Modern.az

Əliağa Şıxlinski ilə Nuru paşa hamını heyrətləndirdi...

Əliağa Şıxlinski ilə Nuru paşa hamını heyrətləndirdi...

Təhsil

17 Fevral 2015, 10:49

Qazax Xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü,                         

Arzuman  Abdulkərimov

Bir həftə öncə Qazax rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax şəhərində general Əliağa Şıxlınskinin 150 illik yubileyi münasibətilə tədbir keçirildi.

Öncə İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov gələn qonaqları qarşıladı, hamı birlikdə ulu öndər Heydər Əliyevin büstünu ziyarət etdi və büstün üzərinə güllər düzüldü.

Sonra qonaqlar şəhərlə tanış oldular. Qazax yaxşı mənada çox dəyişib, təbii ki, bu da orada görülən işlərin nəticəsidir. Ən diqqətçəkən və ədəbi bədii məzmunu ilə hamını düşüncələrə qərq edən yerlərdən biri yeni salınan “Mütəfəkkirlər bağı”dır. Görənlər bilir, bu bağda tanınmış Qazax ziyalılarının büstləri qoyulub. Mütəfəkkirlərin əksəriyyəti dünyasını dəyişmiş dahilər olsa da aralarında günümüzün tanınmışları da var- Akademik Teymur Bünyadov və Aşıq Ədalət.

Əlbəttə akademikin öz büstü üzərinə əklil qoyması anı hamının diqqətini çəkdi və bu, heç şübhəsiz, bənzərsiz bir hadisə kimi yaddaşlarda qalacaq. Həmin vaxt Aşıq Ədalət orada olmadığından akademik Teymur Bünyadov onun büstü üzərinə də gül qoydu.

Bundan sonra qonaqlar tədbirin təşkili olunduğu Qazax olimpiya idman kompleksinə gəldilər. Tədbiri giriş sözü ilə Qazax rayonu icra hakimiyyətinin başçısı Ayaz Əsgərov və müdafə nazirinin müavini general leytenant Kərim Vəliyev açdılar. Natiqlər generalın keçdiyi həyat yolu haqqında qonaqlara bilgilər verdilər və Azərbaycan  Respublikasinın prezidenti İlham Əliyev cənablarına belə bir tədbirin keçirilməsi üçün sərancam verdiyinə görə öz təşəkkürlərini bildirdilər. İki saat davam edən tədbir çox duyğulu anlarla yadda qaldı. Tədbirdə fəxri qonaqlardan millət vəkili Əhməd Vəliyev, millət vəkili Xanhüseyin Kazımlı, Akademik Teymur Bünyadov , Qazax xeyriyyə cəmiyyətinin sədri Vidadi Bayramov, Azərbaycan  güləş federessiyasının böyük məşqçisi Firdovsi Umudov,  generalın yaxın qohumu kinorejissor Ziya Şıxlınski iştirak edirdilər.

Qeyd elədiyim kimi tədbir hamıya duyğulu anlar yaşatdı. Əliağa Şıxlınskinin obrazı səhnəyə çıxanda mən tədbir iştirakçılarının çoxunun gözlərinin dolduğunun şahidi oldum.

Əliağa Şıxlinski Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi nazirinin müavini olub. O, zamanında rus ordusunda xidmət edib. Onun Qazax yetirməsi olması qazaxlılar üçün qürur verirdi.

Mən bu məsələnin mahiyyətini başqa tərəfdən də görürəm. Bu gün Qazax sərhəd zonası olaraq ermənilər tərəfdən atəşə tutulur. Düşmən biz tərəfdən layiqli cavabını alır. Deməli, bizlər bir növ Əliağa Şıxlinskini yad etməklə, ermənilərə bir mesaj vermiş olduq ki, belə generalları olan xalqa qalib gələ bilməzsiniz.

Ermənilər bu tədbir keçirilən saatlarda da atəşkəsi pozurdular, biz bunun şahidi olduq. Atışma səsi rayon mərkəzində aydınca eşidilirdi. Ancaq sanki Əliağa Şıxlinski sağ idi və hamımız onun timsalında bu torpağın layiqli oğullarının gec-tez düşmənə cavab verəcəyini anlayırdıq.

Aktyor Əliağa Şıxlinski obrazını çox gözəl yaratmışdı. Əfsanəvi general obrazı toplantı iştirakçılarında böyük ruh yüksəkliyi yaratmışdı. Bu səhnələşdirilmiş bir tədbir idi, aparıcı da hamımızın tanıdığı, təqdimatına ehtiyac olmayan Abdulla Qurbani idi.

Müdafiə Nazirinin müavini general leytenant Kərim Vəliyev, millət vəkili, Qazax Xeyriyyə Cəmiyyətinin üzvü Əhməd Vəliyev, deputat Xanhüseyn Kazımlı, general Əliağa Şıxlinskinin qohumu rejissor Ziya Şıxlinski çıxış etdilər.

2 saat davam edən tədbir olduqca gözəl və duyğulu keçdi. Mən hətta orada iştirak edən fəxri qonaqlardan bir neçəsinin gözünün dolduğunu gördüm.

İdmançılar adətən möhkəm adamlar olurlar. Cəngi sədalarıyla Əliağa Şıxlinski obrazını ifa edən şəxs səhnəyə gələndə milli güləş üzrə yığmamızın böyük məşqçisi Firdovsi Umudov göz yaşlarını silirdi.

Mənim üçün ən duyğulu məqamlardan biri Şıxlinski ilə Nuru paşanın qarşılaşması oldu.


Orada generallar bir fikir səsləndirdilər, “Biz bir millət, iki dövlətik ” dedilər. Doğrudan da düşünürəm ki, Türkiyə ilə münasibətlər 1918-20 -ci illərdə necə səmimi olubsa, bu gün də elədir.

O dövr üçün Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir. 21-ci əsrin əvvəllərində isə Ulu Öndərimiz Heydər Əliyev “Bir millət, iki dövlət” düsturunu bizə verdi.

Səhnədə Nuru paşanın Şıxlinskini təbrikə gəlməsi məqamını bütün zal ayaqda alqışladı. Sanki, Nuru paşanı görmüş kimi idik.

Tədbir çox yüksək dərəcədə hazırlanmışdı, şəxsən mən 1-2 gün o səhnələrin təsirindən çıxa bilmirdim. Aktyorlar səhnəyə bizim cümhuriyyət dövründəki ordumuzun geyimində çıxdılar, müasir ordumuzun əsgərləri isə indiki hərbi geyimdə idilər. Sanki hərbi parad keçirilirdi.

Ağsaqqal bir kişini dəvət etdilər ki, Əliağa Şıxlinskiyə gül təqdim etsin. 90-dan çox yaşı olardı o ixtiyarın... üzündə elə bir ifadə var idi ki, elə bil qarşısındakı Əliağa Şıxlinski özü idi. Bağrına basıb ağlayırdı...

Son illər belə təsirli tədbir olmamışdı, çox yüksək səviyyədə təşkil olunmuşdu hər şey.

Tədbirdən sonra çox insanlarla söhbət etdim. Qazağın 7 kəndi işğal altındandır. Ancaq Bakıda yaşayan qazaxlılar, ziyalılar daim bu məsələni diqqətdə saxlayırlar ki, insanlarda ruh düşkünlüyü yaranmasın .

Biz inanırıq ki, cənab Prezidentin başçılığı ilə qələbə sevincini yaşayacağıq.

Hər bir qazaxlı cəbhə bölgəsində vuruşmağa hazırdır. Mən özüm 1992-ci ildə birinci Qarabağ savaşında iştirak edəndə 20 yaşım var idi. Xaraktercə hərbə meylli adamam. Deyirlər hərb tərəfdarı olan birinin içində gərək sülh yaşasın. Bu gün torpağımız işğal olunubsa, hansı sülhdən danışa bilərik?  Son dəfə atəşkəs pozulanda, bizim böyük Cəfərli kəndindən də bir şəhidimiz oldu. O şəhidin ailəsi hər zaman dövlətimizin diqqətindədir. Təbii ki, hər bir vətəndaş da şəhid ailələrimizə diqqətli olmalıdır. Bu, bizim borcumuzdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı