
Azərbaycan Texniki Universitetində (AzTU) Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə VIII-X sinif şagirdləri arasında 2016-cı ilin yanvar-mart aylarında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilib.
1-ci və 2-ci mərhələdən keçən gənc fiziklərin 3-cü, final mərhələsi aprelin 6-da AzTU-da yekunlaşıb. AzTU-nun rektoru, professor Havar Məmmədov “Gənc fiziklər”lə görüşü zamanı ilk olaraq cəbhədəki uğurlarımıza görə xalqımızı təbrik edib.
Daha sonra rektor bu istedadlı şagirdləri gələcəkdə AzTU-da görmək arzusunda olduğunu bildirib və Universitet haqqında geniş məlumat verib. Rektor Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə diqqət çəkərək gənclərimiz üçün çox böyük perspektivin olduğunu vurğulayıb. Professor Havar Məmmədov gənclərə ordumuzun cəbhədəki uğurlarından danışaraq texnika və texnologiyanın önəminə diqqət çəkib. Rektor bildirib ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən aslıdır. Çıxışının sonunda rektor AzTU-nun dövlət xadimi olan, məşhur məzunlarından danışaraq bugünkü “Gənc fiziklər”ə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə çıxışında məktəblilər üçün yaradılan şəraitə görə öncəliklə Universitet rəhbərliyinə təşəkkür edib.
O, bu layihənin gələcəkdə bir ənənəyə çevrilməsi üçün Bakı Şəhər Təhsil İdarəsinin mexanizm hazırlayacağını bildirib.
AzTU-nun fizika kafedrasının müdiri, professor Eldar Qocayev çıxış edərək bugünkü final mərhələsi testlərinin hazırlanmasında Universitet alimlərinin iştirakını qeyd edib və bildirib ki, testlər fizika fənninin əhatəsini tam əks etdirir. Tədbirdə final mərhələdə iştirak edən şagirdlərə sertifikatlar verilib.
Daha sonra şagirdlər AzTU-nun kompyuter zalında testlə imtahan verərək müsabiqəni yekunlaşıb. Final mərhələdə 24 komandadan ibarət 72 şagird iştirak edib.
