Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Firudin Sinirlioğlunun Yerevana səfəri barədə rəsmi məlumat yayıb. Modern.az-a daxil olan məlumatda bildirilib ki, Türkiyənin Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın xüsusi nümayəndəsi kimi aprelin 7-də Ermənistan paytaxtı İrəvana gedib. F.Sinirlioğlu Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan tərəfindən qəbul edilib və baş nazir Ərdoğanın yazılı mesajını prezident Sərkisyana çatdırıb. Görüşlərdə Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına dair müzakirələrdə gəlinən mərhələ barədə fikir mübadiləsi aparılıb, bu proseslə bağlı ortaya çıxan çətinliklərə baxmayaraq, əldə olunan fürsətin qaçırılmaması üçün qarşılıqlı anlayış olduğu bildirilib. Görüşlərdə Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamədində də danışıqlar aparılıb. Həmçinin, baş nazir Ərdoğan və prezident Sərkisyanın 12-13 apreldə Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi zirvəsi zamanı görüşmələri barədə razılıq əldə edilib.