Boşanmadan sonra keçmiş həyat yoldaşları arasındakı münasibətlər bitsə də, valideynlə övlad arasındakı bağ və məsuliyyət davam edir. Buna baxmayaraq, bəzi hallarda ana uşağını atanın, nənə-babanın və ya digər yaxınlarının himayəsində qoyaraq onun həyatından tədricən uzaqlaşır. Övladının gündəlik qayğısında və tərbiyəsində iştirak etməyən, onunla emosional əlaqəsini zəiflədən ananın sonradan yeni ailə quraraq həyatını davam etdirməsi isə xüsusilə diqqət çəkən məqamlardandır. Uşağın ana qayğısına ehtiyac duyduğu bir dövrdə belə bir uzaqlaşmanın hansı səbəblərdən baş verdiyi, bunun müvəqqəti emosional vəziyyət, ailədaxili amillər, yoxsa valideynlik məsuliyyətindən yayınma ilə bağlı olduğu psixoloji baxımdan bir sıra suallar yaradır.
Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Nizami Orucov qeyd edib ki, boşanmadan və ya münasibətin bitməsindən sonra ananın övladından emosional və fiziki olaraq uzaqlaşması kifayət qədər mürəkkəb məsələdir.
"Bu davranışı yalnız “ana istəmədi və uşağını tərk etdi” kimi izah etmək düzgün olmaz. Çünki bunun arxasında qadının öz psixoloji vəziyyəti, boşanma prosesinin necə keçməsi, ailədaxili münasibətlər, sosial və maddi çətinliklər, keçmiş münasibətdə yaşanan travmalar və bəzən də dəstək sisteminin olmaması dayana bilər.
Bəzi hallarda qadın boşanmadan sonra emosional olaraq o qədər tükənmiş vəziyyətdə olur ki, valideynlik məsuliyyətini də daşımaqda çətinlik çəkir. Bəzən isə yeni münasibətə və yeni həyata başlamaq keçmişdə yaşanan problemlərdən uzaqlaşmaq yolu kimi qəbul edilir. Bu zaman insan fərqinə varmadan əvvəlki həyatındakı məsuliyyətlərdən də uzaqlaşa bilər".
Psixoloqun sözlərinə görə, səbəb nə olursa olsun, burada uşağın ehtiyaclarını ayrıca nəzərə almaq lazımdır:
"Uşaq üçün valideynin fiziki olaraq yanında olmaması qədər, emosional olaraq əlçatmaz olması da ciddi təsir göstərə bilər. Xüsusilə kiçik yaşlarda uşaq baş verənləri öz üzərinə götürə və “anam məni istəmir”, “məndə problem var” kimi düşüncələr formalaşdıra bilər. Bu da gələcəkdə özünəinamına, münasibətlərinə və tərk edilmə qorxusuna təsir göstərə bilər.
Övladına ehtiyacı olduğunu bildiyi halda uzun müddət onunla maraqlanmamaq müxtəlif psixoloji xüsusiyyətlərlə əlaqəli ola bilər. Məsələn, məsuliyyətdən qaçma, emosional yetkinliyin kifayət qədər formalaşmaması, empati qurmaqda çətinlik, öz ehtiyaclarını uşağın ehtiyaclarından üstün tutmaq və ya həll olunmamış psixoloji problemlər belə davranışda rol oynaya bilər. Lakin konkret bir insanı görmədən onun davranışına əsasən diaqnoz qoymaq doğru deyil".
O bildirib ki, yeni ailə qurmaq isə avtomatik olaraq əvvəlki övlada qarşı məsuliyyət hissinin itməsi demək deyil:
"İnsan yeni həyat qura bilər, amma əvvəlki münasibətdən olan övladına qarşı valideynlik məsuliyyəti davam edir. Problem yeni ailə qurmaqda deyil, yeni həyat qurarkən əvvəlki övladla münasibətin və valideynlik rolunun arxa plana keçirilməsindədir.
Belə davranışın gələcəkdə həm ana, həm də övlad üçün nəticələri ola bilər. Uşaq böyüdükcə anasına qarşı inciklik, güvənsizlik və emosional məsafə formalaşa bilər. Ana isə zaman keçdikcə peşmanlıq, günahkarlıq və ya övladı ilə münasibəti bərpa etmək istəyilə üzləşə bilər. Amma münasibəti sonradan bərpa etmək həmişə asan olmur. Çünki uşağın həyatında illərlə olmayan valideynin yenidən yaxınlaşması onun üçün də qarışıq emosiyalar yarada bilər".
Psixoloq onu da əlavə edib ki, burada ən vacib məqam odur ki, böyüklərin münasibətində yaranan problem uşağın valideynlə münasibətindən ayrılmalıdır:
"Ana ilə ata arasında münasibət bitə bilər, amma valideynlik məsuliyyəti bitmir. Uşağın tərəf seçməyə məcbur edilməməsi, valideynlərin öz şəxsi konfliktlərini uşağın üzərindən davam etdirməməsi və mümkün qədər uşağın emosional təhlükəsizliyinin qorunması vacibdir.
Əgər ana müəyyən səbəblərdən övladından uzaqlaşıbsa, ən sağlam yanaşma bunu əsaslandırmaq və ya günahkar axtarmaqdan əvvəl səbəbləri anlamaq və mümkün olduqda uşağın ehtiyaclarını yenidən mərkəzə gətirməkdir. Çünki uşağın ehtiyacı ideal valideynə deyil, onun həyatında emosional olaraq mövcud, məsuliyyətli və güvən verən valideynədir".