Modern.az

Qiymətlər iki dəfəyə qədər düşüb, bəzi fermerlər gəlir götürmür - deputat

Qiymətlər iki dəfəyə qədər düşüb, bəzi fermerlər gəlir götürmür - deputat

Ölkə

Bu gün, 11:58

Fermerlərin müflisləşməsinin qarşısını almaq üçün dövlət tərəfindən istehsal xərclərini qarşılayan və minimum gəlirliliyi təmin edən qiymət mexanizminin yaradılması təklif olunub.

Modern.az xəbər verir ki, deputat Əli Məsimli Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı bu barədə danışıb.

Deputat bildirib ki, qiymətlərin iki dəfəyə qədər aşağı düşməsi və zərərvericilərin təsərrüfatlara vurduğu ziyan fermerləri narahat edir. Onun sözlərinə görə, qiymətlərin azalması fonunda istehsal xərclərinin artması bəzi təsərrüfatların gəlirsiz qalmasına səbəb olur.

“Elə təsərrüfatlar var ki, ümumiyyətlə gəlir götürmür, yaxud çox kiçik gəlir əldə edir. Bu da ailə təsərrüfatlarının gəlirlərinə mənfi təsir göstərir”, – Əli Məsimli deyib.

O, xüsusilə qiymətlərin aşağı olduğu illərdə fermerlərin müflisləşməsinin qarşısını alan mexanizmlərin qanunvericilikdə nəzərdə tutulmasını vacib sayıb. Deputat ötən həftə mütəxəssis və fermerlərlə görüşlərdə irəli sürülən ideyalar əsasında müvafiq dəyişikliklərin hazırlanmasını məqsədəuyğun hesab edib.

Əli Məsimli fermerlərə maliyyə dəstəyinin məhsul yığımı zamanı deyil, istehsalın ilkin mərhələsində göstərilməsini də təklif edib. Bildirib ki, ilkin mərhələdə verilən dəstək məhsuldarlığın, bunun nəticəsində isə fermerlərin gəlirlərinin artmasına kömək edə bilər.

Deputat zərərvericilərin və təbii fəlakətlərin kənd təsərrüfatına təsirini azaltmaq üçün Aqrar Sığorta Fondunun bitkilərin sığortası xidmətlərindən istifadənin genişləndirilməsini də vacib sayıb.

Əli Məsimli istehlakçıların hüquqlarının müdafiəsi sahəsində yeni qanunun qəbul olunmasını da təklif edib. Onun sözlərinə görə, mövcud qanun 31 il əvvəl qəbul edilib və tətbiqindəki çatışmazlıqlar praktikada hüquqi boşluqlar yaradır.

“Məsələn, vətəndaş nə isə alanda onu 14 gün ərzində qaytarmaq, yaxud dəyişmək hüququ var. Çox təəssüf ki, vətəndaşların çoxu bir sıra hallarda bu hüquqdan istifadə edə bilmir”, – deputat bildirib.

O, geniş əsaslandırmalar və tədqiqatlar aparılmaqla müasir tələblərə cavab verən yeni qanunun hazırlanmasını, istehlakçıların hüquqlarının qorunmasının dövlət səviyyəsində əsas prioritetlərdən birinə çevrilməsini məqsədəuyğun hesab edib.

Deputat müxtəlif illərdə qəbul edilmiş sahibkarlığa dair qanunların bir araya gətirilərək Sahibkarlıq Məcəlləsinin hazırlanmasını vacib sayıb. O, Birja və Bank məcəllələrinin hazırlanaraq qəbul edilməsini də məqsədəuyğun hesab edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!