Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi ötən ildən həyata keçirməyə başladığı “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün tərbiyə qaynağımızdır” layihəsini bu il də uğurla davam etdirir. Bu günlərdə məclis təmsilçiləri qocaman yazıçı-jurnalist, tarix elmləri doktoru Sabir Gəncəlini yaşadığı mənzilində ziyarət etmiş, son illərdə yaradıcılığını ev şəraitində davam etdirən 85 yaşlı həmkarımıza media ictimaiyyətinin ehtiramını və xoş arzularını çatdırıblar.
Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov və onun müavini Məzahir Süleymanzadə uzun illər Azərbaycan jurnalistikasının inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomunu və hədiyyəsini Sabir Gəncəliyə təqdim ediblər. Qocaman jurnalist göstərilən sayğıya görə razılığını bildirmiş, AJM-ə xeyirxah fəaliyyətində uğurlar arzulamış, son kitablarını qonaqlara hədiyyə edib.Sabir Gəncəli BDU-nun jurnalist ixtisaslı məzunlarından biri kimi, 60 ildən artıqdır ki, milli mətbuatmızın inkişafına bacardığı köməyi əsirgəməyib. “Bakı”- “Baku” qəzetlərinin özülünü qoyanlardan biri olmuş, uzun illər populyar “Azərbaycan qadını” jurnalının əsas ağırlığını daşımış bu insan bilikli, məsuluyyətli, milli dəyərlərimizə dərindən bağlı, cəfakeş jurnalist kimi hər bir cavan qələm sahibi üçün ustad sayılancaq ziyalıdır.
Modern.az