Modern.az

Arsen Baqdasaryanı Dilqəm və Şahbazla dəyişdirmək olarmı? - Deputatdan AÇIQLAMA

Arsen Baqdasaryanı Dilqəm və Şahbazla dəyişdirmək olarmı? - Deputatdan AÇIQLAMA

Təhsil

16 Fevral 2015, 16:03

2014-cü il dekabr ayının 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Arsen Baqdasaryanı hərbi qulluqçularımız yaxalayıb. Həmin fakt üzrə Azərbaycanın Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7, 29,120.2.12 və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.

Arsen Baqdasaryanın cinayətkar fəaliyyətlərinə görə həbs edilməsinə münasibət bildirən, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mizəzadə Modern.az-a deyib ki, cinayətkar yüksək səviyyədə cəzalandırılacaq: “Cinayət Azərbaycan ərazisində törədildiyinə görə çox düzgün olaraq proses Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılır və cinayətkar yüksək səviyyədə cəzalandırılacaq. Çünki o, Azərbaycana qarşı öncədən düşünülmüş təxribatlar törətməyə cəhd edib. Ermənistanda Azərbaycana qarşı bir çox mənfur planlar planlaşdıra bilərlər, lakin Azərbaycanda artıq oturuşmuş ciddi dövlət qurumları var və hər bir təxribat cəhdinin qarşısını almağa qadirdirlər”.

Arsen Baqdasaryanın Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi ilə bağlı fikirlərinə münasibət bildirən Aydın Mirzəzadə deyib ki, o, ilk növbədə məhkəmə qarşısında cavab verməlidir və ondan sonra digər proseslərə baxıla bilər: “Ortada onun Azərbaycan ərazilərində təxribat planlaşdırması faktı var və buna görə cavab verməlidir”.

Doğmalarının qəbirlərini ziyarət etmək məqsədilə Kəlbəcərə gedərkən separatçı rejimin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Arsen Baqdasaryanın dəyişdirilməsi mövzusuna toxunan sədr müavini bildirib: “İlk növbədə, onların hərəkətlərində çox böyük fərq var. İki nəfər Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Bu isə beynəlxalq normaların pozulmasıdır. Dəyişdirmə məsələsinə gəldikdə, dünyada hamının hamıya dəyişdirilməsi deyilən bir anlayış yoxdur, bu artıq ayrıca baxılacaq məsələdir”.

Xatırladaq ki, istintaqla müəyyən edilib ki, Ermənistanda xüsusi təlim keçmiş Arsen Baqdasaryan Ermənistan tərəfindən qanunsuz olaraq Azərbaycanın işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən silahlı cinayətkar birliyin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün 1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərərkən, birliyin rəhbəri - hərbi hissə komandirindən (adı istintaqa bəllidir) Azərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, ölkəmizin müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstəriş alıb.

Bu məqsədlə Baqdasaryan cinayətkar birliyin digər üzvləri (onların ad və soyadları istintaqa bəllidir) ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçib Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “Fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini hərbi qulluqçularımızın daha çox gedib-gəldiyi səngər yollarında basdırdıqdan sonra geri qayıtmaq istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində tutulub və onun tərəfindən basdırılan minalar zərərsizləşdirilib.  

Törətdiyi cinayətlərə görə Baqdasaryana Azərbaycan CM-nin 218.2., (Cinayətkar birlik - təşkilatda iştirak etmə) 29,120.2.1., (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə) 29,120.2.7. (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) 29,120.2.12., (milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə) və 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin, dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan olunmuş və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.    

Arsen Baqdasaryan ilkin istintaq zamanı ətraflı məlumat verib və istintaqın sonrakı gedişində törətdiyi cinayətləri könüllü etiraf edib. Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək.

Şahin Qocayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı