Milli Azərbaycan Tarixi Muzeyinin elmi katbi Fərhad Cabbarov muzeyin Qarabağı təbliği istiqamətində fəaliyyəti ilə bağlı Modern.az-a məlumat verib. Onun sözlərinə görə, Azıx mağarasından tutmuş Azərbaycan Xalq Cümhuriyyətinə qədər Qarabağa aid olan eksponatlar muzeydə ziyarətçilərə təqdim olunur: “İnstitut və universitetlərdən fərqli olaraq muzeydə vəziyyət başqa cürdür. Belə ki, biz canlı faktlarla, yəni eksponatlarla nəyisə çatdırmaq istəyirik. Qarabağa aid eksponatların artırılması ilə mütəmadi məşğul oluruq”.
Elmi katibin dediyinə görə, muzeyin girəcəyində iki xəritə yerləşdirilib: “Bunlar Azərbaycanın kosmosdan görünüşünü əks etdirən və işğal altında olan rayonların xəritələridir. Muzeyə gələn xarici turistlərə əvvəlcə həmin xəritə göstərilir və işğal altında olan 20 faiz torpaqlar barəsində məlumat verilir. Bundan başqa, Qarabağa aid olan hər bir eksponatdan danışanda, o yerlərin işğal altında olmasını da vurğulayırıq. Bu, xaricdən gələn turistlərin bəziləri üçün çox qeyri-adi olur. Elələri var ki, məlumatsız olurlar. Amma bizim muzeydə hərtərəfli məlumatlandırılırlar”.
Elmin NURİ