Modern.az

Siyavuş Novruzov ad günündən danışdı: “Təmtəraqlı məclislərin həvəskarı deyiləm”

Siyavuş Novruzov ad günündən danışdı: “Təmtəraqlı məclislərin həvəskarı deyiləm”

Təhsil

17 Fevral 2015, 11:51

“Dünən gecə 12-dən sonra təbriklər gəlməyə başladı. Birinci ailə üzvlərim təbrik etdi. Oğlum səhər dərsə gedəndə təbrik etdi. Bu gün səhərdən başlayaraq isə dostlar bir-bir təbrik edir”.
Bunu Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov 46 yaşının tamam olması münasibəti ilə edilən təbriklər barədə danışarkən deyib.

“Mənim üçün doğum günü elə sadə gün deməkdir. Ad günləri keçirməyə o qədər də həvəsli deyiləm. Elə insanlar var ki, bütün dost-tanışı, qohumları başına yığıb təmtəraqlı ad günü keçirir. Mən isə belə məclislər keçirməyi sevmirəm. Uzaqbaşı ailə üzvlərim və dostlarım yanımda ola bilər. Əslində, doğum günü keçirmək insanın xarakterindən asılı olan məsələdir. Mənim belə həvəskar olmamağım işimlə bağlı deyil. Əksinə, iş adamları böyük doğum günləri keçirməyi daha çox sevir. Mənim isə əvvəldən həvəsim olmayıb. Tələbə olanda, yataqxanadakı 3-4 dostla oturub kiçik məclis qurmuşuq. Vəssalam”.  

“Doğum gününüzdə hədiyyə almağı sevirsinizmi” sualına deputat belə cavab verib.

“Doğum günündə hədiyyə almağın tərəfdarı deyiləm. Ad günlərini ümumi qeyd edirik ki, yadda qalsın. Keçmişdə yadımda hədiyyə olaraq mənə bir kitab bağışlanması qalıb. Bir dəfə Hüqonun “Səfillər” romanını mənə hədiyyə etmişdilər. O vaxtlar həmin kitab 2 hissədən ibarət idi. Həmin kitab mənə hədiyyə ediləndə sevincimin həddi-hüdudu yox idi. Çünki o kitab asanlıqla tapılmırdı. Mənə elə gəlir ki, qalan məsələlər adi bir şeydir”.

Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. İlk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi. 2005-ci ildə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. 2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə 3-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat olub. O, hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda parlamentin İntizam komissiyasının sədridir.

Ailəlidir. 1 oğlu və 1 qızı var.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı