İçərisində Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154 təyyarəsi Rusiyanın Smolensk şəhərində yerə enərkən qəzaya uğrayıb. Qəza nəticəsində prezident, onun xanımı da daxil olmaqla 132 nəfər həlak olub.
Rusiya mətbuatının məlumatına görə, hazırda ilkin istintaq tədbirləri aparılır.
Polşa prezidenti Lex Kaçinski totalitar repressiya qurbanlarının dəfn olunduğu Rusiyada ilk beynəlxalq memorial kompleksin yerləşdiyi Katın qəbristanlığını ziyarət etməyi planlaşdırırmış.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə fövqəladə hallar naziri Sergey Şoyqu hadisə yerinə yollanıb. “Vesti-24” telekanalının verdiyi xəbərə görə isə, Medvedev aviaqəzanın araşdırılması üçün baş nazir Vladimir Putinin rəhbərliyi altında komissiya yaradıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən “RİA Novosti”yə verilən məlumata görə, təyyarə qəzası nəticəsində göyərtədə olanların hamısı həlak olub. Təyyarə Moskva vaxtı ilə 10:50-də hava limanının uçuş-eniş xəttindən 500 metr kənarda yerə düşüb.
Ölənlər arasında Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşından başqa, Baş Qərargahın rəisi Frantişek Qonqor, eks-prezident Rişard Kaçorovski, Polşa Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, Polşa Ordusu diviziyasının yepiskopu, general Tadeuş Ploski, pravoslav ordu yepiskopu və briqada generalı Miron Çodakovski, Milli Bankın sədri Slavomir Skşipek, digər rəsmi şəxslər və ictimai xadimlər var.