Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin yekun nəticələri elan olunub.
Modern.az xəbər verir ki, şagirdlər //fenn-musabiqeleri2026.onrender.com/ platformasında ÜTİS kodları vasitəsilə daxil olub şəxsi kabinetlərində yekun nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, ilkin nəticələrlə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilib. Daxil olan bütün müraciətlər araşdırılaraq cavablandırılıb. Müraciətlərin nəticələri nəzərə alındıqdan sonra istiqamətlər üzrə yekun nəticələr formalaşdırılıb. Beləliklə:
1–7-ci yerləri tutmuş və 7-ci yerlə eyni bal toplamış şagirdlərin qızıl medal;
8–21-ci yerləri tutmuş və 21-ci yerlə eyni bal toplamış şagirdlərin gümüş medal;
22–42-ci yerləri tutmuş və 42-ci yerlə eyni bal toplamış şagirdlərin bürünc medalla təltif olunması qərara alınıb.
Nəticələr növbəti həftə ərzində şagirdlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərində də əks olunacaq.
Respublika Fənn Müsabiqələrinin qalibi olmuş və təhsilini lisey, yaxud gimnaziyada davam etdirmək istəyən şagirdlər 1 iyul 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Təhsil İnstitutunun elektron poçtuna ([email protected]) ərizə ilə müraciət etməlidirlər. Daxil olmuş müraciətlər müvafiq ümumtəhsil müəssisələrində mövcud vakansiyalar, eləcə də şagirdin qalib olduğu fənn istiqaməti nəzərə alınmaqla qiymətləndiriləcək və nəticəsi barədə müraciət edənlərə məlumat veriləcək.