Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə 2010-cu il aprelin 8-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının nümayəndələri üçün xüsusi seminar məşğələ keçirib.
Tədbirdə çıxış edən TQDK-nın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, Ali təhsil və dövlət qulluğu üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun müdiri Natiq Əliyev “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat verib.
Tədbirdə SQK üzvləri ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə də tanış olublar.
Daha sonra A. Bağırov SQK təmsilçilərini maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ali məktəblərinin magistraturalarına ərizə qəbulu aprelin 12-dən 19-dək internet vasitəsilə aparılacaq. Bakalavrlar qeyd olunan müddət ərzində şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olmalı və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurmalıdırlar.
Bundan sonra bakalavrlar TQDK tərəfindən yaradılmış müvafiq Sənəd Qəbulu Komissiyasına tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirməlidirlər.
Ərizə qəbulu ilə bağlı daha geniş məlumat “Magistr” xüsusi buraxılışının 2-ci sayı dərc edilib.
Modern.az