, hazırda avtobus parkında dövlət və özəl sektorun payı təxminən 50/50 nisbətindədir.
“Bu, vaxtilə verilmiş düzgün qərarlardan biri idi. İlin sonunadək yeni subsidiyalaşdırma mexanizmi tətbiq olunacaq. Yeni sistemdə sərnişini hansı şirkətin daşımasının əhəmiyyəti olmayacaq və subsidiyalar avtobusların qət etdiyi məsafəyə əsasən hesablanacaq”.
Nazir çıxışı zamanı rəqəmsal inkişaf və innovasiya sahəsində də planlardan da bəhs edib:
“Əsas məqsəd ölkədə innovasiya və texnologiya ekosistemini inkişaf etdirmək, istedadlı mütəxəssislər üçün cəlbedici yaşayış mühiti formalaşdırmaqdır.
Bu gün mühəndislər, dizaynerlər və tədqiqatçılar dünyanın istənilən yerində yaşaya bilirlər. İnsanlar həyat keyfiyyətinə üstünlük verirlər. Həyat keyfiyyəti isə CO2 emissiyası, təhlükəsizlik, iş yerlərinə və maraq nöqtələrinə çatım sürəti ilə ölçülür”, - deyə R.Nəbiyev əlavə edib.