Modern.az

Mərkəzi Asiya ilə ortaq vizanın yaradılması Milli Məclisdə müzakirə olunacaq

Mərkəzi Asiya ilə ortaq vizanın yaradılması Milli Məclisdə müzakirə olunacaq

Parlament

Bu gün, 17:26

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında vahid elektron ticarət platformasının yaradılmasını, birgə turizm marşrutlarının formalaşdırılmasını və ortaq turist vizasının tətbiqini təklif edib. Təşəbbüslər region ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və turist axınının gücləndirilməsi baxımından önəmli hesab edilir. Məsələlərə parlament səviyyəsində baxılması, qanun layihələrinin qəbul edilməsi də istisna deyil.

Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında vahid elektron ticarət platformasının yaradılması, birgə turizm marşrutlarının formalaşdırılması və ortaq turist vizasının tətbiqi regional iqtisadi əməkdaşlığı gücləndirə bilər:

"Bu təşəbbüslər Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi, yerli istehsalçıların yeni bazarlara çıxışı və turizm gəlirlərinin artırılması baxımından mühüm imkanlar yaradır. Vahid elektron ticarət platforması sahibkarların Mərkəzi Asiya bazarlarına çıxışını asanlaşdıra, əməliyyat xərclərini azalda və ticarət əlaqələrinin inkişafına təkan verə bilər. Vahid elektron ticarət platformasının yaradılması Azərbaycanın qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi və milli istehsalçıların regional dəyər zəncirlərinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə bir mexanizm kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye və digər istehsal sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin Mərkəzi Asiya bazarlarına çıxışını asanlaşdıra, vasitəçilik və əməliyyat xərclərini azalda bilər”.

O vurğulayıb ki, elektron ticarət platformasının Orta Dəhlizin nəqliyyat-logistika imkanları ilə əlaqələndirilməsi Azərbaycanın regional ticarətdə mövqeyini daha da gücləndirə bilər.

R.Muradov birgə turizm marşrutlarının yaradılmasının da iqtisadi baxımdan əhəmiyyətli olduğunu qeyd edib:

"Azərbaycanın mədəni irsi, Xəzər sahili turizm imkanları, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı Mərkəzi Asiya ölkələrinin tarixi və təbii məkanları ilə əlaqələndirilərək xarici turistlər üçün daha cəlbedici marşrutlar formalaşdırıla bilər. Belə marşrutlar turistlərin Azərbaycanda qalma müddətinin uzanmasına, turizm gəlirlərinin artmasına, regionlarda sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər".

Deputat təşəbbüslərin həyata keçirilməsi zamanı hüquqi və texniki məsələlərin də nəzərə alınmasının vacibliyini vurğulayıb:

"Vahid elektron ticarət platformasının fəaliyyəti üçün elektron ödənişlərin tənzimlənməsi, rəqəmsal sənədlərin qarşılıqlı tanınması, gömrük prosedurlarının uyğunlaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq mexanizmlər hazırlanmalıdır. Ortaq turist vizasının tətbiqi isə daha mürəkkəb hüquqi məsələlərlə bağlıdır. Azərbaycanın bir sıra Mərkəzi Asiya ölkələri ilə mövcud vizasız gediş-gəliş rejimi nəzərə alınmaqla, bu mexanizmin əsas üstünlüklərindən biri üçüncü ölkələrdən turist axınının artırılması ola bilər. Ortaq turist vizasının tətbiqi dövlətlərin miqrasiya siyasətinin, sərhəd təhlükəsizliyinin və beynəlxalq hüquqi öhdəliklərinin əlaqələndirilməsini tələb edir. Belə bir mexanizmin hüquqi qüvvəsi, qarşılıqlı tanınma şərtləri, giriş və qalma qaydaları, eləcə də təhlükəsizlik prosedurları dövlətlərarası səviyyədə razılaşdırılmalıdır. Yekun razılaşmaların məzmunundan asılı olaraq, müvafiq qanunvericilik aktlarına dəyişikliklər və beynəlxalq müqavilələrin Milli Məclis tərəfindən təsdiqi məsələsi də gündəmə gələ bilər".

Deputatın sözlərinə görə, bu təşəbbüslərin reallaşması regional əməkdaşlığın iqtisadi nəticələrini gücləndirməklə yanaşı, Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və investisiya cəlbinə də müsbət təsir göstərə bilər.

R.Muradov hesab edir ki, əsas məqsəd regional inteqrasiyanın yaratdığı imkanları konkret investisiya layihələrinə, artan ixrac gəlirlərinə, dayanıqlı sahibkarlıq fəaliyyətinə və yeni iş yerlərinə çevirməkdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Əlibala Məhərrəmzadə bildirib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında vahid elektron ticarət platformasının yaradılması, birgə turizm marşrutlarının qurulması və vahid turist vizasının tətbiqi regionun iqtisadi imkanlarını genişləndirə bilər.

Deputatın sözlərinə görə, turizmin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.

O hesab edir ki, Mərkəzi Asiya ölkələri ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi həm iqtisadi inkişafa, həm də mədəni inteqrasiyaya töhfə verə bilər:

“Sadır Japarovun Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında vahid elektron ticarət platformasının, birgə turizm marşrutlarının və vahid turist vizasının yaradılması ilə bağlı təklifi çox səmərəlidir. Düşünürəm ki, bu, gələcəkdə Azərbaycan üçün böyük iqtisadi imkanlar yarada bilər. Çünki turizmin inkişafı bizim üçün prioritet sahələrdən biridir. Cənab Prezident dəfələrlə qeyd edib ki, turizmin inkişafı Azərbaycan üçün həm iqtisadi prioritet, həm də mədəniyyətimizin inteqrasiyası deməkdir”.

Ə.Məhərrəmzadə qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ortaq turizm marşrutlarının yaradılması turistlərin sayının artmasına və turizm infrastrukturunun inkişafına müsbət təsir göstərə bilər:

“Hazırda dünyada ikili turizm marşrutları böyük maraqla qarşılanır. Düşünürəm ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında da belə marşrutların qurulmasına ehtiyac var. Bu, turizm infrastrukturunun inkişafına əhəmiyyətli töhfə verə bilər. Ümumilikdə, turistlərin sayını artırmaq üçün bütün imkanlardan istifadə etməliyik”.

O, təkliflərin qanunvericilik müstəvisində müzakirəsinə də toxunub:

"Beynəlxalq müqavilələrin ratifikasiyası Milli Məclisin səlahiyyətlərinə aid olduğundan, bu istiqamətdə razılaşmalar əldə ediləcəyi təqdirdə müvafiq sənədlər parlamentdə müzakirə oluna bilər. Sözügedən təşəbbüslərin yaxın müddətdə müzakirəyə çıxarılması mümkündür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...