Azərbaycanın Müdafiə Nazirliyi erməni mətbuatının ordumuz tərəfindən işğaldan azad edilən Talış kəndi ətrafındakı yüksəkliklərin yenidən itirilməsi ilə bağlı yazdıqlarının əsassız olduğunu açıqlayıb. Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçən Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır. Bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalan, döyüş qabiliyyətini itirən düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır.
Modern.az