
Ermənistan tərəfinin Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Münaqişənin sülh yolu ilə nizamlanması prioritet məsələ olsa da, işğalçılıq siyasətinə son qoyulmayıb.
Atəşkəsin elan olunmasından bu günə kimi qoşunların təmas xəttində nisbi sakitlik bərqərar olmayıb. 1994-cü ildə imzalanan “Bişkek” protokolu tərəfləri sülhə səsləsə də, Ermənistan ordusu bu razılaşmanı vecinə almır. Bir sözlə, düşmən ordusunun mövqelərimizi atəşə tutması hallarına mütəmadi təsadüf edilir.
Dünən Ermənistan ordusunun növbəti provakasiya xarakterli təxribatının qarşısı alınıb. Azərbaycan səmasını ciddi pozan erməni vertolyotu anında vurulub. Təbii ki, Ermənistan mətbuatı vurulan hərbi vertolyotun guya separatçı “Dağlıq Qarabağ Respublikası”na məxsus olduğunu söyləsə də, həlak olan hərbçilərin Ermənistan Silahlı Qüvvələrinin hərbçisi olduğundan əlavə fikir söyləməyə ehtiyac yoxdur.
Vertolyotun vurulması beynəlxalq təşkilatları da ciddi narahat edir. Bəs, düşmən vertolyotunun vurulması Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilərmi? Modern.az saytı məsələyə müxalifət partiyalarından münasibət öyrənib.
Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı vertolyotun vurulmasının münaqişənin həllində dönüş nöqtəsi ola biləcəyinə inanmır: “Ermənistan tərəfi Azərbaycan səmasını ciddi pozub. Bunun qarşılığında düşmən ordusu layiqli cavabını alıb. Amma erməni vertolyotunun vurulması münaqişənin həllində dönüş nöqtəsi ola bilməz. Sadəcə olaraq, Azərbaycan tərəfi yerində və doğru addım atıb”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı düşmən vertolyotunun vurulmasını təqdirəlayiq hal hesab edir: “Ermənistan vertolyotunun vurulmasına o dərəcədə dərin məna yükləməyə dəyməz. Sadəcə olaraq, qapalı və işğal olunmuş ərazilərdə Azərbaycan tərəfinin razılığı olmadan bu düşmən tərəfindən həyata keçirilirsə, həmin vertolyotun vurulması təqdir olunmalıdır. Bu, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalçılarının təzyiqlərinə cavab kimi qiymətləndirilməlidir. Atəşkəs sazişi imzalanandan bu günə kimi işğal olunan ərazilərdə davamlı olaraq atəşkəs pozulub. Bu dəfə atəşkəsin pozulması nəticəsində erməni tərəfinin verdiyi itki yerinə düşüb. Ermənilərin Azərbaycan sərhədini pozması xroniki hal alıb. Münaqişə həll olunmayana qədər bu cür hallar davam edəcək. Əsas odur ki, münaqişənin həllindən söhbət gedirsə, Azərbaycan tərəfi öz hərbi potensialını artırmalı, danışıqlar yolu ilə beynəlxalq səviyyədə öz mövqeyini gücləndirməlidir. İndiki situasiyada görünən odur ki, Ermənistan danışıqlar prosesində güzəştə vadar etmək mümkün deyil. Münaqişənin həllindən söhbət gedirsə, bu məsələdə Azərbaycan tərəfi çox çalışmalıdır”.
Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxan azərbaycanlı hərbçiyə medal verməyi məsləhət görür: “Ermənistan vertolyotunun vurulması heç bir halda Qarabağ problemini həll etmir. Bunu kiçik bir epizod kimi qəbul etmək lazımdır. Amma bizim hərbçilərimizi alqışlayıram. Erməni vertolyotunu vuran əsgərə, hərbçiyə və o əmri verən komandirə halal olsun! Düz ediblər. “Hayastan” vertolyotunun Azərbaycan səmasında nə işi var?! Hər sərhədi pozanda onları vurmaq lazımdır ki, yerlərini bilsinlər. Həmin hərbçiyə təkcə mükafat yox, həm də medal vermək lazımdır”.
ADP Sərdar Cəlaloğlunun fikrincə, vertolyotun vurulmasından sonra Azərbaycan tərəfi bir qədər ayıqlıq nümayiş etdirməlidir: “Əlbəttə, vertolyotun vurulması münaqişənin həllində dönüş nöqtəsi ola bilər. Bir məsələni də qeyd edim. Rusiya bu faktdan istifadə edib Azərbaycana qoşun yeritmək, Qarabağ münaqişəsini yenidən alovlandırmaq və özünün Ukraynada apardığı siyasi oyunları beynəlxaq ictimaiyyətin gözündə arxa plana çevirmək istəyə bilər. Əlbəttə, Rusiyadan hər cür murdar hadisə gözləmək olar. Amma bundan belə istifadə etməyəcəklərsə, dönüş nöqtəsi yarana bilməz. Belə hesab edirəm ki, Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə cəhd edilirsə, bu zaman hər hansı bir insident, atəşkəsin pozulması, qarşılıqlı əsirlərin götürülməsi, bir-birinə qarşı hərbi müdaxilələr yolverilməzdir. Bu həm Ermənistana, həm də Azərbaycana aiddir. Beynəlxalq ictimaiyyət bu məsələni ciddi nəzarətə almalıdır. Çünki həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyətdə kifayət qədər Rusiya meyyli qüvvələr var. Bunlar Rusiyanın tapşırığı ilə öz ölkələrinin maraqlarını arxa plana çevirib istənilən provakasiyaya gedə bilərlər. Bizdə Əbülfəz Elçibəyin vaxtında Azərbaycanda baş verən hadisələrin Rusiya tərəfindən idarə olunan yüksək rütbəli məmurların, nazirlərin əli ilə həyata keçirdiklərini dəqiq bilirik. Bu baxımdan vertolyot hadisəsinə də birmənalı baxmaq olmaz. Bu bir provakasiya ola bilər. Bundan Rusiya çox böyük müvəffəqiyyətlə istifadə edə bilər. Çox ehtiyatlı olmaq lazımdır. Xüsusən Ukrayna hadisələri saf-çürük olmayana,Yaxın Şərqdəki hadisələr öz məntiqi sonluğuna çatmayana qədər Azərbaycan istər Qarabağ münaqişəsində, istərsə də daxili münasibətlərdə mümkün qədər təmkinli mövqe nümayiş etdirməlidir. Kənardan Azərbaycana baxmaq lazımdır. Eləcə də Azərbaycandan kənara baxmaq lazımdır. Erməni vertolyotunun vurulması, 5 erməni əsgərinin öldürülməsi hakimiyyətin aktivinə yazıla bilər. Tarix göstərir ki, bu cür addımlardan sonra dövlətlər çox böyük itkilərə məruz qalıb. Bu gün bir erməni vertolyotu vurarsan, bu, təxribata əsas verərsə, o zaman İkinci Dünya Müharibəsi kimi ağır nəticələri olan prosesə çevrilə bilər. Bir vertolyot itkisi xalqın və dövlətin məhvinə səbəb ola bilər. Ona görə düşünürəm ki, bu məsələlərə soyuqanlı yanaşmaq, eyni zamanda alqışlamaq lazımdır. Azərbaycanın hərbi hava məkanı pozulduğundan Azərbaycan tərəfi çox düzgün addım atıb. Dərhal beynəlxalq ictimaiyyətə bu addımın nəyə görə atıldığını əsaslandırmaq lazımdır”.
Namidə BİNGÖL