Modern.az

Cəbhə bölgəsindəi dağıdılan evlər bərpa olunacaq

 Cəbhə bölgəsindəi dağıdılan evlər bərpa olunacaq

Təhsil

6 Aprel 2016, 21:14

 

Ermənistan silahlı qüvvələrinin son dörd gündə atəş zərbələri nəticəsində dağıdılan evlər bərpa olunacaq. Modern.az saytının cəbhə bölgəsinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, hazırda düşmənin atəş zərbələri nəticəsində dağıdılan evlərə və digər obyektlərə dəyən zərər müəyyənləşdirilir. Yaxın günlərdə isə evlərin bərpasına başlanılacaq.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olmuş, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəymişdir. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulmuşdur.

Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də Silahlı münaqişələr zamanı mədəni obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilib.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı